Ölkədə satılan hər 3 yeni avtomobilin 2-i kreditlə alınır | Banco.az

Ölkədə satılan hər 3 yeni avtomobilin 2-i kreditlə alınır

İctimaiyyət arasında olduqda, son günlər ərzində ən çox müzakirə olunan məsələlərdən birinin avtomobil kreditlərinin verilməsinin dayandırılması olduğunun şahidi oluruq. Hər kəs öz düşüncəsinə görə, bu məsələyə bir cür aydınlıq gətirməyə çalışır, kimi bunu “tıxaclarla”, “kimi lizinqə süni olaraq dəstək göstərilməsi” niyyəti ilə, kimi də kreditləri ödəyə bilməyən insanların avtomobillərinin banklar tərəfindən əlindən alınması və  ya bankların lazımı qədər gəlir götürə bilməməsi ilə izah edir.

Bu məsələnin əsl səbəbləri, həmçinin kreditləşmənin dayandırılmasının davam edəcəyi təqdirdə, bunun avtomobil, bank və sığorta bazarına təsirinin necə olacağı barədə müzakirə aparmaq üçün iqtisadçı ekspert Samir Əlieyev ilə görüşdük.  Samir müəllimin isə məsələyə öz yanaşması var.  Belə ki, ekspert avtomobillərin kreditləşməsinin dayandırılmasını daha çox yanacaq tələbatı ilə əlaqələndirir.

Ekspert bildirir ki, avtomobil kreditlərinə qadağanın qoyulması məhz yanacaqla bağlı olan məsələdir: “Yanacağa olan tələbat sürətlə artır və  mövcud neft emalı zavodunun mümkün tələbatı qarşılamağa artıq gücü çatmır. Diqqət yetirsəniz ölkə daxilində də benzinin qiyməti yüksəldi, lakin bunun ARDNŞ-ə heç bir xeyri olmadı, sadəcə aksiz vergiləri artdı və qiymət bahalaşdı. Sonra ölkəyə idxal olunan neftdən aksizlər və vergi rüsumları götürüldü. Bununla da xarici bazarla daxili bazardakı qiymətlər arasında fərq minimuma endirildi. Bundan sonra idxalın da artımını gözləməyə dəyər, bu vaxta qədər 98 markalı benzin idxal olunurdu, indi isə 92 və 95-in də idxalı başlayacaq – deyə Samir müəllim məsələyə münasibət bildirdi.

Əgər belə davam edərdisə, biz yaxın müddətdə neft  ixracatçısından neft idxalatçısına çevrilə bilərdik.

“Avtomobillərin sayının ildə ən azı yüz min artması imkan vermirdi ki, bizdə yerli neft emalı zavodları daxili tələbatı ödəsin. Əgər belə davam edərdisə, biz yaxın müddətdə neft  ixracatçısından neft idxalatçısına çevrilə bilərdik. Buna görə bu addım vasitəsi ilə ölkəyə avtomobil gətirilməsini məhdudlaşdırmağa çalışırlar - ekspert kreditlərin dayandırılmasının səbəbini məhz bu faktorla əlaqələndirdi. 

Samir müəllim qeyd edir ki, əgər avtomobil kreditlərinin verilməsinə qadağa uzun müddət davam edərsə bu, təkcə bank sektorunda yox, həmçinin iqtisadiyyatın digər sektorlarında, o cümlədən sığorta bazarında, avtomobil satışı bazarında ciddi fəsadlar törədəcək. Baxmayaraq ki, o, yaxın müddətdə avtomobil kreditlərinin verilməsinin bərpa olunacağını gözləyir, lakin eyni zamanda söyləyir ki, dəqiq bilmək olmaz, ola bilsin ki, qadağa hələ bu bir neçə ay da davam etsin.

“Ola bilər ki, bəzi banklar vəziyyətdən hər hansı bir yolla çıxış tapsın və kreditləşməyə davam etsin?”- sualına gəldikdə isə Samir müəllim bildirdi ki, “Banklar bunu edə bilməz, Mərkəzi Bank qeyri-rəsmi qadağa qoyub. Biz hətta eşitdik ki, bəzi banklar təşəbbüs göstərib, ancaq “tənbeh” ediliblər. Yəqin ki, fevralın sonuna, uzağı aprelə qədər avtomobil kreditlərin verilişi bərpa olunacaq. 

Qeyd etdiyimiz kimi, ucuz kredit dövrü və ya ucuz avtomobil krediti dövrü artıq keçmişdə qaldı.

Bundan sonra kredit verilişi bərpa olunsa belə, təbii ki bərpa olunacaq, şərtlər daha da sərtləşdirilmiş və ağır olacaq. Avtomobil kreditini əldə etmək əvvəlki kimi asan olmayacaq. Güman ki, ilk növbədə ilkin ödənişlər artırılacaq. Digər ağırlaşdırıcı şərtlər də daxil edilməsi ehtimal olunur. Hər bir halda daha dəqiqi yeni qaydalar açıqlananda bilinəcək – o qeyd etdi.

