Orxan Şahbaz: “Hamı elə bilirdi ki, dövlət universitetində oxumursansa, deməli heç nə öyrənə bilməyəcəksən” | Banco.az

Orxan Şahbaz: “Hamı elə bilirdi ki, dövlət universitetində oxumursansa, deməli heç nə öyrənə bilməyəcəksən”

Karyerasına marketdə satıcı olaraq başlayıb. Təhsil haqqını ödəmək üçün satıcı, fəhlə kimi işlərdə işləyib. Amma bununla yanaşı daima özünü inkişaf etdirməyə çalışıb. Düşünür ki, insan yalnız özünü inkişaf etdirdiyi halda uğur qazana bilər. Qeyd edim ki, müsahibim “ORKHANWAY” coaching şirkətinin təsisçisi, Beynəlxalq Əmək Təşkilatının (İLO) biznes təlimçisi Orxan Şahbazdır. O, hazırda İsveçrənin Sürix Universitetində neyro-marketinq ixtisası üzrə magistr təhsili alır. Bundan başqa, müsahibim Şotlandiyanın  Qlazqo Universitetində psixologiya üzrə təhsil imkanı qazanıb.

Başqa universitet qalmamışdı ki...

Həmsöhbətim 1992 – ci ildə anadan olub. Orta məktəbi bitirən Orxan, Odlar Yurdu Universitenin Biznesin İdarəedilməsi ixtisasına qəbul olur: “2010 – cu ildə  Odlar Yurdu Universitetinə qəbul oldum. Təəssüflər olsun ki, bizdə digər ölkələrdən fərqli olaraq özəl universitetlərə birmənalı yanaşma yoxdur. Atamla – anam deyirdi ki, başqa universitet qalmamışdı ki, getdin özəl universitetə qəbul oldun. Düzdür balım 400 – dən çox olduğuna görə illik ödənişimdə bir qədər endirimlər oldu. Amma yenə də ailəmin bu pulu ödəməyə imkanı çatmırdı. Məcbur qalıb işləməyə başladım. İlk dəfə marketlərin birində satıcı işləməyə başladım. Universitetdə imkanlı tələbələri gördükcə bir az pis olurdum. Mən illik ödənişimə görə əziyyət çəkib işləyirdim, onlar isə gəzib, əylənirdilər. Daha sonra xəstəxanada fəhlə işləməyə başladım. Bu işləri sevməsəm də öz pulumu özüm qazanırdım. Amma  işləməyimə baxmayaraq universitetdə sosial aktiv biri idim. Müxtəlif təlimlərə qatılır, əlaqələrimi genişləndirirdim. Həmin vaxtlar sırf pul qazanmaq, təhsil haqqını ödəmək üçün işləyirdim. Amma aktiv fəaliyyətlə, necə deyərlər, gələcəkdə “adam olmaq” üçün məşğul olurdum. Birinci kursda ingilis dilinin əsaslarını öyrənməyə başladıq. Çoxları buna inanmasa da, universitetdə bizə yüksək səviyyədə təhsil verilirdi. Ailəm də daxil olmaqla hamı elə bilirdi ki, dövlət universitetində oxumursansa, deməli heç nə öyrənə bilməyəcəksən”.

“Kor – peşman geri qayıtdım”

Üçüncü kursda bir şirkətdə marketinq menecer kimi işləməyə başlayan müsahibim, universiteti bitirdikdən sonra işsiz qalır: “Mən biznes üzrə təhsil alsam da özümü marketinq istiqamətində inkişaf etdirirdim. Çünki mənim bu sahəyə marağım var idi. Bir müddət orda işlədikdən sonra oradan da ayrıldım və ABŞ – a getdim. Təhsil aldığım Lincoln Universitetinə Azərbaycan universitetləri ilə tələbə mübadilə proqramı əsasında getmişdim. Təhsil haqqım ödənilsə də, yaşayış xərcləri bura daxil deyildi. Orada həyat səviyyəsi çox yüksək olduğundan qiymətlər də baha idi. Orada hətta kitabxanada yatdığım günlər də olub. ABŞ – da cəmi  bir il təhsil alsam da, burada  3 – 4 il ərzində öyrənə biləcəklərimi orada qısa müddət rəzində mənimsəyə bildim. Universiteti bitirdikdən sonra bir müddət işsiz qaldım. Hərbi xidmətə yollananda fikirləşirdim ki, mən xüsusi təyinatlı olacam. Amma bunu ailəm bilmirdi. Bu sahəyə çox həvəsim var idi, amma zədə aldıqdan sonra dayandırmalı oldum. Kor – peşman geri qayıtdım. Hələ hərbidə olanda fikirləşirdim ki, əgər bu da alınmasa mən nə edəcəm? Amma bu sualıma cavab tapa bilmirdim”.

