"Muğanbank"ın reytinqləri bir neçə pillə endirilə bilər | Banco.az

"Muğanbank"ın reytinqləri bir neçə pillə endirilə bilər

"Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyi "Muğanbank" ASC-nin reytinqlərini bir və ya bir neçə pillə endirə bilər. "APA-Economics" xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir.

"Gələcəkdə bankın likvidliyinin pozulması davam edərsə və nəticədə defolt ehtimalı artarsa, biz bankın reytinqlərini bir və ya bir neçə pillə endirə bilərik. Bununla yanaşı, kapitallaşma göstəricilərinin zəifləməsi də neqativ reytinq hərəkətinə səbəb ola bilər", - deyə məlumatda vurğulanıb.

Bununla yanaşı, S&P bildirir ki, likvidlik göstəricilərinin yaxşılaşması reytinq üzrə proqnozun müsbət olmasına, hətta reytinqin artırılmasına səbəb ola bilər.

Xatırladaq ki, bu gün S&P "Muğanbank"ın kredit reytinqini "B-/B" səviyyəsindən "ССС+/С" səviyyəsinədək endirib. Reytinq üzrə proqnoz neqativdir.

"Reytinqin endirilməsi özündə bankın kreditləşmə qabiliyyətini ehtiva edir", - deyə agentliyin açıqlamasında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin analitikləri qeyd edir ki, Azərbaycanda hökm sürən əlverişsiz əməliyyat mühiti "Muğanbank"ın likvidliyinə və kapitallaşmasına da neqativ təsir edib.

S&P bildirir ki, 2016-cı ildə bank güclü depozit axını ilə üzləşib. Belə ki, manatın məzənnəsinin korreksiyasını da nəzərə alsaq, bankın depozit portfeli 30% azalıb. "Nəticədə bankın likvidliyi təzyiqlə üzləşib. Yüksək likvidliyə malik aktivlərin həcmi isə təxminən 77% azalaraq 14,5 mln. manata çatıb. Onu da qeyd edək ki, 2017-ci ildə depozit axını səngiyib. Lakin bankın likvidlik ehtiyatı hazırda minimal həddədir ki, bu da riskləri artırır", - deyə məlumatda vurğulanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et