“İşçi işini nə qədər çox sevərsə, bir o qədər məsuliyyətli və diqqətli olur” | Banco.az

“İşçi işini nə qədər çox sevərsə, bir o qədər məsuliyyətli və diqqətli olur”

Qısa müddət ərzində rəhbər vəzifəyə qədər gəlib çıxa bilib. Deyir ki, həyatda çətin olan heç nə yoxdur. Önəmli olan bir şeyi istəməkdir. Bununla yanaşı düşünür ki, uğur qazanmaq üçün öz işini sevməli və məsuliyyətli olmalısan. Müsahibim Ata Bankın Komplayens departamentinin direktoru Durna Həsənovadır. 

Qeyd edim ki, həmsöhbətim  2001-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində kredit və bank işi  ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Hal-hazırda isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  İnformasiya Texnologiyaları sahəsində qiyabi formada ikinci təhsil alır.

- Atabanka gəlişinizdən danışaq. Bankla yollarınız necə kəsişdi?       

- Atabank-la ilk tanışlığım 2004-cü ilin yay aylarında olub. O zaman universitetin 3-cü kursunda oxuyurdum və  yay təcrübəsi  üçün buraya gəlmişdim. Elə həmin vaxt bank sektorunda çalışmağı qarşıma hədəf qoydum və nəhayət 2006-cı ildən etibarən Atabankda rəsmi olaraq çalışmağa başladım.  Qeyd edim ki, artıq 12 ildir ki, sözügedən  bankda çalışıram.

- Bəlli müddətdir ki, bu sektorda çalışan biri kimi son illər bu sahədə hansı dəyişikliklər baş verib?

-Bank sektoru ildən ilə daha çox inkişaf edir və bu inkişaf sürətlə davam edir. Demək olar ki, hər gün banklar tərəfindən müştərilərə yeni məhsullar və xidmətlər təklif olunur.  Hal-hazırda müştərilər banka gəlmədən internet banking vasitəsilə hesablarını idarə edə bilir və ödənişlərini həyata keçirirlər.

- Bir qədər də çalışdığınız departamentin özəllikləri haqda danışaq...

- Qeyd edim ki, bu sahə bank sektorunda demək olar ki yenidir. Hörmətli Prezidentimiz Cənab İlham Əliyev tərəfindən 10 fevral 2009-cu il tarixində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının  qanunu təsdiqləndikdən sonra bank sektorlarında qanunun tətbiqi ilə əlaqədar struktur bölmələr yaradıldı. Bizim iş sahəmiz  çox diqqət tələb edən bir sahədir. Demək olar ki, gün ərzində aparılan əməliyyatların çoxu  bizim departament  tərəfindən hərtərəfli yoxlanılır. Əməliyyatların nə dərəcədə  qanunvericiliyə uyğun olub olmadığı yoxlanılır.  Hər hansı bir uyğunsuzluq aşkar edildiyi təqdirdə daha geniş araşdırmalar aparırıq.  Bu səbəbdən bizim departamentin əməkdaşları iqtisadi biliklərlə yanaşı hüquqi biliklərə də malik olmalıdırlar.

- Sizcə rəhbər olmaq üçün hansı keyfiyyətlərin olması vacibdir?

- Bəli. Düz deyirsiniz, rəhbər olmaq asan deyil. Bunun üçün uzun bir yol qət etmək lazımdır. Bu vəzifəyə gəlmək istəyənlər öz üzərində daim çalışmalı, yeniliklərə açıq olmalıdırlar. Önəmli faktorlardan biri də komanda ilə işləmək bacarığı olmalıdır. İdarəetmə və liderlik qabiliyyətləri olmayan şəxslər rəhbər ola bilməz.

- Öz təcrübənizdə işçilərlə münasibətdə nələrə diqqət edirsiniz?

