Kredit mütəxəssisləri əsl insan sərraflarıdır | Banco.az

Kredit mütəxəssisləri əsl insan sərraflarıdır

Nə qədər “Pul əl çirkidir” desək də, o olmadan bir çox şeyi edə bilmərik. İqtisadi çətinliklər, problemlərin çoxluğu günümüzdə  insanların banklardan kredit götürməsinə səbəb olur. Kredit verilməsini isə kredit mütəxəssisləri həyata keçirir. Demək olar ki, bütün bank və kredit təşkilatları kredit mütəxəssislərinə ehtiyac duyur.

Bəs əsl kredit mütəxəssisi necə olmalıdır?

Kredit mütəxəssisi olmaq asan deyil. Kredit mütəxəssisindən ilk öncə ali təhsil (iqtisadi və ya riyazi), dil və kompüter bilikləri tələb olunur. Kredit verilməsi barədə nəzəri və praktiki bilgilərə malik olmalıdır. Çünki işini yaxşı bilən hər kəs uğur qazanmağa müvəffəqdir.

Sadəcə ali təhsil kifayətdirmi?

Kredit mütəxəssisləri bilavasitə insanlarla ünsiyyətdə olduğu üçün bir sıra mənəvi  keyfiyyətlərə də malik olmalıdır. Belə ki, kredit mütəxəssisi insanlarla ünsiyyət qurma bacarığına, etik qaydalara uyğun davranışa, analitik düşünmə qabiliyyətinə sahib olmalıdır. Psixoloji cəhətdən insanlara yanaşa bilməli, onların danışıq və davranışlarından bir çox şeyi anlaya bilmədir.

Kredit mütəxəssisinin iş sxemi nədən ibarətdir?

Kredit mütəxəssisləri hesabatları hazırlanmalı, banka müraciət edən müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat verməli, potensial müştərilərlə görüşlər keçirməli, bank məhsullarını təklif etməli, müştərilərin müraciətlərinin qəbulu əsasında sahəni analiz etməli, müraciətləri bankın kredit komitəsində müdafiə etməli, kredit sənədlərini tərtib etməli, kredit portfelinə nəzarət etməli və idarə etməlidir.

Kredit mütəxəssisi (ehtiyac olduqda) sahibkarlıq fəaliyyətinin aparıldığı yerə baş çəkməli, fəaliyyət uçotunu təhlil etməli, bank hesabatlarından çıxarışlara baxmalı və borcalanın məlumat verdiyi gəlirin məbləğini qiymətləndirmək üçün müştəriləri ilə müsahibələr aparmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Kredit mütəxəssisi kredit sifarişini qiymətləndirməklə məşğuldur.

Kredit mütəxəssisləri gün ərzində gördükləri işdən asılı olaraq müxtəlif sayda müştəri yola sala bilərlər. Biznes krediti verən mütəxəssis gün ərzində 1-4 müştəri yola sala bilər. İstehlak kreditlərində isə bu say 30-a belə çata bilər. Çünki biznes kreditinin verilməsi daha böyük araşdırma tələb edir.

Kredit mütəxəssisi verdiyi hər kreditə görə aldığı əmək haqqından əlavə bonus qazanır.  Bu orta hesabla verilən kreditin 0,01% - ni təşkil edir.

Krediti vermək işin bitməsi deyil. Bu bir məsuliyyət işidir. Həm krediti verənə, həmdə kredit götürənə. Müştəri öz məsuliyyətini borcu vaxtında ödəməklə göstərirsə, kredit mütəxəssisi isə bunu gecikməyə nəzarət vasitəsilə edir. Belə ki, ilk aylarda ödənişdən 1-2 gün əvvəl xatırlatma etmək, gecikmiş ödənişlərə nəzarət etmək kredit mütəxəssisinin məsul vəzifələrindəndir.

Kredit mütəxəssisi olmaq üçün iş təcrübəsi bəzi banklar tərəfindən tələb olunmur. Çünki hər bank öz kredit mütəxəssisini öz meyarlarına görə yetişdirir. Amma iş təcrübəsinin olması hər halda pis olmazdı deyən bir çox bank da mövcuddur.

Bu iş çətin olduğu qədər, həm də maraqlıdır. Çünki çox sayda insan tanımaq sizi bir növ insan sərrafına çevirəcəkdir.

Əgər bütün bu deyilən xüsusiyyətlərə sahib olduğunuzu düşünürsünüzsə, öz karyeranızda ilk addımlarınızı kredit mütəxəssisi kimi atmaq istəyirsinizsə, onda bu ixtisas üçün banklara CV göndərin. Bu (http://banco.az/az/jobs) keçiddən istifadə edərək aktual vakansiyaları görə bilərsiniz.

Unutmayın hər zaman istəmək bacarmağın yarısıdır.

Günel Abduraxmanova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et