Kredit riskinin qiymətləndirilməsi necə həyata keçirilir? - MÜSAHİBƏ | Banco.az

Kredit riskinin qiymətləndirilməsi necə həyata keçirilir? - MÜSAHİBƏ

Kredit riski müştərilərin bank qarşısında kredit borclarını geri ödəyə bilməməsi və ya ödəməməsi hallarında ortaya çıxır. Nəticədə bankın kredit aktivlərində azalma müşahidə olunur. Buna görə də banklar müxtəlif araşdırmalar apararaq kredit risklərini qiymətləndirirlər. Buna uyğun şəkildə isə lazımi qərarları qəbul edirlər.

Mövzuyla bağlı vəkil Nurlan Babayev Banco.az-a müsahibə verib.

 

“Kredit fazilərinə təsir edən ən mühüm amil hər bir əlahiddə halda qiymətləndirilən kredit riskidir. Kredit risklərinin qiymətləndirilməsi üçün borcalanın ödəmə qabiliyyəti qiymətləndirilir. Kredit risklərini banklar müştəridən, kredit bürolarından, müstəqil mənbələrdən əldə etdikləri məlumatlar əsasında qiymətləndirirlər və buna müvafiq olaraq kredit faizlərini müəyyən edirlər. Kredit riskinin qiymətləndirilməsində iki mühüm əmsal çıxış edir. KTN əmsalı və BGN əmsalı.

KTN əmsalı kreditin təminata (girov, ipoteka) olan nisbətidir. BGN əmsalı isə borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti əmsalıdır. Banklar kredit verərkən borcalanın kredit tarixçəsi, onun xərclərinin səviyyəsi və kreditin təyinatı ilə yanaşı əsas bu iki əmsala görə kredit riskini müəyyən edirlər. Kredit riski yüksəkdirsə banklar yüksək faizlər müəyyən edirlər və ya kreditin verilməsindən imtina edirlər. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Etibarnamə ilə avtomobil almaq təhlükəlidirmi? - MÜSAHİBƏ

Kredit verilərkən banklara nəzarət orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş məhdudiyyətləri də nəzərə almalıdırlar. Məsələn, kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır. Avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır. Daşınmaz əmlak krediti yalnız milli valyutada verilir. Bu zaman KTN əmsalı 70%-dən artıq olmamalıdır. Xarici valyutada istehlak kreditləri yalnız xarici valyutada gəliri və ya bankda xarici valyutada depoziti olan olan borcalanlara verilir".

"Mənim tövsiyyəm odur ki, kredit götürən vətəndaşlar kredit götürərkən aylıq borc yükünü və aylıq gəlirlərini nəzərə alsınlar. Əgər kredit investisiya məqsədilə götürülürsə bu kapital kimi gələcəkdə özü dəyər gətirəcək və kreditin bağlanılmasına dəstək olacaq. İstehlak kreditləri isə ciddi zərurət yoxdursa götürülməməlidir".

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et