Kredit kartlarından istifadənin müsbət və mənfi tərəfləri | Banco.az

Kredit kartlarından istifadənin müsbət və mənfi tərəfləri

Kredit kartları pul və nağdsız ödənişlərin əldə olunmasında əsas vasitə rolunu oynayır. Amma buna baxmayaraq, onlar müəyyən üstünlüklərlə yanaşı, bəzi nöqsanlara da malikdirlər. Bu səbəbdən də kredit kartlarının nəinki müsbət, həm də mənfi tərəflərini diqqətdən qaçırmamaq lazımdır.

Kredit kartının üstünlükləri

Plastik kartların bəlkə də ən böyük üstünlüyü güzəşt müddəti olan kredit kartlarının istifadəyə verilməsidir. Bu müddətə görə, kart sahibi təqribən 50-60 gün müddətində bankın pulundan istifadə edə bilər. Nəzərdə tutulan müddət bitdikdən sonra kredit ödənilməzsə, bu zaman müəyyən edilmiş faiz dərəcələrinə uyğun olaraq, ödəniş etmək tələb olunur.

Kredit limitindən bir dəfə deyil, bir neçə dəfə istifadə imkanının olması da plastik kartların müsbət tərəflərindən biridir.

Siz kredit kartından öz istəyinizə uyğun olaraq, müxtəlif məqsədlərlə istifadə edə bilərsiniz. Belə ki, plastik kartlar vasitəsilə alış-veriş edə və ya xidmətlər üzrə ödənişlər həyata keçirə, eləcə də hesabınızdan nağd pul çıxara bilərsiniz. Qeyd edək ki, bütün bu əməliyyatların həyata keçirilməsi zamanı banka məlumat verməyə və pulu hansı məqsədlərlə istifadə etdiyinizə dair hesabat hazırlamağa ehtiyac yoxdur.

Bəzi hallarda mal və xidmətlərin hesablanması zamanı kredit kartından istifadə etməklə pulunuza qənaət etmiş olursunuz. Banklar müştərilərə əlavə endirimlər əldə etmək imkanı verən ticarət mərkəzləri və böyük şirkətlərlə birlikdə kobrend layihələri həyata keçirirlər.

"Cash-back" adlanan kredit kartları öz faydalı funksiyaları ilə seçilir. Sözügedən kartlar xərclənən məbləğin müəyyən faizinin hesaba geri qaytarılmasını təmin edir.

Kart sahiblərinə müxtəlif məqsədlər üçün bir neçə kredit kartını rəsmiləşdirməyə icazə verilir. Bununla da, kart sahibi gözlənilməz hallarda çətin vəziyyətdə qalmaqdan xilas olur.

Kredit kartının nöqsanları

Ən sərfəli kredit üçün müraciət et

Yuxarıda qeyd etdiyimiz üstünlüklər bank məhsuluna olan tələbatın müntəzəm olaraq artmasına gətirib çıxarır. Lakin plastik kartın rəsmiləşdirilməsi zamanı yalnız onları müsbət tərəflərini nəzərə almaq təbii ki, düzgün deyil. İstənilən kredit təklifi kimi kredit kartının da bir sıra nöqsanları vardır.

İlk növbədə qeyd edək ki, kredit kartları üzrə müəyyən olunmuş faiz dərəcələri istehlak kreditlərinə məxsus faiz dərəcələrindən yüksəkdir. Məlumat üçün qeyd edək ki, faiz dərəcələri arasındakı fərq 5%, bəzi hallarda 10-15% təşkil edir.

Kartın buraxılışı və il ərzində kart xidmətindən istifadə üçün əksər hallarda komissyon haqqı ödəmək tələb olunur. Bundan əlavə, bankomatdan nağd pul çıxarıldığı zaman da əlavə xərclər tələb edilir. Sözügedən xərclər bankomatdan çıxarılan pulun bir neçə faizi üzrə hesablanır.

Növbəti çatışmayan cəhətlərdən biri isə kredit kartları ilə bağlı geniş vüsət alan fırıldaqçılıq halllarıdır. Bu səbəbdən də onlardan istifadə zamanı diqqətli olmaq lazımdır. Hər il hüquq-mühafizə orqanları kredit kartları ilə bağlı yüzlərlə cinayəti açıqlığa qovuşdurur.

Bütün bu faktlar kredit kartlarından istifadənin psixoloji tərəfləri ilə müqayisə oluna bilməz. Plastik kartlardan istifadəyə öyrəşmək olduqca asandır. Hətta kredit kartından asılı olan və maliyyə imkanlarını üstələyəcək həddə borc öhdəliyinə sahib olan insanların sayı da az deyil.

Bu səbəbdən də kredit kartını rəsmiləşdirməzdən əvvəl dəfələrlə düşünün və bu kartın sizin üçün nə dərəcədə əhəmiyyətli olduğunu müəyyən edin. Əgər sizin üçün plastik kartın üstünlükləri nöqsanlarından çoxdursa, o zaman siz hər hansı bir kredit təklifi üzrə seçim edə bilərsiniz.

Bu məsləhəti diqqətdən qaçırmayın: Yalnız kreditləri ödəmək iqtidarında olduğunuz təqdirdə, kredit kartını rəsmiləşdirin.

İbadova Sevinc/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et