Palata bank sektorundakı son vəziyyəti açıqladı | Banco.az

Palata bank sektorundakı son vəziyyəti açıqladı

31 mart 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 846.9 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 533.2 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 313.7 milyon  manat olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda bildirilir.

 

Aktivlər

Məlumatda qeyd edilib ki, Mart ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 0.7% (84.5 milyon manat) artaraq 12 milyard 714.4 milyon manat təşkil edib. Kredit portfeli cari ilin ilk rübündə 0.7% (86.1 milyon manat) artıb. Artım milli valyutada kreditlər üzrə olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1.2% (93.2 milyon manat), rüb ərzində isə 2.7% (211.2 milyon manat) artaraq 7 milyard 983 milyon manata çatıb.

 

Öhdəliklər

2019-cu ilin mart ayında fiziki şəxslərin əmanətləri 8 milyard 253.5 milyon manat təşkil edib. Mart ayında əmanətlər 1.7% (135 milyon manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli əmanətlər hesabına olub. Mart ayı ərzində fiziki şəxslərin müddətli əmanətləri 2.5% (135.8 milyon manat) artaraq 5 milyard 465.8 miylon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Hüquqi şəxslərin depoziti cari ilin ilk rübündə 0.1% (7 milyon manat) artaraq 10 milyard 318.5 milyon manata çatıb. Artım müddətli depozitlər hesabınadır. Belə ki, dövr ərzində hüquqi şəxslərin müddətli depozitləri  19.2% (278.1 milyon manat) artıb.

 

Balans kapitalı

Sektorun balans kapitalı mart ayı ərzində 1.7% (70.9 milyon manat) artaraq 4 milyard 313.7 milyon manata çatıb. Bu göstərici cari ilin ilk rübündə 5.9% (241.9 milyon manat) artıb.

 

Mənfəət və zərər

Mart ayında bankların əməliyyat mənfəəti 179.1 milyon manat, xalis mənfəəti isə 123.9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 12.9%, kreditlər üzrə faiz gəlirləri isə 19.5% artıb.

 

Ümumi məlumatlar

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2535 olub. Bank sektorunun işçi heyətinin sayında artım mart ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin mart ayında işçi sayı 0.4% (66 nəfər) artaraq 17 min 749 nəfər təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et