Krediti necə götürülməli: bir neçə faydalı məsləhət | Banco.az

Krediti necə götürülməli: bir neçə faydalı məsləhət

İstər uğurlu, istərsə də hələ ilk addımlarını atan biznes üçün bank krediti tələb oluna bilər. Bank kreditinin xüsusiyyətləri nədən ibarətdir, onu maksimum sərfəli şərtlərlə necə götürmək olar və nəyə diqqət yetirmək lazımdır?

Biznes nə qədər şəffaf olarsa, kredit almaq da bir o qədər asan olar 

Bank biznesi ən sadə və eyni zamanda, ən mürəkkəb bir biznesdir. Banklar pulu satın alır (depozitlər qəbul edir) və həmin pulu arzu edən şəxslərə satırlar (kreditlər verirlər). Bu cür fəaliyyət maksimum dərəcədə ehtiyatlı olmağı, hər şeyi ölçüb-biçməyi və ətraflı düşünməyi tələb edir.   

Balıq təmiz suyu sevdiyi kimi, maliyyə də şəffaflıq sevir. Ona görə də, biznesiniz nə qədər aydın və şəffaf olarsa, kredit almaq şansınız da bir o qədər yüksək olar. Sadəcə, özünüzü bankirin yerində təsəvvür edərək öz-özünüzdən soruşun: «Siz kimə kredit verərdiniz?» Qanuni, aydın, şəffaf biznes sahibinə, yoxsa vergi ödəməyən və öz biznesindən yalnız özü baş çıxaran ərizəçiyə? Fikrimizcə, cavab aydındır.

Beləliklə, kreditin alınması prosesinə nədən başlamaq lazımdır? Biznesinizə bankın gözü ilə baxın, sənədlərinizi, gömrük bəyannamənizi yoxlayın, sizdən maliyyə hesabatı təqdim etmək və şirkət haqqında danışmağınızın xahiş olunacağına hazır olun. Sahibkarlıq fəaliyyətinizin mahiyyətini dəqiq və lakonik şəkildə, bir neçə ifadə ilə təsvir etməyə çalışın, uzun və mürəkkəb ifadələr işlətməyin.

Bundan sonra bankın şərtlərinin öyrənilməsi prosesinə başlayın, kreditləşmə şərtləri haqqında mümkün qədər çox məlumat almağa çalışın. Bu işdə sizə həm mikrokreditləşmə ilə məşğul olan bankların və təşkilatların şəbəkə saytları, həm də artıq kredit almış tanışlarınızdan, biznes tərəfdaşlarınızdan əldə edə biləcəyiniz məlumatlar yardımçı ola bilər. 

Biznesiniz dayanıqlı və sabit olsa belə, bir çox banklar verəcəkləri kreditin müqabilində girov tələb edirlər. Girov qismində daşınmaz əmlak, avtomobil, qiymətli bəzək əşyaları və digər aktivlər qəbul edilə bilər.  

Bu halda kreditin verildiyi zaman bankın sizin girovunuzu onun tam bazar dəyərində qiymətləndirməyəcəyinə əmin olun. Məsələn, siz, bazar qiyməti 10 000 manat olan avtomobilinizin girov qoyulmasını təklif edirsiniz. Bank avtomobilinizi 6-7 min manat qiymətində dəyərləndirəcək və bunun da öz səbəbi var. Girov qoyulmuş əmlak ona görə bazar dəyərindən aşağı qiymətləndirilir ki, kreditin qaytarılmayacağı təqdirdə bank həmin əmlakı tez bir zamanda sataraq özünü sığortalaya bilsin. Əmlak öz bazar qiymətindən qat-qat ucuz satıldığından, onu satmaq daha asandır.

Amma əgər girov qismində qəbul edilə biləcək əmlakınız yoxdursa da, qüssələnməyə dəyməz. Bank sizin biznesinizin dayanıqlı, aydın, şəffaf olduğunu, sabit pul axınına malik olduğunuzu və kreditin sizə tam əsaslı məqsədlərlə lazım olduğunu görərsə, krediti girovsuz da verə bilər.  

Ən sərfəli kredit üçün müraciət et

Sual verməydən çəkinməyin

Əgər siz iki zəruri meyarı təmin edə bilirsinizsə, yəni qanuni və aydın biznesə və lazımi girova maliksinizsə, tərəddüd etmədən banka gedə bilərsiniz. Bu zaman sizi maraqlandıran hər hansı məsələ barədə sual verməkdən çəkinməyin. Əvvəl-axır, siz bankın müştərisisiniz və krediti vaxtında qaytarsanız, banka mənfəət vermiş olacaqsınız. Bu cür müştərilərdə bütün banklar maraqlıdırlar.

Sizin üçün vacib olan bütün məsələləri dəqiqləşdirin. Məsələn, əgər kredit vaxtından əvvəl ödənilərsə, kredit faizləri aşağı salınacaqmı? Bu suala şifahi surətdə təsdiqləyici cavab aldıqda belə, kreditin verilməsi haqqında müqavilə ilə mütləq tanış olaraq bütün şifahi razılaşmaların və müddəaların orada əks etdirildiyinə əmin olun.

Bankla kredit müqaviləsi bağlamaq çox vacibdir. Müqaviləni imzalamazdan əvvəl onu diqqətlə oxuyun. Qaranlıq məqamlar və gələcək risklər haqqında hüquqşünasla məsləhətləşmək daha yaxşı olar. İstənilən bankın ştatında, bir qayda olaraq, bir yox, bir neçə hüquqşünas çalışır. Buna görə də nəzərə alın ki, standart müqavilə bankın özü tərəfindən tərtib olunub və sizin yox, bankın öz mənafeyini maksimal dərəcədə nəzərə alır.   

Hansı kreditlər daha sərfəlidir?

Əlbəttə, faiz dərəcələri daha aşağı olan kreditlər ən sərfəli kreditlər hesab olunur. Kreditin valyutası da böyük əhəmiyyət kəsb edir. Məsələn, siz illik 20% dərəcəsi ilə manatla və ya 15% dərəcəsi ilə dollarla kredit götürə bilərsiniz. Manat dollara nisbətdə sabitdir, bundan əlavə, manat hər il möhkəmlənir, dollar isə ucuzlaşır, buna görə də kurs fərqi ilə udmaq olar.    

Məsələn, bu gün götürülmüş 10 000 dollar 8000 manata bərabərdir, bir ildən sonra isə 7500 manat təşkil edəcək. Beləliklə, əgər siz satışı manatla həyata keçirirsinizsə, krediti dollarla almaq daha sərfəlidir. 

Xülasə

Sizin biznesiniz qanuni, maksimal dərəcədə aydın və şəffaf olmalıdır – bu, sizin kredit almaq şansınızı birə beş artıracaq. 

Sizdən girov tələb oluna bilər – bu zaman nəzərə alın ki, bank sizin girovunuzu onun cari bazar dəyərindən daha ucuz qiymətləndirəcək. 

Kredit alınması haqqında müqavilə ilə diqqətlə tanış olun və imkan daxilində hüquqşünasla məsləhətləşin.

Kreditin valyutasına diqqət yetirin – dollarla və ya avroyla alınan kredit manat kreditindən daha sərfəli ola bilər.

biznesinfo.az

Ən sərfəli krediti almaq üçün müraciət et