Ekspert uşaq pullarının verilməsindən danışıb | Banco.az

Ekspert uşaq pullarının verilməsindən danışıb

“Son zamanlar uşaq pullarının bərpa deilməsi məsələsi cəmiyyətdə ciddi müzakirə predmetinə çevrilib. Mətbuat səhifələrində, sosial şəbəkələrdə bu məsələ ilə bağlı çağrışlar səslənir. Bu məsələyə münasibət bildirənlər sırasında uşaq pullarının yalnız demoqrafik problemlərlə üzləşən ölkələrdə (məsələn Rusiya kimi ölkədə) verilməsinin məntiqə uyğunluğunu əsaslandırmağa çalışanlar da tapılır.”

Banco.az xəbər verir ki, bu sözləri sabiq maliyyə naziri, ekspert Fikrət Yusifov son günlər gündəmdə olan uşaq pullarının verilməsi məsələsi ilə bağlı bildirib. Ekspert mövcud prosedurun neft ölkələrində həyata keçirilməsi zamanı diqqət yetirilməli olan bəzi məqamlara toxunub.

“Azərbaycan bir neft ölkəsidir və bu səbəbdən də mən daha çox bu cür məntiqlə çıxış edənlərin diqqətinə neft ölkələrində neft gəlirləri hesabına vətəndaşlara hökumətlərin verdikləri sosial dəstəyin bəzi məqamlarını çatdırmaq istəyirəm. Barəsində danışacağımız neft ölkələrinin heç birində ölkədəki əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində addımlar atılarkən demoqrafik durum əsas faktor kimi çıxış etmir və bu heç kimin ağlına belə gəlmir. Sadəcə bu ölkələrin hökumətləri neft pullarının bir hissəsinin birbaşa vətəndaşlara çatdırılması yolu ilə onların sosial müdafiəsini gücləndirmək seçimi edirlər. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan uşaq üçün dövlət neft satışından 150 min dollar müavinət ayırır. Neft pulları hesabına Küveytdə yeni doğulan hər uşaq üçün bankda 3 min dollarlıq hesab açılır, mənzil tikintisi üçün 220 min dollara qədər faizsiz kredit verilir. Bundan başqa Küveyt hökuməti hər bir yeniyetmə üçün aylıq 170 dollar, evdar qadınlar üçn isə 300 dollar müavinət ödəyir. Bu ölkədə təhsil tamamilə pulsuzdur. Səudiyyə Ərəbistanında yeni doğulan hər uşağa dövlət neft pullarından 10 min dollar vəsait ödəyir, 80 min dollar əvəzzsiz vəsait isə mənzil almaq üçün ödənilir. Bu ölkədə ali məktəbi bitirən hər bir məzuna 13 min dollar vəsait ödənilir. Səudiyyə Ərəbistanında neft pulları hesabına tibb və təhsil tamamilə pulsuzdur. İqtisadi cəhətdən hərtərəfli inkişaf yolu keçmiş Norveçdə hər bir vətəndaşın hesabına neft pullarında 100 min dollar köçürülür. Yeni dünyaya göz açmış hər uşağın hesabına isə 3 min dollar ödənilir. Bu ölkədə əksər tibb ocaqları dövlətə məxsusdur, dövlət bələdiyyəəyə aid tibb ocaqlarına subsidiyalar verməklə əhaliyə yüksək tibbi xidmətin göstərilməsini təmin edir. Bu ölkədə təhsil pulsuzdur və Norveç bir oxuyana çəkilən xərcin səviyyəsinə görə dünyada ilk yeri tutur.”

Ən sərfəli kredit üçün müraciət et

Fikrət Yusifov sonda inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmağın faydalı olacağını da vurğulayıb.

“Düşünürəm ki, bu sadaladıqlarımız faktlar yetərlidir ki, uşaq pullarının verilməsini demoqrafik vəziyyətlə əlaqələndirmək istəyənlər nəticə çıxarsınlar. Postsovet məkanında yerləşən neft ölkələrində hələlik bu təcrübədən istifadə olunmur. Bu ölkələrdə və Azərbaycanda neft pullarının büdcəyə yönəldilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə vəsaitlərin büdcə xətti ilə xərclənməsinə üstünlük verilir. Əslində burada ərəb ölkələrinin və Norveç kimi inkişaf etmiş bir ölkənin təcrübəsindən yaralanmağı düşünmək heç də pis olmazdı.”

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç