Səfər Mehdiyev: “Gömrük tariflərini yenə dəyişəcəyik” | Banco.az

Səfər Mehdiyev: “Gömrük tariflərini yenə dəyişəcəyik”

“Maliyyə intizamının gücləndirilməsi istiqamətində aparılan islahatların nəticəsində dövlət büdcəsi qarşısında illik proqnoz və öhdəliklərinin yerinə yetirilməsi istiqamətində uğurlu işlər görülür”.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu il büdcə proqnozu 107% yerinə yeyirilib: “2018-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməklə 2018-ci il üzrə DGK üçün 2,43 mlrd. manatlıq ilkin proqnoz 760 mln. manat artırılaraq 3,19 mlrd. manata çatdırılıb. İyulun 1-dən yeni proqnoz göstəriciləri əsasında büdcə öhdəliyinin yerinə yetirilməsi icraya götürülüb. Dürüstləşmə nəzərə alınmadan 2018-ci ilin 8 ayı ərzində 1 569,78 mln. manatlıq proqnoza qarşı faktiki yerinə yetirmə 2 270,964 mln. manat təşkil etməklə büdcə öhdəliyinə 144,67% və yaxud 701,184 mln. manat artıq əməl olub. Dürüstləşmədən sonra artım nəzərə alınmaqla isə büdcə öhdəliyi 2 131, 045 mln. manat təşkil etməklə faktiki toplanan 2 270,964 mln. manat gömrük vergi və rüsumlarına nisbətdə proqnoz 106,57% və yaxud 139,919 mln. manat artıq icra olunub”.

S.Mehdiyev qeyd edib ki, illik büdcə proqnozunun artıqlaması ilə yerinə yetirilməsi məqsədi ilə ölkə ərazisinə idxal olunan mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı malın gömrük dəyərinin “Gömrük Tarifi haqqında” qanuna uyğun düzgün müəyyən edilməsinə nəzarətin gücləndirilməsi, risk meyarlarının tətbiqi nəticəsində malın mənşə ölkəsinin, mal qruplarının düzgün müəyyən edilməsi, sərhəd-keçid məntəqələrində gömrük nəzarətindən gizli malların ölkə ərazisinə keçirilməsi, eyni zamanda qanunvericilikdə nəzərdə tutulan normadan artıq malların kommersiya xarakterli olmasının, vergi və rüsumlara cəlb olunması nəzarətə götürülüb.

“Cari ilin yekununda illik büdcə proqnozunun artıqlaması ilə və növbəti illərdə də DGK üçün qanunla müəyyən olunacaq illik büdcə öhdəliyinin yerinə yetirilməsi tərəfimizdən təmin olunacaq. Qlobal maliyyə-iqtisadi böhran şəraitində bazar münasibətlərini və hər bir ölkənin iqtisadi təhlükəsizliyini qorumaq və ümummilli maraqları müdafiə etmək dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri olub. Bu baxımdan Azərbaycan dövləti bu vəzifənin öhdəsindən ləyaqətlə gəlib. İqtisadi siyasətin tərkib hissəsi olan gömrük siyasəti vasitəsilə xarici iqtisadi fəaliyyətin tənzimlənməsi məqsədilə gömrük tarif tənzimlənməsi düzgün həyata keçirilib”, - deyə o, əlavə edib.

