“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin “Consulting&Business” jurnalının suallarına cavabları | Banco.az

“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin “Consulting&Business” jurnalının suallarına cavabları

 Rövşən müəllim, 10 iyun 2013-cü ildə “Kapital Bank” ASC-nin rəhbərliyində dəyişikliklər oldu. Maraqlıdır, rəhbərlikdəki yeniliklər Bankın fəaliyyətində nələri dəyişəcək?

- Bank rəhbərliyindəki dəyişikliklərdən qısa zaman keçdiyindən hansısa əsaslı yeniliklər haqqında danışmaq, yəqin ki, hələlik bir qədər tez olardı. Amma, ümumilikdə, dəyişiklik həyatın məntiqidir. Biz də Kapital Bankın gələcək fəaliyyətində inkişafa təkan verən müəyyən dəyişikliklərə nail olmağa çalışacağıq. Səhmdarlarımızın, müştərilərimizin, tərəfdaşlarımızın qarşımıza qoyduqları konkret vəzifələr var. Bu vəzifələr ölkənin maliyyə bazarında müşahidə edilən meyllərdən irəli gəlir və onlar ardıcıl olaraq yerinə yetiriləcək. Kapital Bankın zəngin tarixi ənənələri, geniş imkanları, fəaliyyətinin əvvəlki mərhələlərində müxtəlif istiqamətlər üzrə qazandığı nailiyyətlər bizə bu vəzifələri uğurla yerinə yetirməyə şərait yaradır.

- Gələcək fəaliyyətində Kapital Bank biznes, korporativ, yoxsa riteyl bankçılığa üstünlük verəcək?

- Kapital Bank universal bankdır və indiyə qədər maliyyə bazarının fəal iştirakçısı kimi həm biznes və korporativ, həm də riteyl bankçılıq sahəsində nəzərəçarpacaq nəticələr əldə edib. Düşünürəm ki, gələcəkdə də bu sektorların hər biri bizim üçün eyni dərəcədə yüksək prioritet təşkil edəcək. 
Hazırda Kapital Bankın yaxın üç il üzrə strateji planı üzərində iş gedir. Biznes və korporativ, eləcə də riteyl bankçılıq sahəsində çatmaq istədiyimiz strateji hədəflər bu sənəddə öz əksini tapacaq. Korporativ müştərilərimizə xidmət imkanlarının genişləndirilməsini, daha da təkmilləşdirilməsini istərdik. Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi üçün də müəyyən planlarımız var. Kiçik və orta biznes layihələrinə maliyyə dəstəyini artırmaqla ölkəmizdə bu sahənin inkişafına töhfə vermək arzusundayıq.   
Eyni zamanda, riteyl bankçılıq sahəsində görüləsi işlər çoxdur. Bildiyiniz kimi, inkişaf etmiş bank bazarlarında bankların mənfəətinin yarıdan çoxunu məhz riteyl gətirir. Azərbaycanda isə bu sektorda müşahidə edilən inkişaf meylləri, əsasən, son bir neçə ildə formalaşıb. İndi ölkəmizdə də riteyl bankçılıq sektorunun həm kəmiyyət, həm də keyfiyyət göstəricilərində ciddi dəyişikliklər müşahidə edilir. Müştərilərə təklif edilən bank məhsullarının çeşidi artır, xidmət məntəqələrinin sayı çoxalır, bank xidmətlərinin keyfiyyəti yüksəlir. Azərbaycanda riteyl bankçılığın inkişafına əsas yaradan makroiqtisadi zəmin, yəni, ümumidaxili məhsulun, əhalinin gəlirlərinin ildən-ilə artması bu prosesin gələcəkdə daha da genişlənəcəyindən xəbər verir. 
Çox istərdik ki, Kapital Bank bu prosesin sadəcə iştirakçısı yox, həm də riteyl bankçılıq sahəsində bir sıra yeni ənənələrin yaradıcılarından olsun. Bildiyiniz kimi, riteyl bankçılığın inkişafı üçün ən mühüm şərtlərdən biri geniş filial şəbəkəsinin mövcudluğudur. Kapital Bankın Azərbaycanda ən geniş xidmət şəbəkəsinə malik bank olmasını, uzun illər ərzində cəmiyyət həyatında oynadığı önəmli rolu nəzərə alaraq hesab edirik ki, bu sahənin inkişafına öz töhfələrini verməsi də Kapital Bankın tarixi missiyalarından biridir.  

