Ekspertlər hesab edir ki, lirənin ucuzlaşmasının siyasi və iqtisadi səbəbləri var | Banco.az

Ekspertlər hesab edir ki, lirənin ucuzlaşmasının siyasi və iqtisadi səbəbləri var

Qonşu ölkə Türkiyədə iqtisadi çətinlik davam etməkdədir. Bir müddətdir  Türkiyənin milli valyutası olan lirə dollar qarşısında sürətlə dəyər itirir. Türkiyə hökumətinin gördüyü tədbirlər nəticəsində bu enmələrin qarşısı bir qədər alındı. Hazırda 1 dollar 6,34 Türk lirəsidir. Amma proeseslərin necə dəyişəcəyi hələ də məlum deyil. Belə bir məqamda isə hər kəsi bir sual düşündürür. Görəsən baş verən proseslər manatın məzənnəsinə necə təsir edəcək?

Dövlət Neft Fondu lirə və rublun ucuzlaşması barədə açıqlama yayıb. Bu barədə Trend-ə ARDNF – dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən investisiya strategiyasının optimallaşdırılması, investisiya portfelinin diversifikasiyasının təmin edilməsi və uzunmüddətli gəlirliliyin yüksəldilməsi məqsədilə ARDNF – in investisiya portfelinin əsasını təşkil edən aparıcı iqtisadiyyatlara malik ölkələrin (ABŞ, Avrozona və Birləşmiş Krallıq) valyutaları ilə yanaşı, digər ölkələrin valyutalarında ifadə olunan aktivlərə sərmayə qoyuluşları da həyata keçirilir. Bu barədə Trend – ə ARDNF – dən məlumat verilib. Məlumata görə, bu istiqamətdə ARDNF – in investisiya portfelində Çin yuanı, Koreya vonu, Avstraliya dolları, Rusiya rublu və Türkiyə lirəsi daxil olmaqla digər valyutalar da yer alır.

ARDNF – in investisiya portfelində cari ilin ikinci rübünün sonuna təqribən 0,9% pay təşkil edən Türkiyə dövlət istiqrazları və təqribən 0,9% pay təşkil edən Rusiyadakı investisiyalar (VTB bankın səhmləri və Moskva şəhərində “Tverskaya 16” ünvanında yerləşən ofis-ticarət mərkəzi) cari bazar konyukturası nəzərə alınmaqla Fondun hazırkı investisiya strategiyası və müvafiq orta və uzunmüddətli real gəlirlilik gözləntiləri ilə uyğunluq təşkil edir.

Bununla yanaşı, ARDNF tərəfindən son zamanlar qeyd edilən ölkələrdə daha çox büruzə verən geosiyasi risklər də nəzərə alınmaqla bütün investisiya portfelinin cari vəziyyəti, bazar konyukturası və gözləntilər ciddi şəkildə təhlil olunur və zəruri olduqda çevik taktiki addımlarla investisiya portfelinə müvafiq dəyişikliklər edilir.

İqtisadçı – alim Vüqar Bayramov bildirdi ki, lirənin məzənnəsinin aşağı düşməsinin müxtəlif səbəbləri var: “Türkiyə ilə Avropa Birliyinə üzv olan bir sıra ölkələrin, o cümlədən Almaniya və Hollandiya ilə münasibətlərin korlanması fonunda lirəyə təzyiq var idi və bu  təzyiq Türkiyə ilə ABŞ arasında olan münasibətlərin gərginliyi fonunda daha da artdı. Lirənin məzənnəsinin aşağı düşməsi daha çox siyasi səbəblərlə bağlıdır. Çünki ABŞ Türkiyə hökumətinin iki üzvünə sanksiya tətbiq etdi. Sanksiyanın tətbiqi nəticəsində isə lirənin məzənnəsində kəskin azalmalar müşahidə edildi. ABŞ bu həftənin çərşənbə günü iki ölkə arasında problemə çevrilən keşişin azad edilməsi şərtinin qəbul edilməsi ilə bağlı vaxt müəyyən edib. Bu mənada həmin vaxtadək Türkiyə ABŞ-ın şərtini qəbul etməsə güman olunur ki, lirənin məzənnəsində ucuzlaşmalar davam edəcək. Belə olan təqdirdə isə artıq yeni sanksiyanın qəbul ediləcəyi riski daha yüksəlir. Bu amil özlüyündə Türkiyə iqtisadiyyatına və lirəyə olan təzyiqi daha da artıracaq”.

İqtisadçı qeyd etdi ki, lirənin məzənnəsinin aşağı düşməsinin iqtisadi səbəbləri də var: “Türkiyənin Avropa ilə münasibətlərinin gərginləşməsi böyük kapital axınına gətirib çıxardı. Bu isə xarici valyuta və eləcə də dollara olan tələbin ödənilməsində çətinlik yaratdı. Lirənin məzənnəsinə təsir göstərən mühüm faktorlardan biri də məhz budur. Hətta Türkiyə Mərkəzi Bankının müdaxiləsi belə lirənin məzənnəsinin qorunub saxlanılmasına imkan vermədi. Lirənin ucuzlaşması Türkiyənin səhmlərinə və birjalarına təsir göstərib. Belə ki, mövcud iqtisadi şəraitdə Türkiyə birjaları ən pis nəticə ilə qapanan iki ölkədən biri oldu və  Türkiyə birjaları ən çox dəyər itirən birja kimi xarakterizə olundu. Əgər ABŞ və Türkiyə arasında olan münasibətlər gərgin olaraq qalarsa, lirənin ucuzlaşması prosesi davam edəcək. İndiki halda siyasi münasibətlərin normallaşması Türkiyə üçün çox vacibdir. Çünki lirənin məzənnəsinin stabilləşməsi birmənalı şəkildə siyasi münasibətlərin yaxşılaşmasından keçir. Siyasi münasibətlər qaydasına düşdükdən sonra Türkiyə öz iqtisadiyyatının və milli valyutasının bərpa edilməsi istiqamətində addımlar ata bilər. Amma qeyd etdiyim kimi siyasi faktorlar Türk lirəsinə təzyiq etdiyi üçün bu faktorların aradan qaldırılması daha vacibdir”.

