Problemli kreditlər azalmır | Banco.az

Problemli kreditlər azalmır

İqtisadçı ekspert Vüqar Bayramov açıqlamasında bildirib ki, hazırda Azərbaycanda geri qayıtmayan kreditlərin ümumi məbləği 1 milyard manat təşkil edir.

“Bu ilin əvvəlindən istehlak kreditlərinin verilməsi şərtlərinin ağırlaşdırılması ilə bağlı qaydaların tətbiq edilməsinə baxmayaraq, problemli kreditlər azalmır. Ölkənin ümumi kredit portfelində payı 6 faizdən, bütövlükdə banklar üzrə kredit portfelindəki payı isə 4 faizdən çoxdur. Bunu beynəlxalq göstəricilərlə müqayisə etsək təbii ki, problemli kreditlərin həcmi kifayət qədər yüksək hesab olunur. Elə şəxslər var ki, üç bankdan yüksək məbləğdə kredit götürüb. Bir banka olan borcunu ödəmək üçün digər bankdan kredit götürülməsi, problemli kreditlərin həcminin artmasına gətirib çıxarıb”.

Ekspert qeyd edib ki, Mərkəzi Bank kreditlərin verilməsi ilə bağlı sistemi elektronlaşdırıb.

“Hər bir kommersiya bankı həmin sistemə daxil olaraq, orada olan məlumat əsasında kredit vermək barədə qərar qəbul edir.”

V.Bayramov bildirib ki, problemli kreditlərin yaranmasının digər səbəbi kredit faizlərinin yüksək olmasıdır:

Ən sərfəli kredit üçün müraciət et

“Vətəndaş kredit götürür, amma faizlər yüksək olduğu üçün həmin krediti müəyyən müddətdən sonra geri qaytarmaq mümkün olmur. Bizim monitorinqlərin nəticəsi göstərir ki, bəzi vətəndaşlar krediti sadəcə toy etmək və qonşu ölkədə dincəlmək üçün götürüblər. Bu tip vacib olmayan istiqamətlər üzrə kreditlərin götürülməsi, vətəndaşın öz gəlirlərini düzgün qiymətləndirməməsi, sonradan krediti geri qaytara bilməməsinə gətirib çıxarır”.

İqtisadçı qeyd edib ki, problemin aradan qaldırılması üçün istehlak kreditlərinin həcmini genişləndirmək lazımdır:

“Bankların faiz dərəcələrini azaltması və çox sayda istehlak kreditlərinin verilməsi olduqca vacibdi. Digər tərəfdən kommersiya bankları üçün kredit verilən zaman vətəndaşın minimum gəliri müəyyənləşməlidir. Ailə tərkibi ilə bağlı məlumatların əldə edilməsi hər bir ailə üzvünə uyğun olaraq xərcin müəyyənləşdirilməsi və buna uyğun olaraq kreditin verilməsi ilə bağlı qərarın müəyyənləşdirilməsinə ehtiyac var”.

AzVision.az

Ən sərfəli krediti almaq üçün müraciət et