Sığorta müsahibələrində sizdən ən çox soruşulan 8 məsələ tipi | Banco.az

Sığorta müsahibələrində sizdən ən çox soruşulan 8 məsələ tipi

Yəqin ki, tez-tez sığorta şirkətlərinin müsahibələrinə dəvət olunursunuz. Əminəm ki, müsahibələrdə sizə çətin sığorta terminləri barədə soruşurlar və sizdən izah gözləyirlər. Araşdırmamıza görə 8 sığorta məsələsi var ki, müsahiblər tərəfindən ən çox soruşulanlar bazasına daxil olub. Gəlin onlarla tanış olaq.

1) Sual: Şəxs öz mənzilinin sığortalanması barədə sığortaçı ilə müqavilə bağlayır. Sığorta müddəti ərzində yanğın baş verir və şəxs sığortaçını bu barədə dərhal xəbərdar edir. Bundan sonra o, sığortaçıya sığorta ödənişinin verilməsi barədə yazılı formada müraciət edir. Bu müraciət həm adi ərizə və ya məktub formasında, həm də sığortaçının verdiyi, sığorta hadisəsi barədə standart blankın doldurulması və imzalanması yolu ilə təqdim edilə bilər. Bu müraciət tipinə sığortada nə ad verilir? 

Cavab:  Formasından asılı olmayaraq, sığortaçıya təqdim olunan bu cür yazılı müraciət sığorta tələbidir.

2) Sual: Şəxs sığorta şirkətinə gəlir və mənzilini 30.000 manat məbləğində sığorta etdirmək niyyətini bildirir. Yəni onun mənzilinə sığorta müddəti ərzində müəyyən risklərdən dəyə biləcək zərərlərin əvəzinin həmin məbləğ həddində sığortaçı tərəfindən ödənilməsini istəyir. Sığortaçı ona bildirir ki, mənzillərin sığortaçı üçün ilk dəfə müraciət edən müştərilərinə 0,6% sığorta tarifi müəyyən edir. Şəxs sığorta təminatı almaq istədiyi məbləğ üçün nə qədər sığorta haqqı ödəməlidir?

Cavab:  Şəxs sığorta təminatı almaq istədiyi məbləğ 30.000 manatdır, lakin burada 0,6% sığorta tarifi tətbiq edildiyindən (30.000x0,6%=180 manat), bu təminat üçün  180 manat  sığorta haqqı ödəməli olur.

3) Sual: Şəxs sığortaçı ilə 12 ay müddətinə əmlak sığortası müqaviləsi bağlayır və 480 manat məbləğində sığorta haqqı ödəyir. 6 ay sonra şəxs sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi təşəbbüsü ilə sığortaçıya müraciət edir.  Bu zaman şəxsə nə qədər sığorta haqqı geri qaytarılacaq?

Cavab : Bu zaman sığorta haqqının 6 aya düşən hissəsi (480/12x6=240 manat), həmçinin sığorta müqaviləsi ilə bağlı sığortaçının xərclərinin (bu xərclər 20% olduqda, baxılan halda 96 manatın) həmin müddətə düşən hissəsi (96/12x6=48 manat – cəmi 288 (240+48) manat) çıxılmaqla sığorta haqqının qalan məbləği (480-288=192 manat) şəxsə geri qaytarılır.

4) Sual: Sığortaçı 100 sığorta müqaviləsi üzrə 600.000 manat sığorta haqqı alır. Sığorta müqavilələrinin bağlandığı andan sığortaçı daxil olan sığorta haqları vəsaitinin 20%-ni (120.000 manat hissəsini) əldəetmə xərclərinə hesablayır, bəs qalan 80% nə üçün istifadə ediləcək?

Ən sərfəli kredit üçün müraciət et

Cavab: Qalan 80%-ni (480.000 manat hissəsini) həmin müqavilələr üzrə baş verə biləcək sığorta hadisələri üzrə zərərlərin əvəzinin ödənilməsi üçün sığorta ehtiyatı kimi formalaşdırır. 

5) Sual: “A” sığortaçının balans üzrə aşağıdakı aktivləri var: dövlət qiymətli kağızları – 500.000 manat, bank hesablarındakı pul vəsaitləri – 300.000 manat, daşınmaz əmlakı – 1.500.000 manat, qeyri-dövlət qiymətli kağızları – 200.000 manat və digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 100.000 manat olmaqla, cəmi 2.600.000 manat təşkil edir. Onun sığorta ehtiyatları ümumi məbləği 1.500.000 manat, kreditor borcları isə 600.000 manat təşkil edir. Belə olan halda “A” sığortaçının öz vəsaiti  nə qədər təşkil edir?

Cavab: “A” sığortaçının öz vəsaiti 500.000 manat (2.600.000-1.500.000-600.000=500.000 manat) təşkil edir.

6) Sual: Şəxs öz mənzilini 40.000 manat məbləğində 12 ay müddətinə A sığortaçıda sığorta etdirir və 200 manat sığorta haqqı ödəyir. A sığortaçı öz risklərinin 25 faizini B təkrarsığortaçıya ötürür. Bu halda ödənilmiş sığorta haqqının nə qədəri  təkrarsığorta haqqı kimi B təkrarsığortaçıya ödənilir?

Cavab:  Ödənilmiş sığorta haqqının 50 manatı (200x25%=50 manat) da təkrarsığorta haqqı kimi B təkrarsığortaçıya ödənilir. Sığorta hadisəsi nəticəsində mənzilə 20.000 manat həcmində zərər dəyərsə, A sığortaçı zərərin əvəzinin ödənilməsi üçün sığortalıya verdiyi məbləğin 25%-ni, yəni 5.000 manat hissəsini (20.000x25%=5000 manat) B təkrarsığortaçıdan alır.

7) Şəxs dəyəri 90.000 manat olan mənzilini 45.000 məbləğində, yəni sığorta dəyərinin 50%- i həcmində sığorta etdirir. Sığorta hadisəsi nəticəsində mənzilə 20.000 manat həcmində ziyan dəyir.  Bu halda sığortaçı şəxsə neçə manat məbləğində sığorta ödənişi  verir? 

Cavab:  Sığortaçı şəxsə  (sığortalıya) 10.000 manat (20.000x50%=10.000) məbləğində sığorta ödənişi verir.

8) Sual: Sığorta agenti sığortaçı ilə vasitəçilik xidməti müqaviləsi bağlamış və bu xidmətə görə muzdun dəyəri sığorta haqqının 15 faizi məbləğində razılaşdırılmışdır. Agent sığortaçıya ay ərzində 10 fiziki şəxslə sığorta müqaviləsi bağlamaqda vasitəçilik xidməti göstərmiş və həmin 10 şəxs ümumilikdə 10.000 manat sığorta haqqı ödəmişdir.  Bağlanmış müqavilə şərtlərinə uyğun olaraq sığortaçının agentə ödəyəcəyi məbləğ nə qədər olacaqdır?

Cavab: Bağlanılmış müqavilənin şərtinə uyğun olaraq, sığortaçının agentə ödəyəcəyi 1500 manat (10.000x 15%=1500 manat) komisyon (muzd) adlanır.

Ən sərfəli krediti almaq üçün müraciət et