Kətan üzərində öz dünyası olan bankir | Banco.az

Kətan üzərində öz dünyası olan bankir

Müsahibimiz: Bank of Baku-nun kredit mütəxəssisi Emin Ağamirzəyev

Emin, ilk öncə özünüzü təqdim edin ki, oxucularınız Sizi daha yaxından tanısın.

     Mən Ağamirzəyev Emin Nazim oğlu 1985-ci ildə ziyalı ailəsində dünyaya göz açmışam. Yeni ailə həyatı qurmuşam. ADİU-nin Türk dünyası fakültəsinin magistratura pilləsindən məzun olduqdan sonra ixtisasıma uyğun müəyyən sahələrdə çalışmağa başlamışam. Hal-hazırda Bank of Baku ASC-nin Neftçilər filialının istehlak kreditləri bölməsində kredit eksperti vəzifəsində fəaliyyətimi dəvam etdirirəm. 

Neçə vaxtdır Bank sahəsində çalışırsınız?

     Cari ilin dekabr ayında artıq üç il olacaq. Əlavə olaraq onu da qeyd edim  ki, bu sahədə çalışmaq məndə banka qarşı xüsusi həvəs yaradıb.

Bizə məlumdur ki, sizin həm də əl qabiliyyətiniz var. Rəsmlər çəkirsiniz. Bu haqqda danışardınız  zəhmət olmasa. Nə vaxtdan rəssamlıqla məşqul olursunuz?

     Asudə vaxtlarımda isə rəsm çəkmək mənim  ən sevimli məşquliyyətlərimdən birinə çevrilib.

     Bilirsiniz, rəssamlıq hələ uşaqlıq illərimdən bu günə qədər məni kölgəm kimi izləyir.

   Bu səbəbdən özümü ondan ayıra bilməmişəm. Mənim arzum həmişə peşəkar iqtisadçı olmaq olub, peşəkar rəssam olmağı isə heç vaxt arzu etməmişəm. Amma rəsamlığı özümə əziz bilirəm və ən azı işim qədər sevirəm. Rəssamlıq bacarığıma mənim “sehirli balaca dünyam” adı vermişəm desəm, yəqin ki, bu sənətlə maraqlananlar məni anlayarlar.

Bank işi ilə rəsm çəkməyə vaxtınız qalırmı, necə çatdırırsınız?

     Bankçılıq və Rəssamlıq... Mən bu sualla dəfələrlə qarşılaşmışam. Rəsmlərimi görənlər mənim bankda işlədiyimə inanmırlar. Amma işimlə sənətim arasında balans tənzimlədikdə mənə o qədər də çətin gəlmir. Düzdür, hərdən rəsm çəkməyə başlamazdan əvvəl  nə çəkim, necə başlayacağam və necə tamamlayacağam deyə tərəddüd edirəm. Öncədən çəkəcəyim əsərdən ilham almamış olsam, o zaman işi tamamlamaq çox çətin olur. Bu səbəbdən,adətən, idea yaranacaq zamanı və ya bol-bol asudə zamanım olmasını gözləyirəm ki, kətan üzərinə köçürəcəyim dünya haqqında düşünə  bilim.

Bəs iş yoldaşlarınızın buna münasibəti necədir?

      Bank of Baku ailəsi olaraq iş yolaşlarım əsərlərimlə  yaxından maraqlanırlar, rəsmlərimin baxımlı olduğunu söyləyirlər. Hər dəfə yeni əsəri bitirdikdən sonra onu kollektiv arasında  bölüşmək, onların fikirlərini öyrənmək mənim üçün çox maraqlı olur. Bu cür hallar məndə bu sənətimə sevgimi daha da artırır.

Ən sərfəli kredit üçün müraciət et

Ən çox sevdiyiniz rəsm hansıdır?

     “Hər bir çəkdiyim rəsm mənə əzizdir “  cümlənisini hər zaman təkrar edirəm. Çünki hər rəsmin özünə aid mənası, füsunkar görüntüsü və zamana görə tarixçəsi olur. Təbiətin vurğunuyam desəm yanılmaram. Elə bu səbəbdən ən çox mənzərə rəsmləri çəkməyə üstünlük verirəm. Bu cür əsərlərimin sayı həddən çoxdur. Bu səbəbdən sevdiyiniz rəsmlər hansılardır sualını versəydniz, o zaman cavablandırmaq çətin olmazdı.

Rəsm çəkmək sizə nə verir?

     Rəsm çəkmək mənə öz dünyama daxil olub, orda qısa zaman olsa da xoşbəxt anlar yaşamağıma imkan yaradır. Hərdən olur ki, nəyinsə olmasını  çox arzu edirəm , onu kətan üzərinə köçürməklə əldə edirəm və bu artıq mənim dünyam olur, mənim fikirlərimlə idarə olunur. Çəkdiyim əsərlər mənim həyatda necə insan olduğumdan xəbər verir.

      Sonda istər bank sahəsində, istər də rəssamlıqda karyera qurmaq istəyən hər kəsə uğurlar arzu edirəm!

\ 

 

Ən sərfəli krediti almaq üçün müraciət et