Nikoyl Bank-ın maliyyə göstəriciləri AÇIQLANDI | Banco.az

Nikoyl Bank-ın maliyyə göstəriciləri AÇIQLANDI

“Nikoyl Bank” ASC 2019-cu ilin birinci yarısını (yanvar-iyun dövrünü) 2 milyon 746 min manat xalis mənfəət ilə başa vurub. Xatırladaq ki, Bank 2019-cu ilin birinci rübünü (yanvar-mart dövrünü) 3 milyon 26 min manat xalis  mənfəətlə bağlamışdı. Beləliklə, “Nikoyl Bank” 2-ci rübdə (aprel-iyun dövründə) 280 min manat zərər edib.

Müqayisə üçün qeyd edək ki, “Nikoyl Bank” 2018-ci ilin birinci yarısını 45 milyon 860 min manat zərər ilə bağlamışdı.

 

GƏLİRLƏRİ AZALIB

Ötən ilin birinci yarısında “Nikoyl Bank”ın faiz gəlirləri 32 milyon 601 min manat ikən, 2019-cu ilin birinci yarısında 31 milyon 369 min manat təşkil edib. Qeyri - faiz gəlirləri isə 3 milyon 545 min manatdan 2 milyon 708 min manata düşüb. 2019-cu ilin 1-ci yarısında ötən ilin 1-ci yarısı ilə müqayisədə "Nikoyl Bank"ın faiz gəlirləri 1 milyon 232 min manat və ya 3,8%, qeyri-faiz gəlirləri isə 837 min manat və ya 23,6% azalıb.

 

XƏRCLƏRİ ARTIB

Cari ilin ilk 6 ayında Bankın cəmi gəlirləri 34 milyon 77 min manat, cəmi xərcləri 22 milyon 196 min manat, əməliyyat mənfəəti 11 milyon 881 min manat təşkil edib. Ötən ilin ilk 6 ayında “Nikoyl Bank”ın cəmi gəlirləri 36 milyon 146 min manat, cəmi xərcləri 18 milyon 577 min manat, əməliyyat mənfəəti 17 milyon 568 min manat təşkil etmişdi.

2019-cu ilin 1-ci yarısında ötən ilin 1-ci yarısı ilə müqayisədə "Nikoyl Bank"ın faiz xərcləri 1 milyon 3 min manat və ya 12% azalıb, qeyri-faiz xərcləri isə 4 milyon 622 min manat və ya 45% artıb.

 

EHTİYATLARA AYRILAN VƏSAİT KƏSKİN AZALIB

Bu il Bank 11 milyon 881 min manat əməliyyat mənfəətinin 9 milyon 135 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Nəticədə Bankın 2 milyon 746 min manat xalis mənfəəti qalıb.  Ötən ilin birinci yarısında “Nikoyl Bank” 17 milyon 568 min manat əməliyyat mənfəətinə qarşı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 63 milyon 429 min manat ayırdığından 45 milyon 860 min manat zərər yaranmışdı.

Ən sərfəli kredit üçün müraciət et

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

30 İyun 2019-cu il tarixində "Nikoyl Bank"ın cəmi aktivləri 429 milyon 27 min manat (o cümlədən 263 milyon 210 min manatı müştərilərə verilən kreditlər), cəmi öhdəlikləri 359 milyon 921 min manat (o cümlədən 256 milyon 720 min manatı depozitlər), cəmi balans kapitalı isə 69 milyon 106 min manat təşkil edib. 

31 Dekabr 2018-ci il tarixində "Nikoyl Bank" 417 milyon 40 min manat cəmi akktivlərə (o cümlədən 282 milyon 713 min manatı müştərilərə verilmiş kreditlər), 351 milyon 367 min manat cəmi öhdəliklərə (o cümlədən 228 milyon 666 min manatı depozitlər) 65 milyon 672 min manat cəmi balans kapitalına malik idi. 

2019-cu ilin Yanvar ayında Gürcüstanın bank sektorunun lideri "TBC Bank" və Azərbaycan bankı “Nikoyl Bank” arasında səhmdar sazişi imzalanıb. Saziş “TBC Kredit”in “Nikoyl Bank” ilə birləşməsini nəzərdə tutur.
Birləşmə nəticəsində "TBC Bank" “Nikoyl Bank”ın nizamnamə kapitalında 8.34% paya sahib olacaq.

“Nikoyl Bank”ın saytında 15.05.2019-cu il tarixinə səhmdarların tərkibi barədə verilən məlumata görə, Bankın nizamanmə kapitalının 4,22%-i fiziki şəxslərə, 0,10%-i İSR Holdinq MMC-yə, 95,68%-i isə "Topaz İnvetment Limited" MMC-yə məxsusdur. Qeyd edək ki, "Topaz İnvetment Limited" MMC Azərbaycan əsilli milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərova məxsusdur. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et