- İşçi və rəhbər arasında olan münasibətlər işin gedişinə ciddi təsir göstərir. Bu səbəbdən də rəhbərlə işçi arasında mütləq güvən və hörmət olmalıdır. Yaxşı müdir rəhbərlik etdiyi sahə haqqında müfəssəl bilgilərə, insanlarla ünsiyyətdə xüsusi yanaşmaya sahib olmalı və psixologiyanı bilməlidir. Çətin situasiyalarda sürətli, çevik qərar vermə qabiliyyətinə malik olmaqla yanaşı, həmçinin, işçilərə motivasiya verərkən və tənqid edərkən balansı gözləməlidir. Tapşırıq və ünsiyyət zamanı işçilərlə empatiya (özünü başqasının yerində hiss etmə) hissini qorumalıdır.

Ən sərfəli kredit üçün müraciət et

- Komplayens departamenti olaraq, növbəti dövrlər üçün hədəfləriniz nələrdir?

- Növbəti dövrlər üçün ən böyük hədəfimiz bu sahədə aparılan yoxlama proseslərinin, əməliyyatların monitorinqinin tamamilə avtomatlaşdırılmasıdır. Bunun üçün artıq proqram təminatında dəyişikliklərin edilməsi üçün tapşırıqlar hazırlanır.

- Yaxın zamanlarda öz müştərilərinizə hansı yenilikləri təqdim edəcəksiniz?

- Hal-hazırda müştərilərimizin rahatçılığı üçün tətbiq olunan ərizə anketlərin avtomatlaşdırılması prosesi üçün işlər görülür. Bu isə müştərilərə xidmət səviyyəsini artıracaq. Yəni, belə demək olarsa müştərilərin hesab açma prosesini daha da  asanlaşdıracaq.

- Bəs bank sektorunda çalışmağın hansı müsbət və mənfi tərəfləri var?

- Hər bir sahədə olduğu kimi bank sektorunda işləməyin də özünün mənfi və müsbət cəhətləri var. Bankda iş pullarla işləmək deməkdir, özü də bu pulların miqdarı kifayət qədər böyükdür. Bu həm də bu insanlarla işləmək deməkdir. Yəni sənin məsuliyyətin kifayət qədər böyükdür. Buna görə də gənclərimizə çalışdıqları işlərini sevmələrini , hörmət etmələrini və işə məsuliyyət hissi ilə yanaşmalarını tövsiyə edərdim. Çünki işçi işini nə qədər çox sevərsə, işində  daha məsuliyyətli və diqqətli olar, daim inkişaf etməyə çalışar, işlədiyi sahənin inkişaf etməsi üçün daim yeni fikirlər irəli sürər.

- Bir xanım olaraq bankın departament rəhbəri olmaq. Bunun hansı çətinlikləri var? 

- Ümumiyyətlə hər hansı bir işi görərkən müsbət nəticə haqqında düşünürəm. Və qarşıma qoyduğum nəticəyə çatmaq üçün bu yoldakı çətinliklər barədə düşünmürəm. Bir kitabda oxumuşdum ki, həyatda çətin heç nə yoxdur. İşin sirri istəməkdir. Məncə, istək olduğu halda qoyulan hədəfə nail olmaq həmişə mümkündür.

- Qeyd etdiniz ki, rəhbər olmaq çətin və məsuliyyətli işdir. Bəs yorulduğunuz vaxtlar olurmu?

- Bəli, işim məsuliyyət tələb edən işdir. İş çıxışı hər bir işçi kimi məndə yorğun oluram. Lakin yorğunluq barədə heç vaxt düşünmürəm. Mən daha çox planlı yaşamağa üstünlük verirəm və bu səbəbdən ailəmə, sevdiklərimə və istirahətə də vaxt ayıra bilirəm.  

- Sonda ənənəvi sualımız, gələcək üçün planlarınız varmı?

- Gələcək üçün hədəflərim çoxdur. Lakin onları həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Hal-hazırda əsas hədəflərimdən biri də  İspan dilini mükəmməl öyrənməkdir. Bundan başqa  professional proqram təminatçısı olmaq istəyirəm. Növbəti dövrdə isə öyrəndiyim yeni biliklər sayəsində işlədiyim sahənin daha avtomatlaşdırılması üçün yeni ideyalar irəli sürmək niyyətim var.

Şəbnəm Mehdizadə, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et