Mülki və iqtisadi mübahisələrin barışıq yolu ilə həlli qaydası müəyyənləşib | Banco.az

Mülki və iqtisadi mübahisələrin barışıq yolu ilə həlli qaydası müəyyənləşib

Nazirlər Kabineti “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nı təsdiqləyib. Mediasiya prosesi "Mediasiya haqqında" Qanuna, bu Qaydaya, bu Qaydaya uyğun olaraq hazırlanmış mediasiya təşkilatının daxili qaydasına (olduğu halda) və mediatorların peşəkar etik davranış qaydasına uyğun olaraq həyata keçirilir.

Mediasiya prosesinin tərəfləri hüquqi və fiziki şəxslər (o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlardır.

Tərəflərin hüquqları aşağıdakılardır:
- mediasiya təşkilatını və ya mediatoru seçmək və onlardan imtina etmək;
- mediasiyanın aparılmasında şəxsən və ya etibarnamə əsasında təmsilçi vasitəsilə iştirak etmək;
- mediasiya prosesi və onun mümkün nəticələri barədə məlumat almaq;
- qarşılıqlı razılaşma əsasında qanunvericiliyə uyğun olaraq mediasiya prosesinin tətbiqinin, onun həyata keçirilməsinin və başa çatdırılmasının bütün şərtlərini sərbəst şəkildə müəyyən etmək;
- öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə etmək;
- tələblərinin həcmini artırmaq və ya azaltmaq;
- mübahisənin həll edilməsi ilə bağlı təkliflər vermək;
- qarşılıqlı razılaşma əsasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”yə əlavə və dəyişikliklər etmək;
- mediatorla ayrı-ayrılıqda görüşlər keçirmək;
- Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

Tərəflərin vəzifələri aşağıdakılardır:
- barışıq sazişinin icrasını təmin etmək;
- mediasiya prosesinin konfidensiallığını qorumaq;
- Qanuna, bu Qaydaya, habelə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə riayət etmək;
- Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.
Mediator peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, qanunun tələblərinə cavab verən fiziki şəxsdir.

Qanunun tələbləri nəzərə alınmaqla, mediatorun hüquqları aşağıdakılardır:
- öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsilə mediasiya fəaliyyətini həyata keçirmək;
- tərəflərlə razılaşdırılmış xidmət haqqı almaq;
- mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək;
- konfidensiallıq prinsipini gözləməklə, ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq;
- nümayəndə ilə təmsil olunan tərəflə nümayəndəni məlumatlandırmaqla birbaşa əlaqə saxlamaq;
- Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

