Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi | Banco.az

Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Koreya İnkişaf İnstitutu ilə birgə "Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi" mövzusunda beynəlxalq konfrans keçirib. Məqsəd problemli kreditlərin həlli üzrə institusional mexanizmin yaradılmasına dair Koreya hökumətinin təcrübəsi, eləcə də "Fiziki şəxslərin xarici valyutada olan problemli kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək" üçün Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanın icrasına dair Azərbaycan təcrübəsi barəsində təqdimatların keçirilməsi və müvafiq müzakirələrin aparılmasıdır.

Mərkəzin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı problemli kreditlərin həlli üzrə beynəlxalq təcrübəni və Azərbaycan modelini müqayisə edərək bildirib: "Koreya Aktivlərin İdarəedilməsi Fondu (KAMCO) tərəfindən 1997-ci ildə Asiya maliyyə böhranının neqativ nəticələrini (böyük korporasiyaların müflisləşməsi, Koreya vonunun məzənnəsinin dəyərdən düşməsi, böyük həcmdə problemli kreditlərin yaranması) həll etmək məqsədilə Problemli Kreditlərin İdarəedilməsi Fondu yaradılıb. Problemli kreditlərin həlli strategiyası çərçivəsində müxtəlif maliyyə metodlarından - girov, beynəlxalq hərrac, aktiv-zəmanətli qiymətli kağızlar, birləşmə və satınalma və birgə müəssisə yaradılması üsullarından istifadə edilib. Avropada problemli kreditlərin həlli üzrə strategiya aşağıdakı istiqamətlərdə aparılır: bankların daxili tədbirlərini gücləndirmək, toksik aktivlər üçün bazarı inkişaf etdirmək, məlumat assimetriyasının qarşısını almaq və aktivlərin idarə edilməsinə cavabdeh qurum yaratmaq, toksik aktivləri üçüncü tərəfə transfer etmək (birbaşa investorlar, aktivlərin idarə edilməsinə cavabdeh qurum və s) və nəzarət orqanını gücləndirmək. 2001-ci il böhranından sonra Türkiyənin problemli kreditləri 18 milyard dollar təşkil edirdi. Mövcud olan 50 bankdan 19-nun problemli kreditləri Dövlət Əmanətlərin Sığortalanması Fondu tərəfindən restrukturizasiya edildi. 2002-ci ildə Sinqapur banklara iflas elan etmədən könüllü olaraq problemli kreditlərin həlli prosedurlarını seçməyi təklif etdi. İflasöncəsi məsləhət və vasitəçilik xidmətləri təklif olundu, eyni zamanda "Borcların geri ödənilməsi sxemi" tərtib olundu. 2002-ci ildə İndoneziyada mövcud banklardan 70-i bağlanıb, 13-ü dövlət himayəsinə götürülüb.

