Kapital Bank işçiləri sərbəst geyim tərzinə keçiblər - VİDEO | Banco.az

Kapital Bank işçiləri sərbəst geyim tərzinə keçiblər - VİDEO

Müasir dövrdə dünyanın əksər böyük şirkətləri sərt dress-code məsələsində işçilərinə müəyyən güzəştlər edirlər. Artıq ölkəmizdə də bu yeniliklər tətbiq olunmağa başlayıb. Buna misal olaraq Kapital Bank-ı nümunə göstərmək olar. Belə ki, bankın arxa ofisində çalışan əməkdaşlarına ənənəvi klassik geyimdən sərbəst geyimə keçid üçün icazə verilib. Bu barədə ətraflı məlumatı, qərarın işçilərə və onların iş şəraitinə necə təsir etdiyini öyrənmək üçün Banco.az-ın xüsusi hazırladığı videonu izləməyə dəvət edirik.

İdarə Heyəti Sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, deyir ki, sərbəst geyimə keçidlə bağlı təklif üç ay bundan öncə bankın İnsan Resursları (İR) departamenti tərəfindən verilib: “Biz də bank rəhbərliyi olaraq bu məsələni dəstəklədik. Artıq üç aydan uzun bir müddətdir ki, bankın arxa ofis işçiləri sərbəst geyimə keçid ediblər. Bu yeniliyin əməkdaşlarımız  üçün də faydalı olduğunu düşünürəm. Mənə elə gəlir ki, ümumi  vəziyyət yaxşıya doğru dəyişilib. Atılan addım bankın əməkdaşları tərəfindən də pozitiv qarşılandı. Aydındır ki, sərbəst geyim işçilər üçün daha rahatdır. Bu geyimə keçid ilə bağlı heç bir neqativ halla rastlaşmadıq. Bu da İR departamentinin bu məsələyə daha professional şəkildə yanaşması oldu. Çünki bəlli standartlar tətbiq olundu və geyimlər bu standartlar üzrə seçildi”.

Bankın İnsan Resurslarının İdarəedilməsi Departamentinin direktoru

Fərqanə Məmmədova qeyd etdi ki, bu qərar verilməzdən əvvəl  bir neçə konsept üzərində düşünülüb: “İlk təklif İR komandasından gəldi. Biz bir neçə konsept üzərində düşünürdük. Əməkdaşlar üçün əlavə motivasiya verə biləcək maraqlı layihələr haqda fikirləşirdik. Təkliflərdən biri də casual geyim tərzinə keçidlə bağlı oldu. Beləcə bu təkliflə idarə heyətinə müraciət etdik. Bir qədər düşündükdən sonra konsept hazırlandı və arxa ofis işçiləri sərbəst geyim tərzinə keçdi. Qeyd etdiyim kimi biz ümumi bankı əhatə edən standartlar hazırlamışıq. Burada müəyyən bölgülər aparılıb. Təəssüflər olsun ki, ön ofis işçiləri hələlik sərbəst geyimdən istifadə etmir. Çünki ümumilikdə bu dreskoda keçməyə hazır deyilik. Qərara gəldik ki, təkcə arxa ofis işçiləri bu geyimə keçsin. Müştəri ilə, kənar venderlərlə daimi görüşlərdə olan əməkdaşlar mütləq biznes geyim tərzini qorumalıdır. Digər işçilərə gəlincə isə, əgər həmin gün onların müştərilərlə görüşü yoxdursa, o zaman sərbəst geyimdən istifadə edə bilər. Amma sərbəst geyimlə bağlı da müəyyən standartlarımız var. Nələrə icazə verilib-verilmədiyini işçilərə izah etmişik. Çünki görüntü bank haqda ilkin təəssürat formalaşdırır”.

Ən sərfəli kredit üçün müraciət et

F.Məmmədova deyir ki, bu təklifi irəli sürərkən bu qədər müsbət rəylərin alacaqlarını gözləməyib: “Səmimi olaraq deyim ki, hətta həmkarlarımızdan bir çoxu belə bir ideyanın olduğunu bildirdi və bu idarə heyətində müzakirə edildi. Bir həftə ərzində qərar verilənədək mənə həddən artıq zənglər gəlirdi. Hamı bunun nə vaxt tətbiq olunacağını soruşurdu. Qərarın verildiyi günün səhərisi koridorlarda sərbəst, rəngli geyimlərdə olan işçilər var idi. Bu mənzərə mənim özümə də çox xoş təəssürat bağışladı. Əslində biz əməkdaşlar üçün müxtəlif konseptlər hazırlayaraq istifadəyə veririk. Bu təkcə bizdə deyil, digər banklarda da belədir. Bizim üçün qürurverici olan layihələrdən biri olan “İnsan kapitalı” layihəsini misal çəkə bilərəm. Bu layihə çərçivəsində yoqa dərslərinə, ebru sənətinə başlayacağıq. Satış, call center və digər şöbələrdə çalışan əməkdaşlar kifayət qədər stressli işlə məşğuldurlar. Biz də öz növbəmizdə onlara rahatlıq verən fəaliyyətlər tətbiq etməyə başlamışıq. Çalışırıq ki, işçilərin stressdən uzaq olmasına kömək edək”. 

Sərbəst geyimə keçid xəbərini eşidəndə ilk sevinənlərdən biri də Müştəri Menecmentinin direktoru Samir Məmmədov olub: “Çünki artıq elə bir dövrdə yaşayırıq ki, işçinin işdə özünü rahat, sərbəst, evindəki kimi hiss etməsi çox vacibdir. Önəmli olan isə xoşbəxt gəlib, xoşbəxt getməkdir. Bu mənada bu işdə əməyi keçən hər bir kəsə, rəhbərliyə, Fərqanə xanıma təşəkkürlərimi bildirirəm”.

Video və digər materialların bütün hüquqları www.banco.az portalına məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et