Manat ucuzlaşsa da MDB-nin ən möhkəm valyutası olaraq qalır | Banco.az

Manat ucuzlaşsa da MDB-nin ən möhkəm valyutası olaraq qalır

Rusiyada çıxan “Arqumentı nedeli” qəzetində Yevgeni Fyodorovun “Rusiya və Azərbaycan böhran əlacını birgə axtaracaqlar” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə maliyyə mütəxəssislərinin rəyinə istinadla qeyd olunur ki, MDB dövlətlərinin problemləri çox oxşayır. Ekspertlər böhranın çıxış yollarını birgə axtarmaqla uğurla həll olunacağını proqnozlaşdırırlar. Bu, xüsusilə büdcəsi xarici bazarlarda xammal satmaq hesabına formalaşan ölkələrə aiddir. Bu halda dünya bazarında xammalın qiymətinin ucuzlaşması milli valyutaların zəifləməsinin başlıca səbəbi ola bilər. Müəllif yazır: “Bu, iri neft ixracatçıları olan Rusiyada və Azərbaycanda artıq baş verib. Belə vəziyyətdə böhran təzahürlərinə qarşı hər hansı mübarizə təcrübəsi qarşılıqlı şəkildə faydalı ola bilər. Məsələn, hər nə qədər xoşagəlməz nəticələri olsa da, rublun devalvasiyası Rusiya iqtisadiyyatına yeni şans verib, onu daha rəqabətədavamlı edib. Bu, qəbul edilmiş antiböhran tədbirləri ilə bərabər, ölkədə sənayenin tənəzzülünün dərinləşməsini məhdudlaşdıracaq və iqtisadi inkişafın bərpa olunmasına zəmin yaradacaq”.

Məqalədə deyilir ki, bu gün Rusiya və Azərbaycan hökumətləri qarşısında eyni təxirəsalınmaz vəzifə dayanır: daxili bazarda qiymətlərin səviyyəsini saxlamaq, habelə xüsusən xarici valyuta ilə olan kreditlərin və depozitlərin qiymətini sabitləşdirmək.

Qəzet yazır: “Azərbaycanın istehlak bazarında qiymətlər manatın devalvasiyası nəticəsində artan kimi ölkə rəhbərliyi Rusiyada olduğu kimi bütün nəzarət edən qurumlara qiymət monitorinqləri keçirmək və qiymətlərin süni şəkildə qaldırılmasına yol verən şəxslər barəsində ölçü götürmək tapşırığı verdi. Bu, problemi vaxtında nəzarətə götürməyə kömək etdi. Manatın devalvasiyasını eşidən vətəndaşlar ilk növbədə ehtiyat ərzaq və ilkin zərurət malları almağa başladılar. İri məhsul istehsalçıları (Azərbaycanda ərzağın 70 faizi daxili istehsal hesabına formalaşır) buraxılış qiymətlərini artırmadıqlarını rəsmi şəkildə bəyan etdikdən sonra ərzaq bazarında vəziyyət və dərmanların qiyməti sabitləşməyə başladı”.

RF Dövlət Dumasının Maliyyə Bazarı Komitəsi sədrinin müavini Dmitri Savelyevin fikrincə, iqtisadi potensialı və sənaye qüdrəti Azərbaycanın neftin qiymətlərinin kəskin ucuzlaşmasının mənfi təsirinin öhdəsindən gəlməsinə kömək edəcək. Siyasətçi deyir: “Hətta ucuzlaşandan sonra da manat əvvəlki kimi MDB-nin ən möhkəm valyutası olaraq qalır, Rusiya-Azərbaycan iqtisadi tərəfdaşlığının perspektivləri isə ölkələrimiz üçün təsirli antiböhran vasitəsi olmağa qadirdir”.

azertag.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et