Qazaxıstan Milli Bankı Azərbaycanın nağd pul sferasında təcrübəsi ilə tanış olur | Banco.az

Qazaxıstan Milli Bankı Azərbaycanın nağd pul sferasında təcrübəsi ilə tanış olur

Azərbaycan Mərkəzi Bankında (AMB) nağd pul sferasında Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədi ilə Qazaxıstan Milli Bankının nümayəndə heyəti üçün 25-29 noyabr tarixlərində təcrübə mübadiləsi keçirilib.

AMB-dən verilən məlumata görə, nümayəndə heyətini Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev qəbul edərək Mərkəzi Bankda həyata keçirilən "Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması" proqramı və bu çərçivədə qəbul olunmuş layihələr, nağd pul sferasında tətbiq olunacaq ən mütərəqqi sistem və texnologiyalar, onların bank sektoruna verəcəyi töhfələr barədə məlumat verib.

Təcrübə mübadiləsi zamanı Azərbaycan Mərkəzi Bankının əməkdaşları tərəfindən nağd pul tədavülünün təşkili və nağd pula tələbin proqnozlaşdırılması sahəsində Nağd Pul Blokunun fəaliyyəti və gələcək hədəfləri barədə ətraflı məlumat verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, "Pul nişanlarının inkişafı potensialının yaradılması", "Tam avtomatlaşdırılmış modern Nağd Pul Mərkəzinin (Cash Center) yaradılması", "Nağd pulun idarə edilməsi üzrə inteqrasiya olunmuş "Cash" Menecment İnformasiya Sisteminin (CMS) yaradılması", "Nağd pul idarəetməsinin yeni loqistika modelinin yaradılması" və "Pul nişanlarının ekspertizası üzrə beynəlxalq standartlara əsaslanan biznes proseslərin yaradılması" layihələri barədə geniş təqdimatlar keçirilib. Eyni zamanda, nağd pulun regional idarəetmə sistemləri, beynəlxalq standartlara uyğun yaradılmış regional infrastrukturla praktik tanışlıq məqsədilə Qazaxıstan Milli Bankının əməkdaşları Azərbaycan Mərkəzi Bankının Yevlax Ehtiyat Mərkəzində səfərdə olublar.

Nümayəndə heyəti AMB təcrübəsinin faydalı olduğunu vurğulayıb, gələcəkdə də təcrübə mübadiləsinin davam etdirilməsi və müvafiq sahələrdə yardımın göstərilməsinə ümid etdiklərini bildiriblər.

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et