Mərkəzi Bankın əməkdaşlarını “PAŞA Sığorta” sığortalayacaq | Banco.az

Mərkəzi Bankın əməkdaşlarını “PAŞA Sığorta” sığortalayacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşlarının tibbi sığortalanması məqsədilə təşkil edilmiş açıq tenderdə tibbi sığorta xidmətlərinin təmin olunması üzrə “PAŞA Sığorta” şirkəti qalib elan olunub.
Bununla da, 2014-cü ildə AMB-nin bütün əməkdaşlarının tibbi sığortalanmasını “PAŞA Sığorta”  şirkəti həyata keçirəcək.
Qeyd edək ki, 2013-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda tibbi sığorta üzrə ümumi yığımların həcmi 55,1 mln. manat təşkil edib və tibbi sığorta məcmu sığorta daxilolmalarında 29% paya malikdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur. Bu ilki ümumi tibbi sığorta üzrə yığımların 53,4%-i isə “PAŞA Sığorta” şirkətinin payına düşür.
Ümumiyyətlə, bütün sığorta növləri arasında ən çox ödəniş olan sığorta növü də tibbi sığortadır və tibbi sığorta üzrə ödənişlər bu il ümumi bazarda könüllü sığorta növləri üzrə həyata keçirilən ödənişlərin 56%-ni təşkil edib. Tibbi sığorta üzrə ümumi ödənişlərin 55%-ni isə “PAŞA Sığorta” həyata keçirib.
Qeyd edək ki, «PAŞA Sığorta» sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" Qrupunun üzvü olan "PAŞA Sığorta" korporativ və fərdi müştərilərə 31 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 40 mln. manat və cari aktivlərinin dəyəri 73 mln. manat olmaqla, "PAŞA Sığorta" kapitallaşma göstəricisi və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrarsığorta bazarında lider üçlükdə mövqeyini gücləndirib.

Ən sərfəli kredit üçün müraciət et

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et