Facebookda 1000 nəfərə reklam göstərməyin qiyməti – 10 ölkə üzrə statistika | Banco.az

Facebookda 1000 nəfərə reklam göstərməyin qiyməti – 10 ölkə üzrə statistika

Facebook sosial şəbəkəsi 2016-cı ildə 27 milyard dollar gəlir əldə etdiyini açıqladı. Çünki bu platformada hər gün milyonlarla şirkət öz reklamlarını yerləşdirir. Reklam qiymətləri hər ölkədə, hətta hər şəhərdə müxtəlifdir. Bununla yanaşı, reklamların qiyməti günün saatına, ölkədə və ya dünyada baş verən hadisələrin trendə çıxması, gündəmə çevrilməsinə görə, ümumən tələb-təklifə görə tez-tez dəyişir. Ona görə də konkret hansısa ölkə, hansısa şəhər üçün Facebook reklam qiymətlərini müəyyən etmək çətindir. Məsələn, yazıda görəcəyiniz statistikada Azərbaycanda 1000 nəfərə reklam göstərməyin qiyməti $0.67 olaraq qeyd olunub. Halbuki, bir müddət öncə bu göstərici $0.45-dək enmişdi, həmçinin bəzi saatlarda $1.5 səviyyəsinə qədər də qalxır.

Facebook Reklam Panelinin təqdim etdiyi məlumatlardan istifadə etməklə müəyyən statistikalar hazırlamaq mümkündür.  Beləliklə də, biz günün konkret bir hissəsinə görə ölkələrin reklam qiymətlərini müəyyən edə bilirik. Aşağıdakı infoqrafikada siz 10 ölkənin reklam qiymətləri ilə tanış ola bilərsiniz.

Qeyd:  Nəzərə alın ki, bu, Facebook-un standart reklam qiyməti deyil (Facebook-da ümumiyyətlə, standart reklam qiyməti olmur, yalnız həmin andakı tələb-təklifə əsasən müəyyənləşir. Gördüyünüz statistika 18 fevral 2017-ci il, 12:00-a olan məlumatlara əsasən hazırlanıb).

Ən sərfəli kredit üçün müraciət et

Cədvəldən göründüyü kimi, Azərbaycanda 1000 nəfərə reklam göstərmək üçün qiymət $0.67-dir (Ölkəmizdə 1000 nəfərə reklam göstərmək üçün ortalama göstərici $1-dır. Lakin sizin paylaşdığınız məzmunun, əlavə etdiyiniz mətnin keyfiyyətindən, seçdiyiniz auditoriyadan asılı olaraq $1 ilə reklamınızı 10 min nəfərə də göstərə bilərsiniz).

Siyahıda reklam qiymətlərinin ən ucuz olduğu ölkə Hindistandır. Orada 1000 nəfərə reklam göstərmək üçün qiymət $0.27-dir. Türkiyə və Gürcüstanda göstəricilər eynidir ($0.40). Siyahıdakı ölkələr arasında ən baha reklam qiyməti ABŞ-dadır. Orada hər 1000 nəfərə reklam göstərmək üçün $5.88 xərcləmək lazmdır.

Müəllif : Orxan Rzayev 

Ən sərfəli krediti almaq üçün müraciət et