- Kapital Bankdakı mövcud xidmət səviyyəsi sizi qane edirmi?

- Düşünürəm ki, burada əsas olan mənim deyil, banka müraciət edən müştərinin münasibətidir. İdarə Heyətinin sədri kimi Kapital Bankın xidmət məntəqələrindəki hansısa müsbət məqamlar məni qane edə bilər, amma bank sektorundakı artan rəqabət şəraitini, müştərilərin gündən-günə dəyişən müasir tələblərini də unutmamalıyıq. Ola bilər ki, dünən müştərini tam məmnun edən xidmət səviyyəsi bu gün onun istəklərinə uyğun olmasın. Müştərinin tələblərinə tam cavab vermək üçün satış və xidmətlərdə qüsursuzluq təmin olunmalıdır. Bu sahədə bir sıra yeniliklər, şübhəsiz ki, ediləcək. Biz istərdik ki, Kapital Bankın xidmətlərindən faydalanan hər bir müştəri özünün bizim üçün nə qədər dəyərli olduğunu ilk baxışdan duysun. Yeri gəlmişkən, Bank əməkdaşlarının xidməti məsuliyyətinin artırılması üçün artıq “Kapital Bank işçilərinin etik davranış Məcəlləsi” qəbul olunub. Bu Məcəllənin də başlıca məqsədlərindən biri məhz müştəri məmnuniyyətinin əldə edilməsidir. Çünki müştəri məmnuniyyəti qarşıya qoyulmuş strateji hədəflərə çatmaqdan ötrü bizim üçün çox vacibdir.

- Sizcə, bugünkü müştəri öz bankında, əsasən, nələri görmək istərdi?

- Fikrimcə, bu sualın dəqiq cavabı seçilmiş seqmentə hədəflənən səmərəli marketinq siyasətindən asılıdır. Biz Kapital Bankda məhz belə bir siyasətin həyata keçirilməsi niyyətindəyik. Seçilmiş hədəf qrupların xarakterinə uyğun müntəzəm araşdırmalar aparılmalıdır. Müştəri ehtiyacları öyrənilməlidir. Təklif edilən məhsul və xidmətlər onların ehtiyaclarına nə qədər uyğun gələrsə, nəticələr də bir o qədər müsbət olar. Məlumatların müştərilər üçün aydın və əlçatanlığı da mühüm şərtdir. Bundan başqa, Kapital Bankın filiallarının müştəriyönümlü və korporativ üsluba uyğun dizaynı, filial şəbəkəsinin optimallaşdırılması da planlarımıza daxildir. Biz öz fəaliyyətimizdə müştərilərin yüksək məmnunluğunu təmin edən müştəriyönümlü xidmət standartları tətbiq etmək istərdik. İstərdik ki, Kapital Bankın xidmət məntəqələrinə müraciət edən müştərilərin böyük əksəriyyəti bankla elə ilk təmas anından problemlərinin həllinə nail olsunlar. Xidmət standartları arasında hər hansı uyğunsuzluq olmasın, müştərilərlə münasibətlər dərinləşdirilsin və s.  Bütün bunlar bu günün müştərisinin öz bankında görmək istədikləridir və bu kimi məqamlar Kapital Bankın fəaliyyətində də, təbii ki, nəzərə alınacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

- Kapital Bankda hansı texnoloji yeniliklər gözlənilir?

- Kapital Bank texnoloji yeniliklərə hər zaman açıqdır.  İndiyə qədər bank texnoloji yeniliklərin tətbiqi sahəsində bir sıra ciddi nailiyyətlər əldə edib. Bu nailiyyətləri qorumaq və inkişaf etdirmək lazımdır. Məsələn, rəqəmsal bankçılığın imkanlarının genişləndirilməsi əsas niyyətlərimizdəndir. 
Hazırda Kapital Bank “İnternet-bankçılıq”, “Mobil-bankçılıq”, “Müştəri-bank xidməti”, “SMS-məlumatlandırma”, “Ödəniş kartlarının online sifarişi” və s. bu kimi rəqəmsal bank texnologiyalarını uğurla tətbiq edir. İyul ayının əvvəllərindən kredit sifarişlərinin Kapital Bankın ATM-ləri vasitəsilə həyata keçirilməsini təmin edən xidmətin tətbiqinə başlamışıq. Bu cür xidmətlər qısa zamanda daha da inkişaf etdiriləcək. Eyni zamanda onu da anlayırıq ki, bütün bu yeniliklərin uğur qazanması müştərilərimizin məlumatlılıq səviyyəsindən, yeni bank texnologiyaları ilə iş vərdişlərindən asılıdır. İmkan daxilində müştərilərimizin maarifləndirilməsi sahəsində də müəyyən işlər görməyə çalışırıq.

