Hansı peşə sahibləri ən yüksək maaş alır? | Banco.az

Hansı peşə sahibləri ən yüksək maaş alır?

İqtisadi fəal əhaliyə 15 yaşından əmək pensiyası yaşınadək və işləmək üçün əmək qabiliyyəti olanlar aiddir. İqtisadi fəal əhali məşğul və işsizlərin cəmini özündə əks etdirir. Ümumilikdə Azərbaycanda 5133.1 min nəfər iqtisadi fəal əhali var ki, onun 95%-i məşğul əhalidir. Qalan 5% işsizlərin yalnız 20 min nəfəri rəsmi işsizlik statusu almış şəxslərdir. İşləyən 4879.3 min nəfərin isə 76%- i özəl müəssisələrdə, 24%-i isə dövlət müəssisələrində çalışır.

2018-ci ildə əvvəlki ilə nəzərən ümumi iqtisadi fəal əhali 59.3 min nəfər artsa da, məşğulluq 57.2 min nəfər artmışdır. Göründüyü kimi iqtisadi fəal əhali və məşğulluq artsa da, eyni zamanda, işsizlərin sayı da artmışdır.

İşsizlərin artmasına baxmayaraq, məşğulluq idarələrində işsiz kimi qeydiyyatdan keçənlər 18 min nəfər azalıb. 2018-ci ildə rəsmi işsizlik statusu alanların 1117 nəfəri işsizlik müavinətləri alır. Bu isə 2017-ci ilə nisbətən 6 dəfə azalmışdır.

Dövlət müəssiələrində çalışanların sayında 2010-ci ildən etibarən artım olsa da, 2014-ci ildən azalmağa başlayıb.

İqtisadiyyatın sahələri üzrə baxdıqda isə ən çox işləyənlər kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla məşğul olur. Bu sahədə çalışanlar məşğul əhalinin 36%-ni təşkil edir. Məşğul əhalininin böyük hissəsi bu sahədə çalışsa da,  2018-ci il üçün bu sahə üzrə ortalama əmək haqqı 280.1 manat olub.

Həmçinin bax: Əhalimizin 8 aylıq qazancı açıqlandı

Azərbaycan üzrə həmin il orta əməkhaqqı 544 manat olmağına baxmayaraq, ən çox ortalama əmək haqqı mədənçıxarma sənayesində 2964 manat olub.

Təhsil və səhiyyə sahəsində çalışanların sayı birlikdə 570 min nəfər təşkil edib. Əmək ehtiyatlarına görə ən çox olan sahələr kənd təsərrüfatından sonra ticarət, nəqliyyat və emal sənayesidir. Ən az işçi olan sahə isə 27.4 min nəfərlə maliyyə və sığorta fəaliyyətidir. Məşğul əhalinin ən az hissəsi maliyyə və sığorta sahəsində işləsə də, burda orta əmək haqqı 1459 manatdır. Ən az orta əmək haqqı təhsil və səhiyyədə, uyğun olaraq 365 manat və 239 manatdır.

İqtisadiyyatın sahələri Orta əmək haqqı
2018 (manatla)
Mədənçıxarma sənayesi 2964.2 
Maliyyə və sığorta fəaliyyəti  1459.3 
Peşə, elmi və texniki fəaliyyət 1054.7 
İnformasiya və rabitə 881.3 
Nəqliyyat və anbar təsərrüfatı  806.9 
Tikinti  698.7 
Digər sahələrdə xidmətlərin göstərilməsi  631.8 
Dövlət idarəetməsi və müdafiə, sosial təminat 596.0 
Elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı 
583.3 
Emal sənayesi  554.1 
İnzibati və yardımçı xidmətlərin göstərilməsi  548.3 
İqtisadiyyat üzrə – cəmi 544.6 
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 541.7 
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar  422.5 
Ticarət, nəqliyyat vasitələrinin təmiri 390.3 
Təhsil  365.3 
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 304.6 
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət  296.0 
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 281.1 
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 239.4

 

Ən sərfəli kredit üçün müraciət et

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et