Sığorta sahəsində tez-tez işlənən 10 maraqlı termin! | Banco.az

Sığorta sahəsində tez-tez işlənən 10 maraqlı termin!

Sığorta sahəsində bir-birindən vacib çoxlu terminlər vardır. Bu gün Banco.az olaraq terminlər lüğətindən 10 ən çox işlənən termini seçərək sizlərə təqdim edirik. Ümid edirik, karyeranızda faydası olar. 

1) Təminat Şəhadətnaməsi - Sığorta brokerinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta (təkrarsığorta) risklərinin yerləşdirilməsini təsdiq edən, habelə risklərin yerləşdirilməsinin təfərrüatını əks etdirən sənəd.

2) Subroqasiya - Sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsi.

3) Portfel - Müvafiq dövr ərzində sığortaçının (təkrarsığortaçının) bağladığı sığorta (təkrarsığorta) müqavilələrinin məcmusu. 

4) Müqavilə ili - Bir il və ya daha çox müddətə bağlanmış sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən etibarən keçən hər 12 ay ərzindəki müddət.

5) Komisyon - Sığorta və ya təkrarsığorta müqavilələrinin bağlanmasında göstərilən vasitəçilik xidmətinə görə, adətən həmin müqavilə üzrə daxil olan sığorta və ya təkrarsığorta haqqının razılaşdırılmış faiz nisbətində sığorta brokerinə və ya sığorta agentinə ödənilən məbləğ.

Ən sərfəli kredit üçün müraciət et

6) İddia müddəti - Sığorta müqaviləsinə əsasən sığortaçının sığorta ödənişini həyata keçirmək vəzifəsinin yarandığı andan sığortalının həmin ödənişin həyata keçirilməsini tələb etmək hüququnun son tarixinədək olan müddət.

7) Məcmu kapital - Sığortaçının aktivlərinin müxtəlifliyi, etibarlılığı, likvidliyi və digər keyfiyyət meyarları nəzərə alınmaqla hesablanan dəyəri.

8) Qaytarılan məbləğ - Həyatın yığım sığortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verilərkən aktuar metodlar əsasında sığorta müqaviləsinə xitam verilmə tarixinə hesablanmış sığorta ehtiyatının sığortalıya ödənməli olduğu hissəsi.

9) Faydalanan şəxs - Sığorta hadisəsi baş verdikdə sığorta ödənişini almaq hüququ olan şəxs.

10) Sığorta tarifi - Sığorta haqqının hesablanması üçün sığorta predmetinin və sığorta riskinin xarakteri nəzərə alınmaqla sığorta məbləği vahidinə tətbiq edilən müvafiq dərəcə

Ən sərfəli krediti almaq üçün müraciət et