Mediatorun vəzifələri aşağıdakılardır:
- mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etmək;
- mediasiya başlananadək tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etmək;
- mediasiya bitdikdən sonra tərəflərin ona verdiyi sənədləri geri qaytarmaq;
- iki ildə bir dəfədən az olmayaraq, qanunda nəzərdə tutulmuş ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat almaq;
- bu Qaydaya, mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, habelə mediatorların peşəkar etik davranış qaydasına əməl etmək;
- mediasiyanın davam etdirilməsinin mübahisənin həllinə gətirməyəcəyi qənaətinə gələrsə, mediasiyanı aparmaqdan imtina etmək və ya tərəflərin yazılı razılığı ilə mediasiyanın prosesinə xitam vermək;
- mediasiya prinsiplərinə riayət etmək;
- mediasiya Şurası tərəfindən Qanuna uyğun olaraq qəbul olunan qərarları icra etmək;
- mediasiya prinsipləri əsasında mediasiyanı həyata keçirə bilmədikdə, dərhal öz-özünə etiraz etmək;
- Qanunda nəzərdə tutulmuş qadağa və məhdudiyyətlərə əməl etmək;
- Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.
Mediasiya prosesi tərəflər arasında bağlanılan “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədilə həyata keçirilir. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir. Mediasiya prosesi tərəflərin qarşılıqlı razılıq əsasında müəyyən etdiyi dildə aparılır. Mediasiya prosesi baxılan hər bir mübahisə ilə bağlı işin halları, tərəflərin istəkləri, mübahisənin tez həll edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir. Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq, tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinədək uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla,“mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur.
Mediasiya danışıqlar şəraitində həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir:
- mediasiya prosesinə hazırlıq;
- mediasiya prosesinin başlanılması;
- tərəflərin mübahisənin mahiyyətini açıqlaması;
- tərəflərin hər biri ilə ayrı-ayrılıqda danışıq;
- mübahisənin həlli üçün təkliflərin hazırlanması;
- mediasiya prosesinin yekunlaşdırılması;
- mediasiya prosesinə xitam verilməsi;
- barışıq sazişinin icrası.
Mediasiya prosesinə hazırlıq zamanı mediasiya üçün müraciət edən tərəf mediasiya təşkilatı və ya mediatora mübahisənin xarakteri barədə qısa məlumat, mübahisənin tərəflərinin və əgər vardırsa, mediasiyada onları təmsil edəcək vəkilin və ya nümayəndənin əlaqə məlumatlarını təqdim edir. Mediasiya prosesi başlayanadək tərəflər öz mövqelərini qiymətləndirir, barışıq və güzəşt imkanlarını nəzərdən keçirir və əgər ehtiyac vardırsa, müvafiq sahənin mütəxəssisi (vəkil, hüquqşünas, müvafiq texniki sahədə mütəxəssis və s.) ilə məsləhətləşməlidirlər. Tərəflər özlərinin və ya mediatorun təşəbbüsü ilə işin daha yaxşı başa düşülməsinə köməklik edə bilən əlavə məlumat və digər sənədləri də mediator və digər tərəfə təqdim edə bilərlər. Tərəflərdən hər hansı biri belə məlumat və sənəd təqdim etmişdirsə, mediator qarşı tərəfə də öz mövqeyini izah edən belə məlumat və sənədləri təqdim etməyi təklif edə bilər. Tərəfin razılığı olmadan belə məlumat və ya sənədlərin məzmunu digər tərəfə açıqlana bilməz. Mediasiya təşkilatı və ya mediator mediasiya prosesi başlamazdan əvvəl mediasiya sessiyasında iştirak edən tərəflərə öz xidmət haqqı və xərcləri barədə məlumat verməlidir. Mediasiya təşkilatı və ya mediatora müraciət üçün müvafiq formalar mediasiya təşkilatı və ya mediator tərəfindən müəyyən edilir.
Mediasiya prosesi tərəflərdən birinin digər tərəfə mediasiya prosesinin tətbiqi barədə yazılı formada məlumatları (tərəflərin adları və rekvizitləri, mübahisənin predmeti, xərclərin ödənilməsi şərtləri və qaydası, əgər tərəflər arasında digər razılaşma yoxdursa, mediasiyanın keçirilməsinin məxfiliyi haqqında tərəflərin öhdəlikləri və həmin öhdəliyə əməl etməməyə görə məsuliyyət), həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı vardırsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifin göndərildiyi andan başlanılmış sayılır. Əgər qeyd edilən təklif göndərilməmişdirsə, iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan, digər hallarda isə “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı andan başlanılmış sayılır. Mediator mediasiyada iştirak edən tərəflərlə mediasiya prosesinin keçirilməsinin tarixini, saatını və yerini razılaşdırır və ya mediasiya prosesinin keçirilmə tarixi, saatı və yerini əks etdirən bildirişi tərəflərə göndərir. Tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə müvafiq olaraq “Mediasiya sessiyasında iştirak edilməməsi” və ya “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir.
