İpoteka sığortası nə üçün lazımdır? | Banco.az

İpoteka sığortası nə üçün lazımdır?

Borc igidin qamçısıdır deyiblər... Bəs o borc 25-30 illik olarsa?

Bu müddət ərzində o qamçıya da, o igidə də hər şey ola bilər. Odur ki, həm borc alana həmdə borc verənə təminat lazımdır. Qısaca, Sığorta..

Sığorta - qəza, fəlakət, oğurluq və s. hadisələr nəticəsində itkiyə məruz qalmış şəxsi əvvəlki maliyyə vəziyyətinə qaytaran və ya maddi zərəri minimuma endirən vasitədir. 

Sığorta bir növ sizin "qoruyucu mələyinizdir".

Sığorta ipoteka ilə birləşdikdə isə yeni bir mexanizm işə düşür. İpoteka sığortası ipoteka qoyanın (borclunun) ipoteka saxlayan (kreditor) qarşısındakı ipoteka müqaviləsində nəzərdə tutulan borc öhdəliklərini tam və ya qismən yerinə yetirə bilməməsi halında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığortadır. Bu sığortanın reallaşması nəticəsində kreditor verdiyi borcu geri qaytara bilir.

İpoteka sığortası ipoteka qoyulan əmlakın bazar qiymətinin düşməsi ilə əlaqədar borclunun müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfidir. İpoteka sığortası borcun təmamilə ödənilməsini təmin eləmir. O, borc verənin zərərə düşməməsi üçün lazım olan hissəni geri qaytarır.

Məsələn, müştəri 70.000 manat məbləğində ipoteka krediti almış və 80.000 manat dəyərləndirilmiş mənzilini həmin kredit üçün girov qoymuşdur. O həmçinin kreditin tam məbləğinə bərabər sığorta məbləğində ipoteka sığortası müqaviləsi bağlamışdır. Müştəri bir müddət krediti tələb olunan qaydada ödəmişdir. Borcu 65.000 manat qaldığı halda krediti qaytarmaq imkanını itirmişdir. Bundan sonra kreditor məhkəməyə müraciət etmiş və mənzil hərracda 68.000 manata satılmışdır. Mənzilin satılması vaxtı müştərinin kreditora borcu əsas borc üzrə 65.000, faiz borcu üzrə isə 5.000 manat olmaqla cəmi 70.000 manat təşkil etmişdir. Bu halda sığortaçı borc verənə 2.000 manat (70.000–68.000=2000 manat) ödəməlidir.

Ən sərfəli kredit üçün müraciət et

İpoteka müqaviləsi üzrə kreditorun zərərinin tam ödənilməsi üçün ipoteka predmetinin dəyərinin çatışmayan hissəsinin sığortalanması ipoteka  sığortası adlanır.

“Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin müvəkkil kredit təşkilatları tərəfindən verilməsinə dair Standart Tələblər”ə əsasən ipoteka kreditini alan şəxs mütləq olaraq 3 növ sığorta əməliyyatını həyata keçirir:

- əmlak sığortası;

- iş qabiliyyətinin itirilməsinin sığortası;

- həyat və sağlamlığının itirilməsinin sığortası.

Əmlak sığortası zamanı ipoteka qoyulmuş əmlaka yanğın, ildırım, partlayış və ya yanğın və partlayış nəticəsində meydana gələn tüstü, buxar və hərarətdən dəyən maddi zərərlərə sığorta məbləği həddində təminat verilir.

Həyat sığortası isə sığorta ödənişinin sığortalının və ya sığorta olunanın ölməsi və ya müəyyən yaşa çatmasından asılı olaraq həyata keçirilməsidir.  Borcalanın vəfat etməsi halında digər iki sığorta sayəsində sığorta şirkəti ipoteka kreditini ödəyir.

Amma hər halda arzu edirik ki, ipoteka kreditlərinizi hec bir sığorta sayəsində ödəmək məcburiyyətində qalmayasınız.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et