Hərbi xidmətdən qayıtdıqdan sonra bir şirkətə CV göndərən Orxan yenə istəyinə çata bilmir: “Şirkət Serbiyada yerləşirdi. Dörd dəfə müsahibəyə getdim və hamısında da seçildim. Əsgərlikdən cəmi bir həftə olar qayıtmışdım və evdəkilərə dedim ki, Serbiyaya gedirəm. Amma müəyyən səbəblərdən bu iş də alınmadı. Həmin vaxt, çox pis oldum. Həmin gün dostum da başqa bir şirkətə CV vermişdi. Bekar idim və qanım qara idi deyə, mən də onunla getdim. Ofisə çatan kimi ingilis dilini bilib – bilmədiyimizi soruşdu. Mən hə dedim və məni içəri dəvət etdilər. Dostum üçün gəlsək də, iş mənə qismət oldu. Bir müddət orada işlədim və biznesin inkişafı üzrə kiçik mütəxəssis vəzifəsinə yüksəldim. Orada işlədiyim müddətdə “ORKHANWAY” ideyası beynimdə yarandı. Biznesin inkişafı departamentində işləsəm də bu mənim istədiyim yer deyildi. Təcrübələrimi artırmaq baxımından orada işləməyimin mənə böyük faydası oldu. Amma gələcəyimi orada görmürdüm. Beləcə oradakı işimdən ayrılıb başladım öz işimi qurmağa”.

“Şirkət  qurduğumu deyəndə ailəm elə  bildi ki, hansısa təriqətə qoşulmuşam”

Öz şirkətini qurmaq ideyası evdə müsbət qarşılanmır: “Atam deyirdi ki, o boyda maaşlı işdən çıxmaqla sən böyük səhv etdin. Evdə böyük narazılıqlar oldu. “ORKHANWAY” Coaching adlı şirkət qurduğumu deyəndə elə bildilər hansısa təriqətə qoşulmuşam. Pulum olmadığına görə borca pul almışdım. Həmin ərəfədə evin xərcləri də mənim üstümdə idi. Bir müddət buna görə ailədə söz – söhbət oldu. Amma işlədiyim müddətdə təlimlərə getmişdim. İndi isə bunu daha da təkmilləşdirməyə başladım. Ödənişli yaxud ödənişsiz olmasından asılı olmayaraq dəvət olunduğum bütün təlimlərə gedirdim. İş elə gətirdi ki, qısa müddətdə özümü tanıda bildim. Məqsədim özümü tanıtmaq və irəliyə getmək idi. Daha sonra məni bir şirkət dəvət etdi və mən onlara təlim keçməyə başladım. O vaxtı mənim 350 manata keçdiyim təlimlərin qiyməti indi 1500-2000 manatdır. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir layihəsində iştirak etdim və biznes təlimçisi kimi işə götürüldüm. Mənim təlim keçdiyim 27 nəfərdən 25 nəfərinə öz biznesini qurmaq üçün pul verildi. Bu özü böyük uğur idi.  Zamanla mən də beynəlxalq dərəcəli biznes təlimçisi oldum və getdikcə daha çox tanınmağa başladım. Əvvəllər mənim pulsuz keçdiyim təlimlər tanınmağımda və əlaqələrimin genişlənməsində mənə böyük  faydası oldu. Gördüyüm işlərin nəticəsində 1 – 0 öndə idim. İndi neyro – marketinq üzrə şirkətlərdə təlim keçirik. Bu hələ Azərbaycanda o qədər də yayılan bir sahə deyil və demək olar ki, ölkədə cəmi bir neçə adam bu işlə məşğul olur”.

