Havadan gələn təhlükə: Meteohəssas insan kimdir? | Banco.az

Havadan gələn təhlükə: Meteohəssas insan kimdir?

“Meteohəssas insanlara xəbərdarlıq”, “Hava şəraiti meteohəssas insanlarda diskomfort hissi yarada bilər”, “Meteoroloji amillərin zəif tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişli olacaq”...

Hava haqqında verilən proqnozlarda rast gəldiyimiz bu xəbərdarlıqları eşidəndə hər dəfə düşünürük ki, meteohəssas insanlarlar kimlərdir? Hava dəyişmələri hansı təhlükələrə səbəb ola bilər? Bu xəbərdarlıqlar zamanı nə etməli? Ailem.az bu suallara cavab tapmağa çalışdı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Ailem.az-a bildirib ki, hidrometeoroloji proseslərdə baş verən dəyişikliklərə həssas olan bir qrup insan var ki, onlara meteohəssas insanlar deyilir: “Hava şəraitinin dəyişikliklərinə əsasən, atmosfer təzyiqinin tərəddüdləri, temperaturun kəskin yüksəlməsi və yaxud aşağı enməsi, güclü şimal küləyinin cənub küləyi ilə əvəz olunması, eyni zamanda hava şəraitinin yağışlı, buludlu və ya çiskinli olması kimi hidrometeoroloji proseslər həmin insanlara öz təsirini göstərir. Bunu daha çox ürək, damar və tənəffüs yolu xəstəlikləri olan insanlara şamil etmək olar. Məsələn, güclü şimal-qərb küləyinin qəfil güclü cənub-qərb küləyi ilə, mülayim xəzri küləyinin gilavar küləyi ilə əvəz olunması, yağışlı, çiskinli hava meteohəssas insanlarda diskomfort hissi yaradır və onlar özlərini pis hiss edirlər. Şimal küləyi əsəndə isə adətən oksigenlə zəngin hava şəraiti müşahidə edilir və bu, insanlarda xoş təssürat yaranır. Mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir. Lakin isti cənub küləyinin əsməsi bəzi insanlara müəyyən qədər mənfi təsir göstərir”.

A. Verdiyevin sözlərinə görə, havada meteohəssas insanlara təsir edən amillər həm yayda, həm də qış fəslində müşahidə edilir. Amma yay aylarında daha çox baş verir: “Yanvar ayında güclü küləklərin əsməsi, əsasən də şimal küləyinin cənub küləyi ilə əvəzlənməsi zamanı meteohəssas insanlarda bunun müəyyən təsirləri hiss olunur. Yayda isə bu təsirlər kəskin istilərdə, havanın temperaturunun 35 dərəcədən çox yüksəldiyi zamanlarda baş verir. Çünki isti hava şəraiti bəzi xəstələrin özlərini pis hiss etmələrinə səbəb olur”.

Baş hidroloq meteohəssas insanlarla bağlı proqnozların Hidrometeoroloji Proqnozlar Bürosunun mütəxəssisi tərəfindən hazırlandığını deyib. O qeyd edib ki, hava şəraitində baş verəcək dəyişikliklə əlaqədar məlumatlar hazırlanarkən həmin mütəxəssis də bunun insanlara necə təsir edəcəyini proqnoz edir: “Hava haqqında proqnozlar müzakirə edilən zaman həmin mütəxəssis də orada iştirak edir və proqnozun tərtibatını verir”.

Ən sərfəli kredit üçün müraciət et

A. Verdiyevin söylədiyinə görə, meteohəssas insanlarla bağlı edilən xəbərdarlıqlarda, əsasən, güclü külək, kəksin isti və yaxud kəskin şaxtalar zamanı açıq havada çox qalmamaq məsləhət görülür. Baş hodroloq onu da əlavə edib ki, günlük hava proqnozları və xəbərdarlıqlar digər qurumlarla yanaşı, Səhiyyə Nazirliyinə də göndərilir.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dossenti, tibb üzrə fəlsəfə doktoru Sənubər Vəliyeva Ailem.az-a bildirib ki, meteohəssas insanlar əsasən, ürək-damar və bronxial astma xəstəliklərindən əziyyət kəçən insanlardır: “Ürəyin işemik xəstəliyi, arterial təzyiqi yüksək olan insanlar hava dəyişmələrinə daha çox həsass olurlar. Havada atmosfer təzyiqinin dəyişməsinə reaksiya verirlər və onlarda arterial təzyiqin artması, ürək ağrıları baş verə bilir. Havanın qəfil dəyişməsi, güclü küləklər bronxial astmalı xəstələrdə astma tutmalarının daha tez-tez baş verməsinə səbəb olur. Əsasən gecə saatlarında baş verən dəyişikliklər zamanı onlarda boğulmalar artır. Havanın rütubətliliyi də astma xəstələrində tənəffüzü çətinləşdirir. Bütün bunlar səhiyyədə aparılan statistik hesablamalar zamanı öz təsdiqini tapıb. Məlum olub ki, belə günlərdə təcili yardıma müraciət edənlərin sayı da çox olur”.

S.Vəliyevanın sözlərinə görə, astmalı xəstələrə yay vaxtlarında Quba-Xaçmaz zonasına getmələri məsləhət görülmür: “Çünki həmin zonada nəm, rütubət çox olur. Dağlıq rayonlarda isə hava daha çox quru olduğundan belə xəstələr üçün əlverişli sayılır”.

Həkimin sözlərinə görə, xroniki xəstəlikləri olan insanlar davamlı olaraq müalicə alarsa, hava dəyişmələri onlara bir o qədər də təsir etmir: “Amma müalicə olunmayan xəstələrdə həmin günlər ağırlaşmalar baş verə və təhlükə arta bilir. Ona görə də xroniki xəsləlikləri olan insanlar daim həkim nəzarətində olmalıdırlar. Meteoroloqların xəbərdarlıqları əsasən planlı şəkildə müralicə almayan insanlara aid olur”.

xezerxeber.com

Ən sərfəli krediti almaq üçün müraciət et