PAŞA Bank dünyada sürətlə yayılan yanaşmanın tətbiqinə başlayıb | Banco.az

PAŞA Bank dünyada sürətlə yayılan yanaşmanın tətbiqinə başlayıb

PAŞA Bank məhsulların inkişafı üzrə dünyada sürətlə yayılan Agile yanaşmasının tətbiqinə başlayıb

Yeni strategiyaya əsasən, PAŞA Bank 2020-ci ilə qədər rəqəmsal banka çevrilməyi hədəfləyir. Bankların maliyyə təşkilatlarından daha çox texnologiya şirkətlərinə çevrilmələri bankçılıqda artıq qlobal bir trendə çevrilib və Agile iş tərzi ənənəvi bankdan rəqəmsal banka transformasiyada dünyada geniş istifadə olunur. Hazırda, PAŞA bankda artıq ilk Agile komandalar formalaşıb və onların işinin ilkin nəticəsi olaraq innovativ rəqəmsal məhsullar tezliklə bazara buraxılacaq.

Mövzu barədə sualların PAŞA Bank ASC-də Agile İdarəetmə strukturunun rəhbəri Zaur Bağırov və Rəqəmsal Mühəndislik strukturunun rəhbəri Vüsal Xəlilov cavablandırıb.

 

-Azərbaycanda yeni olduğundan bir çox oxucu "Agile"ın nə olduğunu bilmir. “Agile" nə deməkdir?

- “Agile” kəlməsinin İngilis dilindən Azərbaycancaya birbaşa tərcüməsi zirək, çevik, sürətli sözləri ilə ifadə edilir. Yanaşma olaraq isə bu, fərqli funksiyalardan olan insanların bir komandada çalışmasına və müştərilərin fikrini məhsula inteqrasiya etməyə imkan verən bir yanaşmadır. Agile yanaşması komandaya səlahiyyətlər verməklə komandanı son nəticədən cavabdeh tutur və komanda öz işinin və nəticəsinin sahibinə çevrilir. Bu yanaşma eyni zamanda işçilərin peşəkar inkişafını və işə bağlılığını artırmaqla onlar üçün məhsuldar və rahat bir iş mühiti yaradır.

 

-Agile-ın ənənəvi iş üsulundan fərqi nədir?

- Ənənəvi üsul ilə işləyən təşkilatlarda işçilər öz sahələrində çalışır və bilavasitə öz gördükləri işdə effektivliyi artırmağa çalışırlar, lakin onlar daha böyük mənzərəni və proseslərin bir-birindən asılılığını nadir hallarda görürlər. Ona görə də bir sıra funksiyalar (məs., biznes, informasiya texnologiyaları, risk) bir birindən ayrılıqda fəaliyyət göstərir. Ənənəvi yanaşmanın digər problemi odur ki, müştəri ilə yalnız satış və marketinq komandaları əlaqədə olur və təşkilatın yerdə qalan hissəsi real müştəri ehtiyacları barədə məlumatsız olur. Ona görə də ənənəvi yanaşma real müştəri ehtiyaclarının qavranılmasında və müxtəlif funksiyaların qarşılıqlı əlaqəsində problemlər yaradır. Məsələn, bir çox hallarda məhsul hazırlanıb bazara buraxılır amma müştərilər onu istifadə etmir. Yalnız bundan sonra aydın olur ki, məhsula sərf olunan vaxt və pul boşa xərclənib, çünki məhsul müştərilərin ehtiyaclarına cavab vermir.

 

-Yeri gəlmişkən, PAŞA Bankda belə bir problem olubmu?

- Bir sıra digər böyük banklar kimi, biz də ənənəvi iş tərzində bənzər çətinliklərlə qarşılaşmışıq. Lakin, bir müddət öncə anladıq ki, Agile iş tərzi bizə daha səmərəli olmaqda və müştəri ehtiyaclarını daha yaxşı qarşılamaqda kömək edəcək. Bu iş tərzi həm də bizə ənənəvi bankdan texnologiya şirkətinə çevrilməyə, yəni səmərəli, rəqəmsal və müştəri ehtiyaclarına həssas olan bir təşkilata transformasiya olmağa yardım edəcək.

 

- Agile iş tərzini qəbul etməkdə başqa hansı amillərin rolu olub?

- Bu gün demək olar hamımız Facebook istifadə edirik. Əgər sabah Facebook öz müştərilərinə kredit təklif etməyə başlasa banklar nə edəcək? Facebook kimi şirkətlər yaranış günlərindən etibarən Agile olaraq çalışır. Heç kəs sabah Google, Facebook, Apple  və Amazon kimi şirkətlərin maliyyə xidmətləri göstərməsinin qarşısını ala bilməz. Bu şirkətlər artıq maliyyə sektoruna daxil olmağa başlayıb. Biz bu kimi təhlükələri görürük və ona görə Agile iş üslubundan istifadə etməklə texnoloji bir şirkətə çevrilməyə qərar vermişik.

