Sənaye parklarında 9 minə yaxın daimi iş yeri yaradılıb | Banco.az

Sənaye parklarında 9 minə yaxın daimi iş yeri yaradılıb

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, indiyədək ölkənin sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb və onlardan 23-ü artıq istehsal fəaliyyətinə başlayıb. Nazir bu il daha 8 rezidentin istehsala başlayacağını deyib: "Sənaye parklarında rezidentlər üçün vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq olunur. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Hazırda bu güzəştlərin səmərəliliyinin daha da artırılması istiqamətində təkliflər hazırlanır. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir".

İndiyədək sənaye parklarına 3,3 milyard dollar həcmində investisiya qoyulub.
Təkcə 2018-ci ildə rezidentlər 451 milyon dollar sərmayə yatırıblar

Nazir əlavə edib ki, indiyədək sənaye parklarına 3,3 milyard dollar həcmində investisiya qoyulub. Təkcə 2018-ci ildə rezidentlər 451 milyon dollar sərmayə yatırıblar. Sənaye parklarında 9 minə yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə 400 milyon dollaradək sərmayə qoyuluşu, 1600-dən artıq iş yerinin açılması nəzərdə tutulur.

Qeyd olunub ki, indiyədək sənaye parklarında 1,36 milyard manat dəyərində məhsul istehsal edilib ki, bunun da 250 milyon manatlıq hissəsi ixrac olunub: "Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında" 2014-cü il 8 oktyabr tarixli fərmanı ilə müəyyən edilmiş vəzifələrin icrası olaraq ölkədə sənaye məhəllələrinin yaradılması davamlı prosesə çevrilib. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli iqtisadi modeldir".

Ən sərfəli kredit üçün müraciət et

Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsinin "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə tapşırıldığını deyən Ş.Mustafayev artıq sahibkarlar üçün bütün zəruri infrastrukturun yaradıldığı Neftçala və Masallı sənaye məhəllələrinin fəaliyyət göstərdiyini qeyd edib. Hacıqabul Sənaye Məhəlləsində işlər yekunlaşıb və sahibkarlar istehsalın qurulmasına başlayıblar, Sabirabad Sənaye Məhəlləsində isə son tamamlama işləri aparılır. Fəaliyyətdə olan sənaye məhəllələrində indiyədək 33 milyon manatlıq məhsul istehsal edilib.

Nazir bildirib ki, 36 rezidentin qeydiyyatdan keçdiyi həmin sənaye məhəllələrində 140 milyon manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq. Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkənin digər regionlarında da sənaye parkları və məhəllələrinin yaradılması işləri davam etdirilir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç