Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə əmlak vergisinin ödənilməsi | Banco.az

Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə əmlak vergisinin ödənilməsi

Vergi Məcəlləsinin 199.12-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya vergi ödəyicisinin razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aid edilir. İqtisadçı ekspert Əbdülhüseyn Abdullayev qeyd edib ki, bu güzəşt hüququ vergi ödəyicilərinə aşağıdakı 2 şərt nəzərə alınmaqla şamil edilir:

  • hesabat ilində digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği özəlləşdirilməsi başa çatmış əmlaka görə həmin hesabat ili üçün dövlət büdcəsinə hesablanmış və ödənilmiş verginin məbləğindən az olmasın;
  • ödənilmiş əmlak vergisinin qaytarılmasına dair ərizə ilə müraciət edildiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmasın.

Misal: Tutaq ki, müəssisə tərəfindən 2019-cu ildə özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə 2020-ci ildə 5.000 manat əmlak vergisi hesablanmış və ödənilmişdir. Vergi ödəyicisinin digər vergilər üzrə hesablanmış və ödəmiş olduğu verginin məbləği isə 10.000 manat təşkil etmişdir və müraciət etdiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergi, faiz və maliyyə sanksiyaları üzrə borcu olmamışdır. Bu halda, Vergi Məcəlləsində qeyd edilmiş şərtlərə əməl olunduğunu nəzərə alaraq ödənilmiş 5.000 manat əmlak vergisi vergi ödəyicisinə qaytarılır və ya vergi ödəyicisinin razılığı ilə digər vergilərlə əvəzləşdirilir.

Ən sərfəli kredit üçün müraciət et

Onu da qeyd edək ki, vergi ödəyicisi bu güzəşt hüququndan, özəlləşdirmənin başa çatdığı hesabat ili də daxil olmaqla, güzəştin qüvvədə olduğu müddət ərzində istənilən hesabat ilində istifadə edə bilər. Güzəşt hüququ eyni əmlaka görə yalnız bir hesabat ili üzrə tətbiq edilir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et