İş müsahibələrində yol verilən 6 KOBUD SƏHV | Banco.az

İş müsahibələrində yol verilən 6 KOBUD SƏHV

Siz aktiv şəkildə iş axtarırsınız, ancaq rədd edilirsiniz və səbəbini anlamırsınız. Görünür, hansısa vacib nüansı göz ardı edirsiniz, amma məhz nəyi? Fəlsəfə elmləri doktoru, nevroloq Berit Broqaard əmindir ki, böyük əksəriyyət ən çox yayılmış 6 səhvdən birinə yol verir.

Rəqiblərinə qalib gələrək müsahibədən müvəffəqiyyətlə keçmək sonradan qazanıla biləcək qabiliyyətdir, hətta incəsənətdir. Əsas odur ki, özünüzə qıraqdan baxmağı bacarasınız və işəgötürənin qarşınıza qoyduğu tələlərdən agah olasınız. Bəzən səriştəsizlikdən özümüz özümüzü tələyə salırıq.

Həmçinin Oxu: CV göndərmə və müsahibəyə hazırlıq haqqında suallara cavab

1. Şüur axını

Adətən müsahibədə keçmiş iş təcrübəsi və ya akademik uğurlar haqqında danışmağa imkan verilir. Məqsədiniz bu məlumatı işəgötürəninizə qısa və aydın şəkildə çatdırmaqdır. Bir çox namizəd lüzumsuz yerə təfərrüatlara varır, keçmiş vəzifə öhdəliklərini incə detallarına qədər uzun-uzadı danışır.

Peşəkar jarqon, qeyri-anlaşıqlı terminlər və mücərrəd fikirlərdən uzaq durun. Sadəcə vərdiş və bacarıqlarınızın gələcək iş yerinizdə nə şəkildə faydalı olacağını nümunələr göstərərək əsaslandırın.

2. Saxta təvazökarlıq

Müsahibələrin qəlib suallarından biri də budur: «Ən böyük mənfi cəhətinizi deyin».

Başqa deyimlə: «Üzərində çalışmalı olduğunuz mənfi cəhətləriniz varmı? Əvvəlki iş yerinizdə hansı çətinliklər və məyusluqlarla üzləşmisiniz?»

Heç kəs “axillesin dabanını” göstərməyi xoşlamır. Əksinə, öz müsbət cəhətlərini mənfi cəhət kimi qələmə verməyə çalışırlar: «Mənim problemim budur ki, perfeksionistəm, hərçənd ideala çatmaq mümkün deyil», «Mən tez-tez gecələr işləyirəm ki, işi vaxtından tez qurtarım», «Mən işimə çox bağlıyam və təkid edirəm ki, işçilər onu keyfiyyətli şəkildə görsünlər» və s. Artıq bu hiylələr HR-larüçün adiləşib. Ən yaxşısı budur ki, işəgötürənə həyati əhəmiyyətli olmayan, amma real bir mənfi cəhətinizi etiraf edəsiniz. Bu, iş prosesinə mənfi təsir etməyəcək hər hansı kiçik bir mənfi xüsusiyyət ola bilər.

Əlbəttə ki, sizin çox vaxt işə gecikdiyinizi, yazıda punktuasiya xətalarına yol verdiyinizi işəgötürən bilməsə daha məqsədəuyğun olar. Başqa variant budur ki, səmimi şəkildə etiraf edəsiniz ki, məsələn, iş təcrübəniz mükəmməl olmasa da öz bilik və vərdişləriniz sayəsində yaxşı nəticələr əldə edəcəyinizə inanırsınız. Yaxud da qeyd edə bilərsiniz ki, xarici dil səviyyənizin tələb olunan səviyyədə olmamasına baxmayaraq, siz həmin dildə sərbəst şəkildə ünsiyyət qura bilirsiniz və hətta bu dili təkmilləşdirmək üçün kursa da gedirsiniz».

Ən sərfəli kredit üçün müraciət et

3. Sürprizlərə hazırlığın olmaması

Siz uyğun olduğunuz vakansiya tapmısınız, müsahibə qənaətbəxş gedir, ta ki sizin fəaliyyət sahənizə uzaq olan tapşırıq verilənə qədər. Bu zaman özünü etinasız göstərmək qədər təşvişə düşmək də yanlış hərəkətdir. Sadəcə bildirin ki, sizin konkret sahədə təcrübəniz yoxdur, lakin güclü qavrama qabiliyyətinizin hesabına tezliklə öyrənəcəksiniz.

4. İşəgötürən haqqında məlumatsızlıq

Şirkət haqqında məlumatla və ya saytı ilə tanış olduğunuzu nümayiş etdirin. HR maraqlana bilər ki, niyə siz məhz orada işləmək istəyirsiniz. Yaxşı olardı ki, siz təşkilatın daha əvvəlki müsahibələrdə səslənməyən müsbət cəhətlərini vurğulayasınız.Əgər belə bir imkanınız olmazsa, onda sual vermək növbənizi gözləyin və onda şirkətin layihələri haqqında sual verərək onunla nə dərəcədə maraqlandığınızı göstərin.

5. Bəlli bir imicin olmaması

Müsahibə qaydalarına görə, siz işgüzar üslubda geyinməlisiniz. İşgüzar kostyumun sizin fərdiliyinizi kölgə altına salmağına imkan verməyin. Formal yanaşmadan uzaq durun, həddən artıq ciddi və sıxıcı olmayın. Müsahibə telefon və ya skayp vasitəsilə baş tutursa, açar sözləri xüsusilə vurğulayın, danışıq tempinizi nəzarətdə saxlayın və sizin üçün əhəmiyyətli olan fikirlərdən sonra qısa fasilə verin.

6. Narahatlıq siqnalları

Çox namizəd müsahibələrdə həyəcanlanır, bu, təbiidir. Təəssüf ki, bu, namizədin bədən dilində (ayaqları ilə ritm tutmaq, qələmi oynatmaq, stulu yellətmək, stola baxmaq və s.) özünü qabarıq şəkildə büruzə verərək işəgötürəni qıcıqlandıra bilər.

Bütün bu neqativ halları aradan qaldırmaq üçün dostlarınızla müsahibəyə hazırlıq məqsədi ilə məşq edə bilərsiniz.

Həmçinin Oxu: Müsahibələrdə ən çox verilən 4 sual

Nigar Umaxanlı, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et