"Kreditomaniya" xəstəliyi: bank puluna vərdiş yaranıb | Banco.az

"Kreditomaniya" xəstəliyi: bank puluna vərdiş yaranıb

Bankdan kredit alıb ad gününü keçirənlər, bahalı həyatı imitasiya edənlər artıb

Ölkədə baş alıb gedən bankdan kütləvi kredit götürmə tendensiyası özünün fəsadlarını da verib. Bu ildən etibarən iş yeri bəlli olmayan vətəndaşa kredit verilməsi dayandırlıb. Bəs insanlar hansı ehtiyaclardan banklara üz tuturlar? Lüzumsuz kreditlər varmı? Modern.az saytı bununla bağlı ekspertlərin rəyini öyrənib.

Psixoloq: “Bir qrup insan üçün kredit göürmək vərdişə çevrilib”

“Əslində psixoloji aspektdən baxanda insan hər zaman yaxşı yaşamaq istəyir. Bu səbəbdən də daim puldan asılı vəziyyətdə olur. İnsanın portmanatında bəlli miqdarda pul varsa, heç bir şey almasa belə, o, özünü güvəndə hiss edir”. Bunu Modern.az-a psixoloq Elnur Rüstəmov deyib: 

“İnsanların bir qismi iş həyatına yatırım etmək üçün, bəziləri məişətdə yenilik etmək üçün kredit götürür. Bir qrup insanlar da var ki, bunu vərdişə çevirib. Hətta lazım olmasa belə, banklardan borc pul götürənlər də olur. Həmçinin fikir vermisinizsə, insanlar borc pul götürərkən yaxşı şeylər fikirləşir. Yəni, ”borcu necə qaytararam” deyə çox da düşünmürlər. Bu isə bankların xeyrinədir”.

Psixoloq bildirir ki, bu gün alış-veriş mərkəzlərinin böyük əksəriyyəti kreditə məhsullar təklif edir: “Bura geyimdən tutmuş məişət əşyaları, maşın və s. daxildir. İnsanlarda gözü görən hər bir yaxşı şeyə sahiblənmək arzusu yaranır. Bu səbəbdən də “tilova” düşür.

“Bir müddət puldan uzaq durmaq lazımdır”

İnsanın konkret hədəfi olmalıdır. Belə olan təqdirdə o, zəruri olan şeylərdən pay istəyəcək. Hazırda pula aludəçilik yaranıb. Pul olmayanda insan özünü pis hiss edir. Statistikaya baxsaq, bu gün insanların banklara kifayət qədər çox borcu olduğunu görərik. Bəzən olur ki, adam bir bankdan pul götürür, geri qaytara bilməyəndə başqa bir banka üz tutur. Hətta 10 illərdir bank kreditlərindən yaxa qurtara bilməyənlər var. Araşdırılsa, müyyən olunar ki, insanların borclandığı səbəblər bir o qədər də vacib deyil. Sadəcə, buna öyrəşiblər. Bir qism fərdlər mütəmadi olaraq borc götürməyə çalışır. Bu asılılıqdan qurtulmaq üçün ən optimal variant bir müddət puldan uzaq durmaqdır. İnsan necə ki, siqaretə, narkotikə öyrəşir və buna aludəlik yaranır, borc da onun kimi bir şeydir. Sadəcə, insan bir müddət prosesdən kənar dayana bilsə, düşünürəm ki, bu narahatlıqdan da qurtula bilər. “Öyrəşmək” deyilən bir anlayış var. Məsələn, insan var ki,cibində son 1 manat olsa belə, ”Topaz”da mərc variantı yazır. Onsuz qala bilmir. Bankdan borc götürənlər də öyrəşiblər. 1000 AZN də olsa, götürdüyü borcu qənimət sayırlar. Onlar üçün bu böyük bir şeydir. “Lazım olmasa belə, pul cibimdə olsun” düşüncəsini əsas götürürlər”.

“Kredit götürəndə ehtiyatlı olun”

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu öz növbəsində bank kreditlərinin kasıbları daha kasıb, varlıları daha da varlandırdığını bildirir.

Mərkəzi Bankın elan etdiyi yeni “məsuliyyətli borc vermə” prinsiplərini tənqid edən ekspert bildirib ki, yüngül şərtlər və ağır ödəniş yükü ilə verilən kreditlər yoxsul təbəqə üçün deyil:

“Lakin buna baxmayaraq son zamanlar ailə büdcəsini idarə etməkdə çətinlik çəkənlərlə yanaşı , başqalarının yaşayışında baş verən dəyişiklikləri və şirnikləşdirici reklamları müşahidə edərək, özünün deyil, özgəsinin hesabına zəngin yaşamaq üçün banklara və qeyri bank kredit təşkilatlarına müraciət edənlərin sayı artmaqdadır. Hətta bəziləri özünün doğum gününü qeyd etmək, xaricə istirahət səfərinə getmək üçün də bahalı kreditlərə müraciət edir. Artıq bəzi banklar yerindən maliyyələşdirmə adı altında müştərilərinə digər banklara olan borclarını qaytarmaq üçün daha sərfəli şərtlərlə kreditlər vəd edir, borclarını qaytara bilməyənlər isə başqa banklara və şəxslərə olan pulları qaytarmaq üçün onlara üz tuturlar. Təbii ki, bu halda Mərkəz Bankda yaranmış narahatçılığı başa düşmək lazımdır. Həqiqətən də əsasən qısa müddətli istehlaka yönələn bahalı kreditlər maliyyə hesabatları və kredit tarixlərinə əsaslanmadan ayrıldıqda, risklər getdikcə artır və kütləviləşir. Əslində, belə təminatsız kreditlər daha əsaslı və uzunmüddətli qiymətləndirmə sənədləri və informasiyalarına istinadən ayrılmalıdır”.

“Varlılar varlanır, kasıblar dah da kasıblaşır”

Q.İbadoğlu deyir ki, Mərkəz Bankın ötən ilin dekabr ayına olan son məlumatına görə, hazırda Azərbaycanda cəmi kredit qoyuluşları 15 milyard 245 milyon manatdan çoxdur ki, onun da 34.2%-i Beynəlxalq Bankın payına düşür:

“Eyni zamanda bank məlumat verir ki, vaxtı keçmiş kreditlər 795 milyon manat və ya 1 milyard dollardan çoxdur. Bu isə cəmi kredit qoyuluşunda 5,2 faiz təşkil edir. Cəmi kredit qoyuluşlarının 39,6 faizi və ya da 6 milyard 420 milyon manatı ev təsərrüfatlarının payına düşür. Bu isə o deməkdir ki, iqtisadiyyata kredit qoyuluşların hər 5 manatından 2-si ev təsərrüfatlarının istehlak ehtiyaclarının ödənilməsinə yönəlir”.

Q.İbadoğlunun fikrincə, nəticədə də ev təsərrüfatlarının getdikcə artan borc öhdəlikləri fonunda onların maliyyə vəziyyətinin pisləşməsi həm banklar, həm də vətəndaşlar üçün bir sıra çıxılmaz problemlər yaradır:

“Varlıların pulu hesabına kasıblara ayrılan bahalı kreditlər depozit faizlərinin yüksək olması səbəbindən bir tərəfədən varlıları daha da varlandıra, digər tərəfədən kredit öhdəliklərinin ağır olması ucbatından isə kasıbları bir az da yoxsullaşdıra bilər. Odur ki, əhaliyə məsləhətim ondan ibarətdir ki, “məsuliyyətsiz borc vermə” prinsipləri ilə işləyən bankların kreditləri hesabına sosial və maddi problemlərini həll edərkən ehtiyatlı olsunlar”. 

Ən sərfəli kredit üçün müraciət et

milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç