Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihə davam edir | Banco.az

Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihə davam edir

“2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihə həyata keçirilir. Mərkəzi Bankdan bildirilib ki, bu layihənin əsas hədəfi “müştəri-bank” münasibətlərini innovativ texnologiyalar platformasında qurmaq, son müştəriyə daha təhlükəsiz və operativ elektron xidmətlər çatdırmaqdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na uyğun olaraq, layihə çərçivəsində fiziki şəxslər üçün məsafədən cari hesabların açılması funksionallığı işlənib hazırlanıb və Palatanın, Vergilər Nazirliyinin, “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin və işçi qrupuna daxil edilmiş kredit təşkilatlarının nümayəndələri üçün təşkil edilmiş görüşdə sistemin təqdimatı keçirilib. Görüş zamanı layihə çərçivəsində yaradılmış informasiya resursunun funksional imkanları və mobil tətbiqləri nümayiş etdirilib, sistemin gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Layihənin həyata keçirilməsi nəticəsində fiziki və hüquqi şəxslər banka gəlmədən məsafədən bank xidmətlərini operativ şəkildə əldə edə biləcək, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsinə ehtiyac olmayacaq və bununla da məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması təmin ediləcək. Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı işlər müvafiq qurumlarla davam etdiriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et