Mediator bu Qaydaya əsasən müəyyən olunmuş tarix, saat və yerdə mediasiya prosesini açır. Mediator öz açılış nitqi ilə tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını, mediasiyanın məqsəd və prinsiplərini, tərəflərin hüquq və vəzifələrini, mediasiya prosesində özünün funksiyalarını, mediasiya prosesinin mərhələlərini və müddətini, habelə barışıq sazişinin hüquqi nəticələrini ətraflı izah edir. Mediator hər hansı tərəflə qohum, dost və ya tanış olması barədə məlumatları, müstəqilliyinə və ya qərəzsizliyinə təsir edə biləcək və ya təsir etmək ehtimalı olan, tərəflərdə onun müstəqilliyi və ya qərəzsizliyi ilə bağlı hər hansı bir şübhə yaratmaq ehtimalı olan və ya maraqların toqquşmasına səbəb olacaq məlumatların olubolmamasını tərəflərə açıqlamalıdır. Əgər hər hansı belə məlumat açıqlanarsa, tərəflər belə məlumatla yazılı şəkildə tanış olmalı və mediatorun mediasiyanı aparmasına yazılı razılıq verməlidirlər. Mediatorun nitqi sadə və aydın dildə ifadə edilməlidir. Mediator tərəfləri təqdim edir, əgər tərəflər arasında ayrı razılaşma yoxdursa, ilkin olaraq mübahisənin mediasiya yolu ilə həll edilməsi üçün müraciət edən tərəfə, daha sonra isə digər şəxslərə söz verir.
Mediasiya prosesində həll edilməsi nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Tərəflər mediasiya prosesində bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Mediator tərəflərə şəxsən iştirak etməyi tövsiyə edir və şəxsən iştirak etməməyin potensial mənfi nəticələrini izah edir. Tərəflər mediasiya prosesində vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilərlər. Tərəflərin razılaşması ilə mediasiya prosesində digər şəxslər də iştirak edə bilər.
Mediasiya prosesi başlanıldıqdan sonra tərəflər baxılması və razılaşdırılması tələb olunan mübahisəli məsələlərin dairəsini müəyyən edirlər. Mediator həmin məsələlərlə bağlı hər bir tərəfə müdaxiləsiz olaraq öz mövqeyini tam şəkildə izah etməyə, həmçinin mübahisənin həlli yolları və arzuolunan nəticələr barədə fikirlərini ifadə etməyə imkan yaradır. Mediator müzakirələr zamanı aktiv dinləyici qismində çıxış edir, müvafiq qeydlər aparır, zərurət yaranarsa mühüm əhəmiyyətli halları müəyyənləşdirmək üçün tərəflərə suallar verir. Müzakirələr mübahisəyə çevrilərsə və ya tərəflər bir-birləri ilə danışıqdan imtina edərsə, mediator tərəflərə onların hər biri ilə ayrı-ayrılıqda danışıqlar aparılmasını təklif edə bilər. Bu halda tərəflərlə aparılan belə ayrı-ayrılıqda danışıqlar zamanı açıqlanan məxfi məlumatların konfidensiallığı təmin olunmalıdır. Danışıqların sonunda mediator müzakirə olunan məsələləri ümumiləşdirə, tərəflərdən hər hansı əlavələrinin olubolmadığını, həmçinin müzakirə olunan məsələlər barədə digər tərəfə hansı məlumatları verə biləcəyini soruşa bilər.
Mübahisənin həlli üçün təkliflərin hazırlanması mərhələsində tərəflər təkliflər verir, təklif olunan variantları təhlil edir və öz fikirlərini bildirirlər. Mediasiya prosesində tərəflər öz mövqelərinə və mübahisənin həlli şərtlərinə dair təkliflərini yazılı və ya şifahi şəkildə bildirirlər. Təkliflər bildirilərkən Azərbaycan Respublikasının qanunvericiliyi, üçüncü şəxslərin hüquqları və qanunla qorunan maraqları nəzərə alınmalıdır. Mübahisənin həlli üçün təkliflərin hazırlanması mərhələsində təqdim olunan təkliflər barışıq sazişinin şərtlərinin icrasının mümkünlüyü baxımından tərəflər və əgər vardırsa, onların nümayəndələri tərəfindən qiymətləndirilir. Mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Hər iki tərəfə açıqlanan belə barışıq təklifi tərəflərin qarşılıqlı razılığı ilə verilir. Əgər tərəflər mediasiya nəticəsində barışıq əldə edirlərsə, mediator tərəflərin xahişi ilə barışıq sazişinin hazırlanmasına kömək edə bilər. Mediator tərəflərin qarşılıqlı razılığı ilə barışıq sazişinin şərtlərini müəyyən edir və tərəflərə bildirir. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanılır. Barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Barışıq sazişi imzalandığı gün tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. Barışıq sazişi təmsilçi vasitəsilə bağlanıla bilər. Təmsilçiyə verilən etibarnamədə onun bu səlahiyyətləri xüsusi olaraq göstərilməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir:
- tərəflər arasında barışıq sazişi bağlanıldıqda;
- mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə;
- tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə;
- tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışdırsa, mediasiya prosesinin müddəti bitdikdə;
- tərəf olan fiziki şəxs öldükdə, hüquqi şəxs ləğv edildikdə və ya fəaliyyəti dayandırıldıqda;
- tərəflərdən biri məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;
- tərəflərdən birinin fəaliyyət qabiliyyətli olmaması və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə;
- mediator və ya mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyündən çıxarıldıqda, həmçinin mediator və ya mediasiya təşkilatı mediasiya prosesindən imtina etdikdə;

Bu Qaydada nəzərdə tutulan halların mediatora məlum olduğu tarixdən 3 gün müddətində mediasiya prosesinə xitam verilməsi haqqında mediator tərəfindən protokol tərtib olunur və imzalanır. Mediasiya prosesinə xitam verilməsi haqqında protokol mediator tərəfindən tərtib olunaraq, imzalandığı tarixdən 1 gün müddətində tərəflərə (nümayəndələrə) təqdim edilməlidir. Protokola mediasiyaya dair konfidensial məlumatların daxil edilməsinə yol verilmir.
Bu Qaydanın ilkin mediasiya sessiyası ilə bağlı müddəaları 2020-ci il iyulun 1-dən qüvvəyə minir.

Ən sərfəli krediti almaq üçün müraciət et