- Agile yanaşmasının PASHA Bankda hazırda necə çalışdığına dair misal gətirə bilərsinizmi?

- İlk olaraq biz rəqəmsal məhsulların inkişafından başladıq. Əvvəllər, proqramçı və dizayner İnformasiya Texnologiyaları şöbəsində, marketinq meneceri Marketinq şöbəsində, və məhsul meneceri Biznes İnkişafı şöbəsində çalışırdı. Agile-da isə bizim 10 nəfərdən çox olmayan daimi məhsul komandamız vahid biznes məqsədi ətrafında birləşib.  Bu komanda eyni masa arxasında və yalnız bir məhsul üzərində işləyir. Bu komanda məhsulun nəticələrindən cavabdehdir və məhsulu yaratmaq üçün bütün imkanlara sahibdir. Məhsul meneceri, mühəndislər (proqramçılar) və dizaynerlər komandanın əsas üzvləridir. Hər bir komanda öz işini davamlı olaraq təkmilləşdirməlidir. Bu işdə komandalarımıza Agile Coach köməklik göstərir.

Agile komandaları biz skvod adlandırırıq. Bu skvodlar 2 həftəlik sprintlərlə işləyir və hər 2 həftəlik sprintdə bir sıra mərasimlərdən (görüşlərdən) yararlanır.

Sprint planlama görüşündə növbəti 2 həftədə yerinə yetiriləcək işlər müəyyən olunur.

Gündəlik Stand-up görüşlərində hər kəs keçən gün nə iş gördüyünü, bu gün nə iş görəcəyini və işin görülməsi üçün hansı problemlərin olması barədə məlumat verir.

Sprint Demo (nümayiş) görüşlərində cari sprintdə görülən işin nəticləri göstərilir və maraqlı tərəflərin, həmçinin müştərilərin fikirləri alınır

Retrospective mərasimində komanda öz işini necə təkmilləşdirəcəyini müzakirə edir

Bu görüşlər komandaya səmərəli şəkildə əməkdaşlıq etməyə kömək edir və müştəridən müntəzəm olaraq rəy almağa yardım edir. Bu həm də məhsulun uğursuz olma riskini azaldır, çünki komanda hər iki həftədən bir, müştəri rəyi əsasında məhsulun funksionallığını tədricən inkişaf etdirir.

 

- Belə görünür bütün bu dəyişikliklərlə bərabər işçilərin düşüncə tərzi də dəyişməlidir...

-Bəli, əslində düşüncə tərzi bizim üçün əsas prioritetlərdən biridir. Bizə aşağıdakı məsələlərdə dəyişikliyə nail olmaq lazımdır:

-Mövcud funksional silo-mentalitetini (funksiya maraqlarının şirkət maraqlarından üstün olduğu mentalitet) dəyişdirmək və funksiyalar arasında əməkdaşlıq mentalitetini daha da inkişaf etdirmək. Hər kəs əldə etmək istədiyimiz son nəticəni anlamalı və özünü işlədiyi funksiyanın hədəfləri ilə məhdudlaşdırmamalıdır.

-İerarxiyanı azaltmaq və qərarverməni sürətləndirmək üçün işçilərin qərarvermə səlahiyyətini artırmaq və qərarların əksər hallarda rəhbərlər tərəfindən deyil onların tabeçiliyində olan işçilər tərəfindən verilməsini stimullaşdırmaq.

-Səhvlərə daha tolerant olmaq və insanları səhvlərə görə cəzalandırmamaq – çünki məhsul yaradan və yeni şeylər öyrənən zaman səhvlər qaçılmazdır. Lakin biz hər individualın qərarından yarana biləcək riskin minimal olmasından əmin olmalıyıq və öz səhvlərimiz üzərində öyrənib bu səhvlərin təkrarlanmaması üçün prosesləri daim təkmilləşdirməliyik.

-Sürətlə dəyişən mühitə uyğunlaşa bilməyimiz üçün işçiləri daim öyrənməyə və açıq fikirli və innovativ olmağa həvəsləndirmək.

 

- Dəyişdiyiniz yalnız işləmə tərzi və iş mədəniyyətidirmi?

- Xeyr, biz həm də Azərbaycan bazarına texnologiya şirkətləri tərəfindən istifadə olunan lakin bizim bazarda geniş istifadə olunmayan texnologiyaları gətiririk. Nəticədə komandamıza qoşulan insanlar faktiki bu qabaqcıl texnologiyaların Azərbaycanda tətbiq olmasında pioner olacaqlar. Məsələn, biz Google, Uber və Spotify kimi məşhur texnologiya şirkətlərinin istifadə etdiyi müasir proqramlaşdırma dillərindən (Node.JS, React, Redux, Serverless), bulud infrastrukturundan və mikroservis texnoloji arxitekturasından istifadə edirik. Biz həm də mühəndislərin təkrarlanan işlərini avtomatlaşdırırıq ki, mühəndislərimiz əlavə dəyər qatacaq işlərə fokus ola bilsinlər.

