Hökumət büdcə dəyişikliyinə niyə gedir? | Banco.az

Hökumət büdcə dəyişikliyinə niyə gedir?

Xəbər verdiyimiz kimi, 2017-ci il dövlət və icmal büdcələrinin xərclərinə yenidən baxılır. Büdcəyə yenidən baxılmasının səbəbinə gəlincə, bu, əsasən, bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi və digər zəruri dövlət vəzifələrinin icrası ilə əlaqədardır.

Bu barədə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsində qeyd edilib. 

Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalı artırılacaq

Nəzərə çatdıraq ki, yenidən baxılma zamanı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna uyğun olaraq ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin, sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi məqsədilə müvafiq xərclərin, lisenziyası ləğv edilmiş banklarda əmanətçilərin qorunan əmanətlərinin 100% ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması məqsədilə Fondun nizamnamə kapitalının artırılması nəzərdə tutulur.

Büdcə xərcləri nəyin hesabına artacaq? 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunan xərclərin maliyyələşdirilməsində Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin maliyyə nəticələrinə görə əldə edilmiş mənfəətindən ayırmalardan, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğun olaraq, tətbiq olunan sanksiya və cərimələrin həddinin artırılması  həmçinin 2017-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından istifadə olunacaq.

Konkretləşdirsək, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2%-ni təşkil etməklə, mütləq ifadədə 16 mlrd. 766 mln. manat proqnozlaşdırılır. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Həmin artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 mln. manat, Vergilər Nazirliyi üzrə 135 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 50 mln. manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 mln. manat təşkil edəcək.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 645 mln. manat daxilolma nəzərdə tutulur. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozundan 135 mln. manat çoxdur. Qeyri-neft sektorundan 5 mlrd. 805 mln. manat vergi daxilolması nəzərdə tutulur. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 135 mln. manat  çoxdur.

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et