Avtomobil bazarı ilə bağlı vəziyyətə gəldikdə isə o söylədi ki, bir müddətlik bazarda sakitlik olacaq. Qiymət sabitliyi fevralın sonuna və martın əvvəlinə təsadüf edəcək. O vaxta qədər avtosalon sahibləri və ticarət obyektlərin yiyələri qiymətləri nəyin bahasına olursa-olsun aşağı düşməyə qoymamağa çalışacaq. Yaz aylarından başlayaraq avtomobil bazarında ucuzlaşma müşahidə ediləcək. Ilk növbədə, təkrar maşın bazarında, yəni ikinci əl və köhnə avtomobil satılaşlarının qiyməti enəcək. Qiymət enişləri avtomobil salonlarından da yan keçməyəcək. Araşdırmalar göstərir ki, belə ki satılan hər 3 yeni avtomobilin 2-i kreditlə alınır.

Ən sərfəli kredit üçün müraciət et

“Hələ ki, bazarda ciddi qiymət dəyişikliyi yoxdur, qadağa uzun müddət davam etdiyi halda qiymətlərdə enmə müşahidə oluna bilər ki, bu da yaz aylarına təsadüf edəcək . O zamana qədər avtomobil salonları imkan daxilində qiyməti saxlamağa, enməməyə qoymamağa çalışacaq. Sonra isə təbii prosesin qarşını almaq mümkün olmayacaq, tələbat olmadığı üçün qiymət düşəcək”  - Samir müəllim bildirdi.

“Amma burda başqa bir amildə də var, bu isə Evro 4 standartlarına keçiddir. Aprel ayından sonra ölkəyə aşağı keyfiyyətli maşınların idxalı qadağan olunacaq. Bu ola bilsin ki, qiymətlərin ucuzlaşmasını, aşağı enməsini əngəlləsin.

Bu gün avtokreditlər bərpa olunsa, maşın bazarında ciddi ucuzlaşma baş verməyəcək, amma qadağa qalarsa yaxın bir iki ay ərzində qiymətlərin ciddi enməsini gözləmək olar”

Bank sektorunda yaşanan bu hadisələr sığorta bazarına da təsirsiz ötüşməyəcək, çünki elə şirkətlər var ki, məhz avtomobil sığortası, xüsusən də kasko sığortası üzrə ixtisaslaşıblar. Bu sığorta növlərinə isə daha çox bank krediti ilə alınan avtomobil sahibləri müraciət etməli olur.

Samir müəllimin bu məsələ ilə də bağlı fikirlərini öyrənməyə çalışdıq. O bildirdi ki, təbii ki, olanların sığorta bazarına təsir etməməsi mümkünsüzdür. Çünki əksər banklar, sığorta şirkətləri və avtosalonlar birlikdə çalışır, bir şəbəkə kimi fəaliyyət göstərirlər. Ona görə də bu sahə üzrə ixtisaslaşmış şirkətlər zərərlə üzləşəcəklər:

“Təbii ki, sığorta bazarı indi-indi dirçəlməyə başlamışdı. ona görə də bu addım öz təsirini göstərəcək və problemlər yaradacaq. Bizim müşahidələrə əsasən əgər avtokreditlərin verilməsi tezliklə bərpa olunmazsa, bu sığorta bazarının təxminən 10%-ə qədər azala bilər. Belə ki sığorta bazarında avtomobillərin könüllü sığortalanması və bank tərəfindən yönləndirilməsi çox əhəmiyyətli dərəcə də paya malik idi. Ona görə də hansısa sığorta şirkətinin bazarı tərk etməsini və ya işçilərini ixtisar etməsini gözləmək olar. İxtisar dalğası həm bank sektorunu, həm də sığorta bazarını əhatə edəcək – Samir müəllim bildirib.

Sonda ekspert onu da əlavə etdi ki, istər istehlak kreditlərinin sərtləşdirilməsi, istərsə də avtomobil kreditlərinin müvəqqəti dayandırılması bankların gəlirlərinin əhəmiyyətli dərəcədə gətirib çıxaracaq: “Müştərinin maliyyə imkanlarının sübut edən sənədin -  arayışın tələb olunması bank müştərilərinin kəskin azalmasına gətirib çıxaracaq. Çünki çox sayda müştəri işləsələr də gəlirini rəsmi olaraq sübut edə bilmir. Nəticədə müştəri kontingenti xeyli dərəcədə azalacaq. Deməli, az müştəri uğrunda sərt rəqabət gedəcək. Münasib müştərinin olmaması səbəbindən bank kreditlərinə tələbat azalacaq. Bu da bank gəlirlərinə mənfi təsir göstərəcək.

Banklar gəlirlərinin azalmasını kompensasiya etmək üçün xərclərini azaltmalıdır. Buna isə inzibati xərclərin azaldılması, yəni ixtisarlar, filialların bağlanması və s. hesabına nail olmaq olar.  Deməli, filialların bağlanması məsələsi gündəmə gəlir. Hazırda 700 filial, 148 bank şöbəsi fəaliyyət göstərir. Onların böyük hissəsi paytaxt ətrafında cəmləşib. Məncə, ilkin mərhələdə filialların ixtisarı paytaxtdan başlaya bilər. Banklar bir-birinə yaxın filialları bağlaya bilərlər. Və ya filialların iriləşməsi prosesi gedə bilər. Məsələn, bank 2 filialı bağlayıb əvəzində daha iri böyük filial yaradır. Bununla da paralel vəzifələri ixtisar edir. Sonrakı mərhələdə banklar bölgələrə də keçə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et