Palata vətəndaşlara iki xidmət təqdim etdi | Banco.az

Palata vətəndaşlara iki xidmət təqdim etdi

Maliyyə Bazarlarına Nəzarət Palatasıda yenilənmiş 966 Çağrı Mərkəzinin və i-Map informativ xəritə xidmətinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini açan Palatanın mətbuat katibi Elşən Allahverdiyev bildirib ki, təqdim olunan 966 Çağrı Mərkəzi vətəndaşların suallarının operativ, keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlayıb və fasiləsiz xidmət göstərəcək.

Çox kanallı, 3 dildə cavablandırmanı təmin edən, ölkənin bütün stasionar və mobil şəbəkə operatorlarından zəng qəbul edəcək 966 Çağrı Mərkəzinin mütləq hədəfi maliyyə xidmətlərinin istehlakçılarının, həmçinin çağrı mərkəzinə müraciət ünvanlayan vətəndaşların xətdə gözləmə müddətini minimuma endirməklə sorğu və suallarının cavablandırılmasını təmin etməkdir. Çağrı Mərkəzinin yaradılmasında əsas prioritet Palata ilə əlaqənin əlçatan olmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.   

Bildirilib ki, fasiləsiz fəaliyyət göstərməsi və daxil olan bütün zənglərin qeydiyyata alınması üçün Çağrı Mərkəzinə insan resurslarını cəlb olunub, həmçinin Mərkəz xüsusi proqram təminatı, ən son avadanlıqlar və serverlərlə təchiz olunub.

Ən sərfəli kredit üçün müraciət et

E.Allahverdiyevin sözlərinə görə, vətəndaşlar və ölkəmizə səfər etmiş turistlər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, maliyyə qurumlarının filial və şöbələrinin rahat tapılması üçün yeni informativ xəritənin yaradılmasına zərurət yarandığı müəyyən edilib. Bununla əlaqədar olaraq, ölkənin bütün regionlarında fəaliyyət göstərən bank, BOKT, ATM, valyuta mübadiləsi məntəqələrin, sığorta şirkətlərinin və “Azərpoçt” milli poçt operatorunun filial, şöbə və ofislərinin əlaqə məlumatlarını özündə əks etdirən i-Map informativ xəritə yaradılıb. Xəritədə işğal olunmuş Azərbaycan ərazilərinin adları və turistlər üçün faydalı ola biləcək əsas turistik istiqamətlər barədə məlumat yerləşdirilib.  Vətəndaşlar və ölkə qonaqları məkandan asılı olmayaraq i-Map informativ xəritənin köməyilə maliyyə xidmətlərini göstərən təşkilatların ünvanları, əlaqə telefonları, iş saatları və digər faydalı məlumatları rahatlıqla əldə edə biləcəklər.

Yaxın gələcəkdə informativ xəritədə bir neçə yeni funksiyaların tətbiq edilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Palatanın rəsmi internet səhifəsinə daxil olmaqla xəritənin imkanlarından faydalanmaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et