"Manat onsuz da üzmürdü?" sualına cavab - İZAH | Banco.az

"Manat onsuz da üzmürdü?" sualına cavab - İZAH

Dünən, 12 yanvar 2017-ci il tarixində açıqlanan qərarla Azərbaycanın həmin gündən etibarən tam "üzən məzənnə"yə keçdiyi açıqlandı və valyuta hərracı yeni formatda keçirildi.

Lakin, çoxlarını bir sual maraqlandırdı:

Manat onsuzda üzən valyuta rejimində deyildimi? 

İnsanların belə düşünməsinə səbəb, Mərkəzi Bankın 21 dekabr 2015-ci il tarixində "üzən məzənnə rejimi"nə keçilməsi barədə qəbul etdiyi qərar idi. Bu qərara əsasən, manatın məzənnəsi valyuta bazarında tələb və təklifə uyğun olaraq formalaşacaqdı. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdi. Bu qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb oldu, manat sərbəst buraxıldıqdan sonra 1 dollar 1.5500 manata, 1 avro 1,6850 manata yüksəldi.  Həmin vaxtdan sonra dollar tədricən bahalaşmış, 12 yanvar tarixində 1,7742 manata çatmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Lakin, bu da tam üzən məzənnə rejimi deyildi. Çünki məzənnənin formalaşmasına ciddi müdaxilələr baş verirdi. Mərkəzi Bank yenə də, manatın məzənnəsini qismən sabit saxlamaq üçün ehtiyatlarını sərf edirdi, 4%-lik marja da hələ qalmaqda idi. Daha aydın desək, “tənzimlənən üzən məzənnə” rejimi fəaliyyət göstərirdi. Tənzimlənən üzən məzənnə rejiminin tətbiqi tam üzən məzənnəyə keçid üçün hazırlıq mərhələsi idi.

12 yanvar 2017-ci il tarixindən isə “tam üzən məzənnə” rejiminə keçid baş verdi. Tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişdi. Banklara tələb olunan valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olundu. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirməyə başladı.
Bu qərardan sonra keçirilən valyuta hərracında dollar bahalaşdı və 1.7867 manat həddində formalaşdı.

Ən sərfəli krediti almaq üçün müraciət et