Mərkəzi Bank ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur | Banco.az

Mərkəzi Bank ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Mərkəzi Bankın kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, görüş zamanı Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, ölkənin xarici mövqeyi, bank sektorunun inkişafı, Mərkəzi Bankın pul-kredit siyasəti və digər məsələlər müzakirə olunmuşdur.
E.Rüstəmov ölkədəki mövcud makroiqtisadi vəziyyət, 2014-cü il üçün pul və məzənnə siyasəti, maliyyə sabitliyinin gücləndirilməsi, bank sektorunun kapitallaşması və konsolidasiyası, maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat vermişdir.
BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi təmsil etdiyi qurumun ölkəmizlə, eləcə də Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduğunu bildirmişdir. O, 2013-cü ildə Azərbaycanda iqtisadi artımın, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri müsbət qiymətləndirmiş və çevik məzənnə rejiminə keçid, bank sektorunun restrukturizasiyası üzrə BVF tərəfindən texniki yardım göstərilməsinin mümkünlüyünü diqqətə çatdırmışdır.
Görüşdə, həmçinin Mərkəzi Bank ilə BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri, Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının müddəti barədə fikir mübadiləsi aparılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et