Postsovet məkanında problemli kreditlərin həlli istiqamətində maraqlı təcrübə var. Qazaxıstanda 2015-ci ildən ipoteka kreditləri üzrə problemli kreditlər üçün 130 milyard tengə ayrılıb. Borcalanların dörd kateqoriyası borc ipotekası yükündən tamamilə xilas olmaq şansını əldə edə bilər. Bu ölkədə kollektorlara borcun 50 faizi verilməklə qalan 50 faizinin banklara geri ödənilməsi nəzərdə tutulub. Yalnız bəzi qruplar (əlillər, çoxuşaqlı ailələr və ağır xəstələr) istisna olmaqla, digər borclulardan bu şəkildə borcların ödənilməsi planlaşdırılırdı. Bundan başqa, cari ilin fevral ayında Qazaxıstan hökuməti "Problemli kreditlər Fondu" ASC-nin bütün səhmlərini Mərkəzi Bankdan satın alıb. Bu Fond kredit ödəmək qabiliyyəti olmayan ailələrin borclarını kompensasiya etməli idi. Lakin Fondun öz maliyyə aktivləri hər il azalma tempini nümayiş etdirir. Gürcüstanda problemli kreditlərin silinməsi məqsədilə 10 dekabr 2018-ci ildən 15- yanvar 2019-cu ilədək sosial layihə həyata keçirildi və 609.5 min əhalinin (1.302.750 kredit sayı) 4 milyard laridən (1,5 milyard dollar) artıq borcu ödənildi. Qara siyahıda qeydə alınmış borcların 95 faizi əsas məbləği 2000 laridən (təxminən 750 ABŞ dolları) çox olmayan kreditlərdən ibarətdir. Borclar aksiyanın başlamasından minimum 1 il əvvəl açılmış kreditlər üzrə, həmçinin faiz və cərimələri 2000 laridən (751 dollar) çox olmayan şəxslərə ödənildi. 2014-cu ildə baş vermiş devalvasiya nəticəsində (rubl dollara nəzərən 72 faiz, avroya nəzərən 52 faiz ucuzlaşıb) Rusiya Federasiyasının banklarının zəmanəti olmayan problemli kreditləri 2015-ci ilin təkcə yanvar ayında 44,4 faiz artıb və ilin sonuna 1,3 trilyon rubla çatıb. Bu rəqəm 2017-ci ildə 5 trilyon rubl, 2018-ci ildə 11 trilyon rubl təşkil edib (bütün kredit portfelinin 85 faizini təşkil edir). 2018-ci ildə Problemli Kreditlər Fondunun aktivləri cəmi 2,1 trilyon rubl olub ki, bu da problemli kreditlərin yalnız 19 faizini təşkil edib. 2016-ci ildən "Problemli kreditlərin silinməsi haqqında" Qanun layihəsi hazırlansa da yalnız 2019-cu ildə qüvvəyə minməsi planlaşdırılır. Yeni Qanun bütün problemli kreditləri deyil, yalnız xüsusi imtiyazlı əhalinin (ailəni maddi olaraq təmin edən şəxsin itkisi, işsizlik və ağır xəstəlik) borclarını ödəməyi nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Göründüyü kimi, Azərbaycanda problemli kreditlərin həllinin beynəlxalq təcrübədən fərqli olaraq aşağıdakı xüsusiyyətləri var: 1). Problem daha qısa müddətdə həll olundu; 2). Problemli krediti olan fiziki şəxslərin 90 faizindən çoxu qərarın əhatə dairəsinə düşdü ki, bu da Azərbaycan modelinin güclü sosial xarakterini göstərir; 3). Problemli kreditlərin həllini bütünlüklə dövlət öz üzərinə götürdü, beləliklə, banklar və əhali yükdən azad olundu; 4). Problemli kreditlərin həllindən sonra bank sektoru tamamilə yeni mərhələyə qədəm qoydu."

Daha sonra Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op çıxış edərək Azərbaycanda xüsusilə son dövrlərdə aparılan sosial-iqtisadi islahatlar, xarici investorlar və iş adamları üçün yaradılan səmərəli şəraitdən məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilir, beynəlxalq layihələr vasitəsilə etibarlı enerji tərəfdaşı kimi imicini gücləndirir. Kim Tong Op əlavə edib ki, Koreya problemli kreditlərin həlli mövzusunda böyük təcrübəyə malikdir. Azərbaycan dövləti ilə təcrübə mübadiləsi bu istiqamətində yeni imkanların əldə olunması ilə nəticələnəcək.

Beynəlxalq tədbir zamanı Koreyanın Depozitlərinin Sığortalanması Korporasiyasının keçmiş prezidenti Kim Co Hyun da Koreya təcrübəsi ilə bağlı ətraflı məlumatlar təqdim edib. Tədbir Beynəlxalq Biznes Qrupunun rəhbəri Sun Cun Çoyun "Problemli kreditlərin həlli üzrə institusional mexanizmə dair Koreya təcrübəsi", Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılovun "Problemli kreditlərin həlli üzrə Azərbaycan modeli" və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərovanın "Problemli kreditlərin həlli üzrə dünya təcrübəsi" mövzularında hazırlanmış təqdimatların nümayişi ilə davam etdirilib.
Konfransda dövlət qurumlarının nümayəndələri, tədqiqat institutlarının,10-dan artıq bank və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Ən sərfəli krediti almaq üçün müraciət et