Komitə sədrinin sözlərinə görə, ölkədə istehsal sahələrinin şaxələndirilməsi, yeni sənaye və maşınqayırmanın inkişafı, yeni istehsal sahələrinin yaradılması, xarici bazarlara ixrac yönümlü məhsulların çıxarılmasını təmin etmək və ixracı stimullaşdırmaq məqsədi ilə gömrük tariflərinin təkmilləşdirilməsi zərurətini nəzərə alaraq, bu il yanvarın 1-dən “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri” nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı qüvvəyə minib: “Həmin qərarla tətbiq edilən gömrük rüsumlarının dərəcələri yeddi pilləli sistemdən yeni üç pillədən ( 0%, 5%, 15%) ibarət tarif sisteminə keçirilib. Yeni tarif sisteminin hazırlanması zamanı heç də gömrük tariflərinin qaldırılması-proteksionist gömrük siyasəti başlıca vəzifə kimi qarşıya qoyulmayıb. Yəni əsas məsələ tariflər vasitəsi ilə yalnız büdcə mədaxilini təmin etmək funksiyasını deyil, eyni zamanda, daxili istehsalı tənzimləmək funksiyasının da reallaşdırılmasına nail olmaq idi. Fikrimizcə, ölkədə bunu kifayət qədər təmin etmək mümkün olub. Düşünürəm ki, yeni gömrük-tarif sistemi ölkədə qeyri-neft sektorunun inkişafına lazımi dəstək verəcək və yerli istehsal sahələrinin genişləndirilməsinə əlverişli şərait yaradacaq”.

Ən sərfəli kredit üçün müraciət et

S.Mehdiyev əlavə edib ki, yeni gömrük-tarif sisteminin hazırlanması zamanı istehsalda istifadə olunan, istehsalı olmayan xammal və materiallar üzrə gömrük idxal rüsumlarının dərəcələri 0%-ə, kifayət qədər istehsalı olmayan mallar üzrə isə gömrük idxal rüsum dərəcələri 15% və 10%-dən 5%-ə endirilib: “Bununla yanaşı bildirmək istəyirəm ki, ölkədə istehsal potensialı olan məhsullara maksimum gömrük idxal rüsumları müəyyənləşdirilmiş bir sıra həssas məhsullar üzrə isə gömrük rüsum dərəcələri spesifik rüsumlar formasında saxlanıb. Daxili bazarın qorunması, yeni istehsal sahələrinin yaradılması və genişləndirilməsi, eyni zamanda qeyri - neft sektorunun inkişafı nəzərə alınmaqla, ixrac yönümlü malların istehsalının və ixrac potensialının artırılması məqsədilə zərurət yarandıqca gömrük-tarif tənzimləmə prosesinin təkmilləşdirilməsi davam etdirilir”.

Onun sözlərinə görə, daxili istehsalın qorunması və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və xarici bazarlara çıxışına əlverişli səraitin yaradılması məqsədi ilə “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarına, bu il sentyabrın 3-də dəyişiklik edilərək kartof məhsullarının idxal gömrük rüsum dərəcəsi bu il okryabrın sonuna qədər 15%-dən 30%-ə qaldırılıb.

“Bunula yanaşı, DGK-nın Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq bu il avqustun 3-də Nazirlər Kabineti “Ölkə ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında” qərar qəbul edib. Həmin qərarla ölkə ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş çənlərinin tutumunun miqdarından artıq keçirilən benzinin və yaxud dizel yanacağının hər 1 litri üçün 0,60 ABŞ dolları məbləğində spesifik gömrük rüsumunun tətbiq edilməsi nəzərdə tutulub”, - deyə o, əlavə edib.

S.Mehdiyevin sözlərinə görə, kənd təsərrüfatı, ağır sənaye və maşınqayırma sektorlarında vertikal inteqrasiya yanaşmasının tətbiqi və gömrük – tarif tənzimlənməsi sahəsində son zamanlarda həyata keçirilmiş tədbirlər nəticəsində gəlirlərin artırlmasından idxaldan asılılığın azaldımasına qədər bir çox iqtisadi faydalar əldə ediləcək: “Ölkəmizdə həm yerli tələbatın ödənilməsi təmin ediləcək, həm də regional baxımdan potensialı olan mal və materialların istehsalı artırılacaq. Qeyri-neft sektorunun inkişafının təmin edilməsi məqsədi ilə ölkə prezidentinin 6 dekabr 2016 -ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Strateji Yol Xəritələri” nin hədəfləri üzrə müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün gömrük-tarif tənzimlənməsinin təkmilləşdirilməsi prosesi bundan sonra da davam etdiriləcək". 

Ən sərfəli krediti almaq üçün müraciət et