Həyat sığortası üç illik əmanətləri bankların əlindən ala bilər | Banco.az

Həyat sığortası üç illik əmanətləri bankların əlindən ala bilər

“Banklara üç ildən yuxarı yatırılan əmanətlər həyat sığortası şirkətlərinin potensial yığımlarıdır”.

Bu sözləri Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov jurnalistlər ilə keçirdiyi görüşdə deyib.

“Həyat sığortası daha böyük templər ilə artacaqdır. Bankların depozit portfelinə baxdıqda, həyatın yaşam sığortası üzrə milyardlar ilə vəsaitin cəlb olunması imkanının olduğunu görürük”,- o bildirib.

SÖHBƏT 2,6 MİLYARDLIQ “TİKƏDƏN” GEDİR.

Mərkəzi Bankın məlumatına görə, may ayının 1-i tarixinə görə banklarda əhalinin 2,6 milyard manatdan çox uzunmüddətli əmanəti var.

“Azərbaycanın 3 həyat sığortası şirkəti arasında rəqabət kifayət qədər hiss olunur. Onların bankların müştərilərinin bir hissəsini özlərinə cəlb edə biləcəyinə inanıram. Bu rəqabətdir”,- Orxan Bayramov əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

BANKLAR  9%, HƏYAT SIĞORTASI 20% QAZANC TƏKLİF EDİR.

Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda depozitlər üzrə orta faiz dərəcəsi 9,2% təşkil edir. Həyatın yaşam sığortası üzrə gəlirlilik isə əsasən gəlir vergisinin, məcburi dövlət sosial sığorta haqqının və həmkarlar təşkilatına üzvlük haqqının ödənilməməsi hesabına 20%-ə çatır. 

ƏN BÖYÜK ARTIM HƏYAT SIĞORTASINDADIR.

Qeyd edək ki, 2014-cü ilin yanvar-may ayları üzrə sığorta növləri arasında ən böyük artım həyat sığortasında qeydə alınmışdır. Həyatın yaşam sığortası üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə, 73% artaraq  25,8 milyon manatı ötmüşdür.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et