Kredit bazarını canlandırmağın daha bir yolu tapıldı | Banco.az

Kredit bazarını canlandırmağın daha bir yolu tapıldı

Məlumdur ki, istehlak kreditlərinin verilməsi şərtlərinə edilən dəyişiklikdən sonra kredit alanların sayında kəskin azalma oldu. Ancaq qərarın kreditlərin faiz dərəcəsinə təsiri olmadı. Eyni zamanda Mərkəzi Bank mayın 1-dən etibarən uçot dərəcəsini də 4,75%-dən 4,25%-ə endirdi. Mərkəzi Bankdan verilən məlumata görə, bu addım faiz dərəcələrinin daha da enməsinə şərait yaratmaq və qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək üçün idi. Ancaq bəzi ekspertlərin fikrincə, kredit bazarını canlandırmaq üçün Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalıdır. Bu, həm kreditlərin faiz dərəcəsini aşağı salmış olar, həm də bankların verdikləri kredit həcmi artmış olar. Kredit dərəcələrinin aşağı salınması üçün uçot dərəcəsinin endirilməsi ilə yanaşı, bankların kredit portfelində Mərkəzi Bankın verdiyi kreditlərin həcminin artırılması təklif olunur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov hesab edir ki, Azərbaycanda bank sektorunda müəyyən problemlər var: "Bunun ilk səbəbi banklarda kredit portfelinin formalaşması məsələsidir. Bankların kredit portfelləri xüsusən 3 mənbədən formalaşır: 60% vətəndaşların əmanətlərindən, ikincisi 35% beynəlxalq maliyyə qurumları tərəfindən, qalan hissəsi isə Mərkəzi Bankı qısamüddətli kreditləri hesabına. Bank sektronda kreditlərin həcminin azalması yeni yaranmış ölkə kimi Azərbaycanda ilkin kapitalın formalaşmasına çox mənfi təsir edir. Çünki, Azərbaycanda kiçik və orta sahibkarlığın formalaşmasında ilkin kapital bank vəsaitləri hesab olunur. Artıq bunlar olmadığından xüsusi ilə qeyri-neft sektorunda problemlərin yaşanması qaçılmazdır. Artıq kiçik və orta sahibkarlıq təşəbbüsü ilə çıxış edənlərin sayı aşağı düşüb. Mərkəzin Bakın uçot dərəcələrinin aşağı salınması təklifi çox düzgündür. Bu təklifin həyata keçməsinin kredit dərəcələrinə müsbət təsiri ola bilər. Lakin nəzərə alınmalı əsas nüans ondan ibarətdir ki, Mərkəzi Bankın verdiyi kreditlər bankların kredit portfelində çox cüzi həcmdir. Çünki, bankların böyük bir qismi öz portfellərini əmanətlərdən formalaşdırırlar. Son dövrlər bu əmananətlərlə bağlı müəyyən addımlar atılıb. Son iki ildə əmanətlərin sığortalanma faiz dərəcəsi 9%-ə qədər endirilib. Bunun özü də kredit faizlərinin azalmasına yol açan amillərdəndir. Lakin bu istiqamətdə hansısa addım atmaq üçün Avropa təcrübəsinə müraciət etmək lazımdır. Avropada uçot dərəcələri çox simvolik xarakter daşıyır. Orada uçot dərəcələri təxminən 0.25% olur. Bu, Azərbaycanla müqayisədə 20 dəfə azdır. Eyni zamanda Avropada maliyyə mənbələrinə və Avropa Mərkəzi Bankının vəsaitlərinə çıxış imkanları da genişdir. Avropa Mərkəzi Bankı Avropanın maliyyə sistemində ciddi bir paya sahibdir. Uçot dərəcələrini endirmək və ya yüksəltmək maliyyə bazarında hökumətlərin siyasətini idarə edə bilir. Düzdür, Azərbaycan Mərkəzi Bankı uçot dərəcələrini 0.25% azaltdı. Amma nəticədə nəsə dəyişmədi. Çünki problem Mərkəzi Bankın verdiyi kreditlərin həcminin bankların kredit portfelində az olmasındadır. Ona görə də hələ də ölkədə kredit faizləri yüksək həddədir”.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı əlavə etdi ki, uçot dərəcələrinin endirilməsi pis olmazdı: "Lakin uçot dərəcələrinin endirilməsindən hansısa bir ciddi nəticə gözləmək olmaz. Bununla parlel olaraq, Mərkəzi Bankın digər bir öhdəliyi bankların kredit portelində payını artırmasıdır. Mərkəzi Bank banklara daha uzunmüddətli kreditlər təklif etməlidir. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi təxminən 12 milyard manata çatıb. Əvvəlki dövrlər olsa idi, Mərkəzi Bankın yerli bankların kreditləşməsində aktiv iştirak edə bilmədiyini başa düşmək olardı. Ancaq indi bunu başa düşmək çətindir. Çünki buna bir səbəb görülmür. İkincisi də Mərkəzi bankın özünün elan etdiyi kimi onun məqsədi ölkədə kredit siyasətini liberallaşdırmaq, aşağı kredit faizləri tətbiq etmək, orta və kiçik sahibkarlığı dəstəkləməkdir. Odur ki, Mərkəzi Bank sadəcə, uçot dərəcələrini aşağı endirməklə kifayətlənməməlidir. Bankların kredit portfelinin formalaşmasında özünün vəsaitlərinin həcmini artırmalıdır”.

Mənbə: movqe.az

Ən sərfəli krediti almaq üçün müraciət et