“Kia” Çindəki zavodunun fəaliyyətini dayandırır | Banco.az

“Kia” Çindəki zavodunun fəaliyyətini dayandırır

Cənubi Koreyanın avtomobil istehsalçısı "Kia Motors" Çindəki zavodlarından birinin fəaliyyətini dayandırmağı düşünür.

Dünyanın ən böyük avtomobil bazarında satışın azalması "Kia Motors"u Çinin Ciansu vilayətindəki zavodunun fəaliyyətini dayandırmaq barədə düşünməyə vadar edib.

Cənubi Koreyanın ikinci ən böyük avtomobil istehsalçısı olan "Kia Motors"un Çində satışları son iki ildə azalmağa doğru gedir.

ABŞ-ın Cənubi Koreyada THAAD raket hücumundan müdafiə sistemini quraşdırmasına rəsmi Pekinin etirazı ilə iki ölkə arasında yaranmış diplomatik narazılığın iqtisadi-ticari əlaqələrə mənfi təsiri nəticəsində 2017-ci ildə "Kia Motors"un Çindəki satışı 44 faiz azalmışdı. Ötən il satış 9 faiz çoxalsa da, şirkətin planlaşdırdığı hədəfə çatmayıb. Hazırda "Kia Motors"un Çində illik ümumi istehsal gücü 900 min avtomobilə yaxın olan 3 zavodu fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bir neçə gün əvvəl "Hyundai" şirkəti də Pekindəki zavodunun fəaliyyətini dayandırmağı düşündüyünü açıqlayıb.

Dünyanın ən böyük avtomobil bazarı olan Çində ötən il yeni avtomobillərin satışı son 30 ildə ilk dəfə olaraq azalıb. Mütəxəssislər bunun istehlakın azalması və işlənmiş avtomobillərin satışının çoxalması ilə bağlı olduğunu bildirirlər.

Azərtac

Ən sərfəli krediti almaq üçün müraciət et