Mərkəzi Bankda “Kibertəhlükəsizlik günü” | Banco.az

Mərkəzi Bankda “Kibertəhlükəsizlik günü”

Beynəlxalq aləmdə informasiya-kommunikasiya texnologiyaları sahəsində baş verən çağırışların davamlı izlənilməsi və innovativ həllərin bank sferasına çatdırılması Mərkəzi Bankın daim diqqət mərkəzindədir. Eyni zamanda, beynəlxalq trendlərə uyğun olaraq ölkədə müasir tələblərə cavab verən informasiya texnologiyaları infrastrukturunun qurulması və maliyyə-bank sektorunda təklif olunan elektron xidmətlərin genişləndirilməsi məlumat mübadiləsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsini, istismarda olan informasiya resurslarının mümkün təhdidlərdən qorunmasını, kibertəhlükəsizlik üzrə ümumi hazırlıq səviyyəsinin yüksəldilməsini və bu sahədə müntəzəm olaraq maarifləndirmə işlərinin aparılmasını vacib edir.

Bu sahədə aparılan işlər çərçivəsində “Microsoft” şirkətinin ölkəmizdə rəsmi nümayəndəliyinin dəstəyi ilə kibertəhlükəsizlik üzrə ekspertlər Mərkəzi Banka dəvət edilmiş və Mərkəzi Bankın əsas inzibati binasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin,  Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və kommersiya banklarının müvafiq əməkdaşlarının iştirakı ilə “Kibertəhlükəsizlik və müdaxilə sınaqlarının mahiyyəti” adlı tədbir keçirilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Keçirilən tədbirdə “İnformasiya təhlükəsizliyi üzrə trendlər”, “Kibertəhlükəsizlik zərurəti”, “Haker təhdidləri”, “Müdaxilə sınaqları üzrə tövsiyələr” mövzularında təqdimatlar keçirilmiş, kiber hücum nümunələri nümayiş etdirilmiş, habelə kibertəhlükəsizliyin gücləndirilməsi üzrə müvafiq tövsiyələr verilmişdir. Təqdimatlar zamanı müasir innovativ həllərin tətbiq sahələri müzakirə edilmiş, informasiya təhlükəsizliyi üzrə risklər və onların minimallaşdırılması istiqamətində preventiv kibertəhlükəsizlik tədbirləri barəsində diskussiyalar aparılmışdır.

Mərkəzi Bank innovativ maliyyə texnologiyalarının genişləndirilməsi, o cümlədən informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq aləmdə baş verən yeniliklərin bank sektoruna çatdırılması istiqamətində bundan sonra da davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini planlaşdırır.

Ən sərfəli krediti almaq üçün müraciət et