İş yerində xoşbəxt olduğumuzu niyə gizlətməliyik? | Banco.az

İş yerində xoşbəxt olduğumuzu niyə gizlətməliyik?

Bəzən elə olur ki, xoşbəxtlikdən işıq saçırsınız və sevindiyinizi bütün dünyaya car çəkmək istəyirsiniz. Ancaq belə eyforiya iş yerində problemlərə yol aça bilər. Xoşbəxt görünən işçilər çox vaxt həmkarlarına sadəlövh insan təsiri bağışlayır. Və digərləri belə düşünür ki, əgər işçi xoşbəxtdirsə, deməli, az işləyir və onu xoşagəlməz tapşırıqlarla və digər işlərlə “yükləməyin” əsl vaxtıdır. Ətrafdakıların xoşbəxt insanları necə qəbul etdiyini araşdıran amerikalı alimlər bu qənaətə gəlib.

Kitab mağazalarının necə xoşbəxt olmaq olar mövzusunda kitablarla dolub-daşdığı bir dövrdə bu münasibət tamamilə məntiqsiz görünür. Yenə də fakt faktlığında qalır: şüuraltımızda biz özümüzdən daha xoşbəxt olan insanlara qarşı qısqanclıqla yanaşırıq.

Tədqiqatın müəlliflərindən biri, Uorton biznes məktəbinin professoru Moris Şvayçer qeyd edir ki, şimali-amerikan mədəniyyətində işə və həyata müsbət münasibət göstərmək qəbul olunsa da, həddən artıq xoşbəxt görünən əməkdaşlar ətrafdakılara qeyri-professional və effektsiz görünür. Belə insanları səthi, tez təsirə düşən və çətin tapşırıqların öhdəsindən gəlməyə yararsız hesab edirlər. Nikbin olmaq normaldır, lakin sevinc hissinin ifrat təzahürü həmkarlarla münasibətə, onların rəğbətini qazanmağa mənfi təsir göstərə bilər.

Unutmayın ki, sizi daim müşahidə edirlər və əksərən sizə davranışlarınıza görə qiymət verilir. Şvayçerin fikrinə görə, biz daim ətrafdakıları skan edirik, ətrafdakıların nə düşündüyünü və necə davranacaqlarını təxmin etməyə çalışırıq. Bu yolla da öz dünyamızı nəzarətdə saxlamağa çalışırıq. Əgər siz emosiyalarınızı cilovlamaqda çətinlik çəkirsinizsə, tədqiqat müəlliflərinin 4 məsləhətinə əməl edin:

Ən sərfəli kredit üçün müraciət et

1. Hisslərinizi ehtiyatla büruzə verin.

Emosiyaların nümayişi sizin haqqınızda fikir formalaşdırır. Nikbin olun, amma emosiyaları göstərərkən ifrata varmayın.

2. Ətrafdakıları kompetentliyinizə inandırın.

Əgər siz şən insansınızsa və hisslərinizi cilovlaya bilmirsinizsə, sizi çox güman ki, sadəlövh hesab edəcəklər. Tənqidi düşünmə və çətin tapşırıqların öhdəsindən gəlmək qabiliyyətinizə onları inandırmağa əlavə səy göstərməli olacaqsınız.

3. Yad insanlarla və təzəlikcə tanıdığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun.

İlk təəssürat çox önəmlidir. Yeni insanlarla ünsiyyət qurarkən çox emosional olmamağa çalışın. Günə əla başlasanız, hətta əla xəbər alsanız belə özünüzü təmkinli aparın.

4. Sevinc hissinin nümayişi bəzən yersiz olur.

Kompetent əməkdaşların davranışı situasiyadan asılıdır. Bəzən biznesin uğuru söhbətin düzgün tonunun seçimindən asılı olur. Məsələn, müştəri şikayətlə bağlı zəng edibsə, o, anlayış, empatiya,problemin tezliklə həll olunmasını gözləyir və bu zaman şən danışığı, hər hansı zarafatı təhqir kimi qəbul edə bilər.

Nigar Umaxanlı, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç