Hansı daha sərfəlidir: lizinq yoxsa kredit? | Banco.az

Hansı daha sərfəlidir: lizinq yoxsa kredit?

Kredit nədir?

Bank krediti - borcalanın kredit təşkilatı tərəfindən müəyyən məqsədlə maliyyələşdirilməsidir. Burada vəsaitlər borcalana müəyyən məqsədlə təqdim olunur. Əksər hallarda isə kredit vəsaitləri girov təminatı müqabilində verilir. Belə ki, hüquqi şəxslərə verilən kreditin məbləği kifayət qədər yüksək olur. Seçilmiş sxemdən asılı olaraq, sözügedən kredit bərabər zaman kəsiyində bərabər məbləğlərlə və ya ödəmə müddətinin sonunda vahid məbləğ şəklində yaxud müqavilədə müəyyən edilmiş zaman kəsiyi ərzində qeyri-bərabər məbləğlərlə ödənilə bilər.

Lizinq nədir?

Lizinq özündə bank krediti, icarə və investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksi və bir maliyyə xidmətidir.

Bəs onlardan hansı daha sərfəlidir?

Məlumdur ki, bu suala birmənalı şəkildə cavab vermək mümkün deyil. Bunun üçün bir sıra amillər nəzərə alınmalıdır: biznesin ölçüləri, şirkətin fəaliyyət spesifikası və ölkənin ümumi iqtisadi vəziyyəti. Lakin ekspertlər əksər hallarda lizinqə üstünlük verərək, onun kreditlə müqayisədə, daha ucuz olduğunu bildirirlər.

Ən sərfəli kredit üçün müraciət et

Lizinq müştərilər üçün əlçatandır - kredit təşkilatları ilə müqayisədə, lizinq şirkətləri tərəfindən müştərilərə nisbətən sadələşdirilmiş şərtlər təklif olunur. Əksər hallarda isə heç bir girov təqdim etmədən və sərt tələbləri yerinə yetirmədən, lizinq müqaviləsi imzalamaq mümkün olur.

Kredit müqaviləsindən fərqli olaraq, lizinq müqaviləsi daha uzun müddətə bağlanılır. Bundan əlavə, burada şirkətin biznes xüsusiyyətlərini, onun mövsümiliyini və digər amilləri nəzərə almaqla, istənilən ödəniş sxemi hazırlamaq mümkündür. Bütün bu göstəricilər lizinq ödənişlərinin həyata keçirilməsi proseslərini sadələşdirməyə xidmət edir.

Lizinq zamanı şirkət avadanlığın çatdırılması, obyektin sığortalanması üzrə əlavə xərclərə, eləcə də gömrük ödənişlərinə ehtiyac duymur. Bütün bu xərcləri lizinq verən şirkət öz üzərinə götürür.

Lizinqə üstünlük qazandıracaq daha bir iqtisadi əsas ondan ibarətdir ki, lizinq öhdəlikləri şirkətin maliyyə vəziyyətini xarakterizə edən göstəricilərə heç bir təsir göstərmir. Çünki onun balansında yalnızca cari ödəniş üzrə borc öhdəliyi formalaşır.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et