“Hökumət Ödəniş Portalı”na yeni təşkilatlar inteqrasiya edilmişdir | Banco.az

“Hökumət Ödəniş Portalı”na yeni təşkilatlar inteqrasiya edilmişdir

Vergi, rüsum, icarə haqqı, cərimə, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasının təşkili məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”nın əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilən tədbirlərin nəticəsində bu qurumlar tərəfindən göstərilən xidmətlər üzrə ödənişlərinin mərkəzləşdirilmiş qaydada yaradılmış infrastruktur vasitəsilə qəbul edilməsi təmin edilmişdir.

Bu gündən başlayaraq  qeyd olunan təşkilatlar və onların tabeli qurumları tərəfindən təqdim edilən 26 xidmət, o cümlədən notariat kontorlarında icra qeydlərinin aparılması, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş təhsil sənədlərinin tanınması xidmətləri və məktəbdənkənar təhsil müəsisələrinin xeyrinə ianələr üzrə ödənişlər “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bankın və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1000-ə yaxın ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparıla bilər.

Ən sərfəli kredit üçün müraciət et

Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün Ədliyyə Nazirliyi üzrə şəxsiyyət vəsiqəsi rekvizitlərindən, Qida Təhlükəsizliyi Agentliyi üzrə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən, VÖEN-dən və yaxud qurum tərəfindən təqdim edilən sənəd nömrəsindən, Təhsil Nazirliyi üzrə bu qurum tərəfindən verilmiş ödəyici kodundan, məktəbdənkənar təhsil müəssisələri üzrə isə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən istifadə edilməlidir.

Ən sərfəli krediti almaq üçün müraciət et