Ən sərfəli kredit üçün müraciət et

Həmsöhbətim bizimlə neyro – marketinq haqqında bəzi məqamları bölüşdü: “Ənənəvi marketinq müştəri ilə münasibətləri nizamlayır. Neyro – marketinq isə beyinlə marketinqin birləşməsidir. Neyro – marketinqdə ənənəvi yanaşmalar sıradan çıxır və yeni yanaşma üsulları tətbiq olunur. Burada müştəri ilə yeni münasibət üsulları müəyyənləşir. Əslində neyro – marketinq müştəri beyninin analizi və marketinqin birləşməsindən əmələ gəlib. Neyro – marketinqdə standart satış, marketinq təlim modellləri artıq geridə qalıb. Müştərilər,  artıq eynilikdən bezib. Məsələn, mağazaya daxil olarkən demək olar ki, bütün satıcılar eyni qəlib ifadələrdən istifadə edir. Neyro – marketinq qəlibləşmiş ifadələri sıradan çıxarır. İnsan beyni fərqli fikir qəbul etdiyi zaman daha rahat şəkildə adaptasiya ola bilir. Çalışıram ki, neyro – marketinq və biznes təhsilimi birləşdirim və biliklərimi Azərbaycandakı reallıqlara uyğunlaşdırdım. Bu çox önəmlidir”.

Deyir ki, marketinq elə bir sahədir ki, burada yaradıcılıq qabiliyyəti böyük rol oynayır. Amma neyro – marketinqdə hibrid düşüncə daha vacibdir: “Yəni, sən mövcud olanı fərqli şəkildə təqdim etməyi bacarmalısan. Ona görə də neyro – marketinqlə məşğul olan insanın yumor, satira hissi və  hibrid düşüncəsi olmalıdır. İstənilən bir məsələyə tam ciddi, olduğu kimi baxsan sən bu sahədə uğur qazana bilməyəcəksən. Bütün bunlarla yanaşı, daim insanlarla ünsiyyətdə olmaq vacibdir. İnsanların nəyi necə istədiyini bilmək çox önəmlidir. Bu mənada sosial şəbəkələr bizim işimizi xeyli asanlaşdırır. Amma sosial şəbəkəni çoxlu izləyici yığıb getdiyin restoranı reklam etmək üçün istifadə etməməlisən. Sosial şəbəkələr insana əlaqələrin qurulması, yeni insanları tanımaq üçün geniş imkanlar verir”.

“Məsləhət verən insanlardan uzaq durun”

Bu sahəyə yeni başlayanlara hansı tövsiyələriniz var sualına isə həmsöhbətimin cavabı xeyli yaradıcı oldu. Orxan deyir ki, onun ən böyük məsləhəti odur ki, sizə məsləhət verən insanlardan uzaq durun: “Nə məsləhət verməyi, nə də almağı xoşlamıram. Çünki cəmiyyətimizdə hər kəs bir – birinə məsləhət verir. Amma bununla heç kim heç nə qazanmır. Ona görə də kiməsə məsləhət yox təklif verməyin tərəfdarıyam. Uğurun yeddi sirri, xoşbəxt olmağın 32 qanunu və s. kimi şablonları sevmirəm. Amma ümumilikdə, neyro – marketinqə yeni başlayanlara onu təklif edə bilərəm ki, insan beynində gedən fizioloji və psixoloji prosesləri dərindən mənimsəsinlər. Öyrəndikləri bilikləri yerli şəraitə uyğunlaşdırmaq çox vacibdir. Bu sizə işi daha rahat etməyə imkanı yaradır”.

Sonda müsahibimin gələcək planları haqda da soruşduq. Söylədi ki, əsas hədəfi öz sahəsində daha da inkişaf etmək, markalaşmaqdır: “Məqsədim “ORKHANWAY” coaching adı altında brendə çevrilməkdir. Mənim əsas missiyam məhz budur. Beş il sonra dünyaya çıxmaq, dünyada tanınmaq istəyirəm”.

Şəbnəm Mehdizadə, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et