Ən sərfəli kredit üçün müraciət et

V.Bayramov bildirdi ki, lirənin ucuzlaşması öz növbəsində manata da psixoloji təsir göstərir: “Eyni zamanda rus rublunun məzənnəsində ucuzlaşmalar qeydə alınır. Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 2,6 milyard dollardan çoxdur. Bu da bizim ümumi xarici ticarət dövriyyəmizin təqribən 14 faizini təşkil edir. Türkiyə Azərbaycan üçün vacib olan ölkələrdən biridir. Bu kontekstdən yanaşdıqda lirənin məzənnəsi manata birmənalı təsir göstərir. Amma ümumilikdə  manatın məzənnəsini iki əsas faktor müəyyənləşdir. Bunlar neftin dünya bazarındakı qiyməti və xarici ticarət tərəfdaşlarımızın valyuta məzənnəsidir. Neftin dünya bazarında indiki qiyməti Mərkəzi Bank üçün məqbul hesab edilir. Amma xarici ticarət tərəfdaşlarımızın valyuta məzənnəsi Mərkəzi Bank üçün məqbul deyil. Son dövrlər milli valyutamıza tələbin artması müşahidə edilir. Amma məzənnənin necə dəyişəcəyi Mərkəzi Bankın birbaşa olaraq qəbul edəcəyi qərardan asılıdır”.

Maliyyə məsələləri üzrə ekspert Cəfər İbrahimli deyir ki, Türkiyədə konstitusiyaya edilən dəyişiklik və yeni sistemə keçidlə bağlı iqtisadiyyatda kövrəklik var idi: “Seçkilərdən dərhal sonra yeni qurulan hökumət iqtisadiyyatdakı neqativ halları  aradan qaldırmaq istəyirdi. Çünki Türkiyənin tədiyyə balansında bir neçə il olar ki, açıq var idi. Bölgədə baş verən proseslər və ABŞ-ın Türkiyəyə qarşı sanksiya söyləntiləri iqtisadiyyatdakı kövrəkliyi daha da artırdı. Nəticədə lirə sürətlə dəyər itirməyə başladı və ölkədəki digər maliyyə göstəricilərinin pozulmasına gətirib çıxardı. Hətta türk lirəsi 7 dollara qədər ucuzlaşdı. Dünəndən başlayaraq lirə yenidən dəyər qazanmağa başlayıb. Əslində 7 dollar maksimal hədd kimi qəbul edilə bilər. Aidiyyatı qurumların məsələ ilə bağlı müəyyən qərarlar qəbul etməsi ilə bazarda müəyyən toparlanma müşahidə edilməyə başlayıb”.

Ekspert bildirdi ki,  İstanbul Fond birjasında yenidən şirkətlərin səhmi 2, lirə isə 5 faizə dəyər qazanıb: “Cari həftənin başlaması ilə Maliyyə Bazarlarına nəzarət Palatası tərəfindən bankların svap əməliyyatlarına məhdudiyyət tətbiq etmək qərarı alındı. Eyni zamanda ölkənin MB tərəfindən Məcburi ehtiyat normalarının azaldılması, bankların MB – da saxladıqları təminatların diskount dərəcəsini azaldaraq təminat miqdarının artırılması və 90 günlük repo əməliyyatlarının açılması ilə bazara valyuta və TL ilə əlavə likvidliyin verilməsini təmin etdi. Bununla yanaşı hökumət tərəfindən ölkənin aparıcı iqtisadi birlikləri və bankçılıq sektorunun aparıcı rəhbərləri dollara qarşı başladılan təbliğat kampaniyasına cəmiyyətin bir hissənin qoşulması ilə TL – nin sürətli dəyər itkisinin önünə keçildi. Hətta dünən TL məzənnəsi 6.40 səviyyəsinə qədər endi. Bu dəyər qazanmanın altında yatan ən önəmli səbəblərdən biri, rahibin vəkili tərəfindən təkrar məhkəməyə müraciət edilməsi ilə bağlı xəbərlər və ABŞ və Türkiyə arasında razılaşma əldə edilməsi və rahibin buraxılacağı xəbərləri oldu. Diğər önəmli bir səbəb isə USD/TL məzənnəsinin investorlar tərəfindən gözlənən psixoloji səviyyə olaraq 7 – ə yüksəlməsi və bundan sonra mənfəət satışlarının başlamasının müşahidə olunması oldu. Bu gündən etibarən Türkiyə tərəfindən ABŞ – dan idxal olunan 1.8 milyon USD həcmində qida məhsullarına tətbiq olunan vergilərin 2 dəfə artırılması gərginliyin davam edəcəyini təsdiq etmiş oldu. Əgər Türkiyə ilə ABŞ arasında siyasi münasibətlər normallaşmasa, lirəyə olan  təzyiq davam edəcək”.

Şəbnəm Mehdizadə, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et