- Yaxın gələcəkdə Kapital Bankın əsas kredit siyasətində hansı dəyişikliklər baş verə bilər?

- Kapital Bankın kredit siyasətindəki hər hansı dəyişiklik maliyyə bazarındakı inkişaf proseslərindən asılı olacaq. Çünki Bankın kredit siyasəti xidmət etdiyi bazar sektorunun xüsusiyyətlərinə əsaslanır. Hazırda Kapital Bankın verdiyi iri həcmli kreditlər ölkə iqtisadiyyatının yaxşı inkişaf tempinə malik - istehsalat, emal, tikinti, energetika, rabitə sahələrinə aiddir. Kapital Bankın aktivlərinin iqtisadiyyatın müxtəlif sahələrində optimal həcmdə yerləşdirilməsi də mühüm şərt kimi nəzərə alınıb. Bu xətt növbəti illərdə də davam etdiriləcək və Kapital Bank respublikamız üçün xüsusi əhəmiyyət daşıyan sahələrin kreditləşməsinə geniş yer ayıracaq. Bununla yanaşı, Bankın mövcud kredit siyasətinə uyğun digər sahələrin kreditləşdirilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətinin dəstəklənməsi də vacib vəzifə kimi yerinə yetiriləcək. 
Böyük müştərilərin iri həcmli kreditlərə olan ehtiyacını təmin etmək məqsədilə Bank kapitalın həcminin artırılmasını da davam etdirir. İyun ayında Bankın nizamnamə kapitalının həcminin 80 milyon manata çatdırılması barədə qərar qəbul olundu. Ölkə iqtisadiyyatında baş verən ümumi inkişaf dinamikasından asılı olaraq bu siyasət, yəqin ki, gələcəkdə də davam etdiriləcək.

- Kapital Bank regional dövlət layihələrində də iştirak edir...

- Bəli, bu layihələrdə iştirak bizim əsas fəaliyyət prioritetlərimizdən biridir. Bu gün dünyanın əksər ölkələrində tədqiqatçılar tərəfindən “yeni iqtisadiyyat” adlandırılan maraqlı bir tendensiya müşahidə olunmaqdadır. Onun əsas mahiyyəti regional fərqləri aradan qaldırmaqla ölkənin ümumi sosial-iqtisadi inkişafını təmin etməkdən ibarətdir. Bu tendensiyanın uğur qazanmasında regional layihələrdə yaxından iştirak edən bankların da rolu çox böyükdür. Kapital Bank da bu gün ölkəmizdə belə bir prosesin fəal iştirakçısıdır. 
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Kapital Bank müvəkkil bank olaraq yerli sahibkarlara güzəştli kreditlər verir. Bu da regionlarda müasir istehsal və emal müəssisələrinin yaradılması, kiçik sahibkarlığın inkişafı, gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması deməkdir. Eyni zamanda, Kapital Bank dövlət büdcəsindən yerli fermerlər üçün ayrılmış subsidiyaların ödəniş kartları vasitəsilə onlara çatdırılmasını da təmin edir.
Amma təəssüflə etiraf etməliyik ki, bu gün əhalinin bank xidmətlərindən istifadəsi baxımından Bakı və regionlar arasında hələ böyük fərqlər var. Bu fərqi Kapital Bankın fəaliyyət göstəricilərində də müşahidə etmək olar. Əlbəttə, bütün bunlar müəyyən obyektiv amillərə söykənir. Regionlarla müqayisədə mərkəzdə kredit fəaliyyəti kommersiya bankları üçün daha az risklidir. Amma Kapital Bank olaraq biz regional biznes layihələrinin kreditləşməsində birbaşa iştirakımızı getdikcə genişləndirmək niyyətindəyik. Ümid edirik ki, düzgün, dərin təhlillərə, bazar araşdırmalarına əsaslanan risk strategiyası ilə buna nail ola biləcəyik.

Ən sərfəli krediti almaq üçün müraciət et