Müasir texnikalardan istifadə aqrar sahədə gəlirlərin və peşəkar işçilərin sayının artmasına səbəb olur | Banco.az

Müasir texnikalardan istifadə aqrar sahədə gəlirlərin və peşəkar işçilərin sayının artmasına səbəb olur

Kənd Təsərrüfatı Nazirliyi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalında müasir texnika və texnologiyalardan istifadəsini artırmaq məqsədilə ixtisaslaşmış texnikalarla tanışlıq tədbirlərinə start verib. Aqrar Kredit və İnkişaf Agentliyinin İsmayıllı rayonunda keçirdiyi "Kartof festivalı" bu strateji əhəmiyyətli məhsulun yığımında əl əməyini azaldan və fermer işini yüngülləşdirən texnikaların nümayişinə həsr olunub. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev də iştirak ediblər. "Prior Leasing", "Claas" və "Grimme" şirkətlərinin sponsorluğu ilə keçirilən tədbirdə fermerlərə dəvət olunmuş xarici mütəxəssislər kartof istehsalında ən müasir modelləri təqdim edən brendlərin texnikalarının xüsusiyyətləri barədə məlumat veriblər.

İsmayıllı fermerləri ilə yanaşı, sponsorların dəstəyi ilə tədbirə gəlmiş Tovuz, Qazax, Gədəbəy, Masallı, Cəlilabad fermerləri də "Grimme KS" kəsim aparatı, "Grimme GF 400" cərgə açan frez, "Grimme GL 430" kartofəkən, "Grimme SE 260" kartofyığan texnikalarının, eləcə də kartof sortlaşdırma avadanlıqlarının fəaliyyətini əyani şəkildə izləmək imkanı qazanıb və "CLAAS AXION 820" modeli ilə tanış olublar.

Ən sərfəli kredit üçün müraciət et

"Məqsədimiz kənd təsərrüfatında fermerlərin ağır əl əməyinin müasir innovativ texnika və avadanlıqlarla əvəz edilməsidir. Kənd təsərrüfatı texnikalarının fermerlərə güzəştli şərtlərlə - 40 faiz subsidiya ilə təqdim edilməsinin, eləcə də texnika bazarının liberallaşdırılmasının, yəni fermerə istədiyi təchizatçıdan texnika seçmək azadlığı verilməsinin əsas səbəblərindən biri də məhz budur. Müasir texnikalardan istifadə aqrar sahədə məhsuldarlığın artmasına, daha peşəkar və bacarıqlı işçilərin çoxalmasına və buna mütənasib olaraq, gəlirlərin də yüksəlməsinə səbəb olar", – deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib.

Qeyd edək ki, ixtisaslaşmış kənd təsərrüfatı texnikaları ilə tanışlıq tədbirləri digər rayonlarda da davam etdiriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et