İşə qəbul mütəxəssisi açıqlayır – Uğurlu CV-lərin 5 ortaq xüsusiyyəti | Banco.az

İşə qəbul mütəxəssisi açıqlayır – Uğurlu CV-lərin 5 ortaq xüsusiyyəti

Kaliforniyanın Korn Ferry adlı idarəetmə üzrə konsaltinq şirkətində dünyanın müxtəlif yerlərindən 7643 işçi çalışır.

Şirkətin CEO –su Gary Burnison 20 illik təcrübəsinə əsaslanaraq iştirak etdiyi minlərlə iş müsahibəsi zamanı namizədlərin tərcümeyi halları (CV) içərisində ən uğurlu hesab etdiyi nümunənin 5 əsas xüsusiyyətini sadalayıb.

“Karyeram ərzində hər növ tərcümeyi halla qarşılaşmışam. İnanın ki, əksəriyyətinin nöqsanları eyni idi. Çox uzun, çox darıxdırıcı, çətin oxunan və qrammatik səhvlərə yol verilən minlərlə CV nümunələri...

Bir neçə il əvvəl isə məni olduqca təsirləndirən bir tərcümeyi halla qarşılaşdım.

Sözün düzü, bu CV forması bu vaxta qədər gördüklərim içərisində ən yaxşısı idi. İçərisində heç bir yanıldıcı nüans yox idi. Yəqin edəcəyiniz kimi, sözügedən CV – yə sahib olan namizədi işə qəbul etdim.

Həmin CV –də diqqətimi cəlb edən bəzi nüanslar vardı:

1. Asan oxunurdu.

Namizəd 10 ildən çox iş təcrübəsinə sahib olsa da, CV forması sadəcə iki səhifədən ibarət idi.

Bütün xırdalıqlar yaxşı düşünülmüşdü. Abzaslar düzgün qoyulmuşdu, şirkət adları bold, ünvanlar italics şrifti ilə yazılmışdı və işin təfərrüatları maddələrə ayrılmışdı. Mətndə heç bir qrammatik səhvə yol verilməmişdi.

Mətnin şrifti də düzgün seçilmişdi. Qeyd edim ki, namizədlər tərcümeyi hal hazırlayarkən mətnin şriftini seçməyə xüsusilə vaxt sərf edirlər, ancaq buna ehtiyac yoxdur. “Times New Roman”, “Calibri” kimi şriftlər hər zaman asan oxunaqlığı ilə seçilir.

2. Öz hekayəsi vardı.

Sözügedən tərcümeyi hal namizədin karyerası haqqında sanki bir hekayə nəql edirdi. CV formasına nəzər saldıqda namizədin öz karyerası boyunca keçdiyi yolları asanlıqla gözümdə canlandıra bilirdim.

Başqa sözlə desək, namizəd bu tərcümeyi halda öz iş tarixçəsinin xronologiyasını tərtib etmişdi.

3. Uğurları aydın qeyd edilmişdi.

İşə qəbul mütəxəssisi olaraq illər ərzində oxuduğum bir-birinin eynisi olan şablon mətnlərdən olduqca narazı idim. Qeyd edim ki, işə qəbul zamanı işverənlərin diqqət yetirdiyi qarşılarındakı namizədin digərlərindən nə ilə fərqləndiyini aydınlaşdırmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Unutmayın ki, tapşırıqları nəzərə çarpacaq uğurlarla təsvir etmək sizi hər zaman digərlərindən fərqləndirəcəkdir.

Məsələn,

“Satış və marketinq komandasına rəhbərlik” əvəzinə “Satış və marketinq komandasına rəhbərlik və nəticədə il ərzində 15%  artım” ifadəsindən istifadə edin.

4. Reallıqlara əsaslanırdı.

Tərcümeyi halın içərisində hər hansı bir qeyri-müəyyənlik yox idi. Hər bir nüans inandırıcı idi və göstəricilərin şişirdilmədiyinə dair inam yaranırdı.

Bununla yanaşı sözügedən tərcümeyi halda namizədin LinkedIn profilinə və işlərindən ibarət portfoliosuna keçidlər qeyd edilmişdi.

Böyük uğurlar və tanınmış şirkət adlarının qeyd edilməsi sizin üçün üstünlük hesab edilsə də, bu baxımdan diqqətli olmalısınız: İşverənlər sizə zəmanət verəcək şəxslərlə əlaqə saxlaya və yalan söylədiyiniz anlaşırlarsa, sizin üçün problem yarana bilər.

5. Heç bir şablon iddia yox idi.

“Yaradıcı”, “çalışqan” “məqsədyönlü”, “yüksək ünsiyyət bacarıqlarına sahib” və ya ən çox istifadə olunan “yaxşı komanda üzvü” kimi ümumi və şablon ifadələrə yer verilməmişdi.

Tez-tez istifadə olunan və demək olar ki, hər 10 tərcümeyi haldan 9 – da rastlaşdığımız bu şablon ifadələr yerinə aşağıdakı hərəkət feillərinə üstünlük verin:

“Yüksək ünsiyyət bacarıqlarına malik” ifadəsinin əvəzinə “Müştərilərlə üzbəüz iclaslar zamanı uğurlu təqdimat həyata keçirən və ya universitet tədbirlərində çıxış edən”,

“Çox yaradıcı” əvəzinə isə “Yeni bir qlobal tətbiq yaratdı və uğur əldə etdi” kimi ifadələrə yer verin.”

Həmçinin oxu: CV-lərin hazırlanması zamanı yol verilən 4 ən böyük SƏHV

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç