QKDK-da bu ilin 9 ayı ərzində fəaliyyətin yekunlarına dair Kollegiya iclası keçirilmişdir | Banco.az

QKDK-da bu ilin 9 ayı ərzində fəaliyyətin yekunlarına dair Kollegiya iclası keçirilmişdir

23 oktyabr  2014-cü il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) 2014-cü ilin 9 ayı ərzində fəaliyyətin yekunlarına və “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icra statusunun müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı 2014-cü ilin 9 ayı ərzində dünya iqtisadiyyatında hökm sürən tərəddüdlər fonunda Azərbaycanda iqtisadi artım tempinin ənənəvi olaraq davam etdiyini,  ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndiyini və regional iqtisadi proseslərdə fəal iştirak etdiyini diqqətə çatdırdı. R.Aslanlı cənab prezident İlham Əliyev tərəfindən həyata keçirilən sənayeləşmə layihələri nəticəsində qeyri-neft sektorunun ölkə iqtisadiyyatında dinamikanın əsas hərəkətverici qüvvəsinə çevrildiyini və sosial-iqtisadi layihələrin əhatəsinin ildən-ilə genişləndiyini qeyd etdi.  

Komitə sədri çıxışının davamında cari ilin 9 ayı ərzində ölkənin kapital bazarlarında yüksək artım dinamikasının müşahidə edildiyini, maliyyə sektorunun mühüm seqmentlərindən biri kimi qiymətli kağızlar bazarında müşahidə edilən pozitiv kəmiyyət göstəricilərinin keyfiyyət elementləri ilə gücləndiyini, korporativ qiymətli kağızlar bazarının həcminin isə 30%-i ötdüyünü diqqətə çatdırdı.

R.Aslanlı, hesabat dövrü ərzində Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrasının təmin edilməsi məqsədi ilə Komitə tərəfindən qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini iclas iştirakçılarının diqqətinə çatdırdı.  

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra QKDK-nın sədrinin müavinləri və Aparatının rəhbəri çıxış edərək kurasiyalar üzrə struktur bölmələr tərəfindən 2014-cü ilin 9 ayı ərzində həyata keçirilmiş tədbirlər və onların strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat verdilər. Çıxışlarda QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və ictimaiyyət arasında bazar haqqında biliklərin artırılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verildi.     

Sonda R.Aslanlı cari ilin 9 ayını bütövlükdə Komitə üçün məhsuldar dövr kimi qiymətləndirərək 2014-ci ilin sonuna qədər struktur bölmələrin Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə bütün qüvvələrin səfərbər olunmasının zəruriliyini bildirdi. Komitə sədri növbəti ildə qiymətli kağızların avtomatlaşdırılmış elektron qeydiyyatı sisteminin istifadəyə verilməsi, qiymətli kağızlar bazarında yeni əməliyyat sisteminin tətbiqi və sözügedən sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin kapital bazarında bilik və məlumatlılığın artırılmasına xidmət edən Listinq Məsləhət Proqramı və Kapital Bazarı üzrə Təlim Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, eləcə də ümumilikdə icra intizamının gücləndirilməsi barədə müvafiq tapşırıqlar verdi.  

Ən sərfəli krediti almaq üçün müraciət et