Neft Fondu aktivlərini 9%-ə yaxın artırıb | Banco.az

Neft Fondu aktivlərini 9%-ə yaxın artırıb

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 8 793,4 mln. manat, büdcə xərcləri isə 6 911,7 mln. manat təşkil edib.

Bu barədə Fonda istinadən xəbər verilir.

Məlumata görə, 9 ay ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 976,7 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 957,8 mln. manat, bonus ödənişləri 2,4 mln. manat, akrhesabı ödənişləri 3,6 mln. manat, tranzit gəlirləri 12,9 mln. manat, vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 816,7 mln. manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəliri 582,4 mln. manat olub.

Hesabat dövründa Fond büdcəyə 4,3 mlrd. manat vəsait transfert edib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 82,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,5 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 17,2 mln. manat vəsait ayrılıb. 11,2 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 448,3 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. İdarəetmə xərcləri isə 13 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu il oktyabrın 1-ə ARDNF-in aktivləri ilin əvvəlinə (33,147 mlrd. ABŞ dolları) nisbətən 8,67% artaraq 36,02 mlrd. dollar təşkil edib. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et