Bütün bunlar işçilərimizin öyrənməsi və inkişafı üçün çox yaxşı imkanlar yaradır. Təəccüblü deyil ki, işə götürdüyümüz peşəkarların 1 nömrəli motivasiyası məhz öyrənməkdir. İşçilərimizin bu texnologiyaları sürətlə öyrənə bilməsini təmin etmək üçün biz təlim planı hazırlamışıq. Bankın icraçı direktorundan tutmuş universiteti yeni bitirən işçilərimizə qədər hər kəsin Fərdi İnkişaf Planı mövcuddur və hamı bu öyrənmə mühitində özünü rahat hiss edə bilir.

 

- Agile-i PAŞA bankda tətbiq etmək üçün sizə lazım olan ekspertizanı haradan alırsınız?

- Biz bir sıra qlobal banklarda Agile-ı tətbiq etməkdə təcrübəyə malik olan və dünyaca məşhur olan konsaltinq şirkətləri ilə - McKinsey və IBM ilə əməkdaşlıq etməyə başladıq. Bu həmkarlarımız bizə innovativ təşkilatın qurulmasında, Agile mədəniyyətinin inkişaf etdirilməsində, işçilərimizin bilik və bacarıqlarının artırılmasında və ilkin rəqəmsal məhsulların inkişafında yaxından dəstək verirlər.

 

- Əldə etdiyiniz proqress nə yerdədir?

- Biz artıq 4 Agile komandası (skvod) formalaşdırmışıq. Hazırda, komandalar korporativ müştərilərimiz üçün yeni İnternet Bankın qurulması üzərində çalışırlar. Yeni İnternet Bankın  ilk versiyasını artıq hazır etmişik və bu versiyanı hazırda bəzi müştərilərimizlə test edirik. Tam versiyanı isə ilin sonuna qədər buraxmağı və daha sonra bütün müştərilərimizi yeni platformaya keçirməyi düşünürük.

 

- PAŞA Bank Agile yanaşmanın qəbul edilməsindən nə əldə edəcək?

- Agile yanaşmanın əsas məqsədi bazar tələblərinə çevik şəkildə cavab vermək və bununla da müştəri məmnuniyyətini artırmaqdır. Həmçinin, Agile bizə xərcləri azaltmağa kömək edəcək, çünki bu yanaşma bizə daha səmərəli çalışmağa imkan verəcək. Bütün bunları PAŞA Bank Azərbaycanda və regionda ən qabaqcıl və mütərəqqi banklardan biri olaraq qalmaq üçün həyata keçirir.

 

-İstədiyiniz işçiləri tapa bilirsinizmi?

- Əslində, rəqəmsal işçiləri tapmaq kifayət qədər çətin bir işdir. Təsəvvür edin ki, 1200 nəfəri nəzərdən keçirmişik lakin işə yalnız 30 nəfər götürmüşük. Bu o demək deyil ki, bazarda rəqəmsal istedadlar yoxdur. Sadəcə biz həm texniki bacarıqları bizim tələblərə uyğun olan həm də bizim qurmaq istədiyimiz iş mədəniyyətinə uyğun olan işçiləri axtarırıq. Bu işçilər müstəqil olmalı, əməkdaşlığa yönəlik olmalı və öyrənməyə və iş tərzlərini dəyişməyə açıq olmalıdırlar. Maraqlıdır ki, bu cür istedadları tapmaq çətinliyi təkcə bizim bazara xas deyil – McKinsey ilə birlikdə bir sıra digər ölkələrdə oxşar hallara baxdıq və hər yerdə - hətta ən rəqəmsal bazarlarda belə bu cür işçiləri tapmaq ən böyük çətinliklərdəndir.

Bu səfərdə qarşımıza belə bir hədəf də qoymuşuq ki, ümumiyyətlə Azərbaycanda rəqəmsal istedadları inkişaf etdirək və elə bir innovativ mühit yaradaq ki, xaricdə işləyən Azərbaycanlı istedadlar müasir rəqəmsal məhsullar yaratmaq üçün ölkəyə qayıtmaq istəsinlər.

Yeri gəlmişkən, biz ilin sonuna qədər əlavə 10-20 mütəxəssis işə götürməyi planlaşdırırıq, ona görə də komandamıza qoşulmaq istəyən şəxslər www.pashabank.az/agile səhifəsindən daha ətraflı məlumat əldə edə və CV-lərini recruitment@pashabank.az elektron ünvanına göndərə bilərlər.

Marja.az

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç