Əhaliyə hər il 4-5 milyard manat haradan gəlir? - ARAŞDIRMA | Banco.az

Əhaliyə hər il 4-5 milyard manat haradan gəlir? - ARAŞDIRMA

Əhalinin nominal gəlirlərinin ümumi məbləği və dinamikası, real gəlirlərin səviyyəsi həmişə medianın, xüsusilə də təhlilçilərin diqqətində olan mövzulardır. Lakin ev təsərrüfatlarının gəlirlərinin necə və hansı mənbədən formalaşması demək olar ki, diqqətdən kənarda qalır. Xüsusilə də bu gəlirlərin formalaşmasında mühüm paya malik cari transfertərin mahiyyətinə, illər üzrə dinamikasına və ev təsərüfatlarının gəlirində xüsusi çəkisinə diqqət yetirmək ortaya maraqlı məqamları çıxarır.
 
Cari transfertlər nədir?    
 
Cari transfertlər milli hesablar sisteminin əsas anlayışlarından biridir. Cari transfertlər – iqtisadiyyatda institusional vahidlərin (dövlət orqanları, ev təsərrüfatları, korporativ vahidlər, qeyri-kommersiya təşkilatları) kapitalla bağlı olmayan əməliyyatlar çərçivəsində pul və natura formasında bir-birinə təqdim etdiyi pul vəsaitləri, əmtəə və xidmətlərdir. Milli hesablar sistemi ilə bağlı beynəlxalq metodologiyaya əsasən cari transfetrlərə aşağıdakılar daxildir:

  • sosial sığorta ödənişləri (pensiya, işsizlik, tibbi və s.);
  • gəlir vergiləri;
  • sığorta mükafatları və ödənişləri (həyat sığortası istisna olmaqla);
  • cari ehtiyacları qarşılamaq üçün beynəlxalq yardımlar;
  • miqrantların pul köçürmələri;
  • kapital xarakterli olmayan hədiyyələr, könüllü üzvlük haqları;
  • Alimentlər;
  • Peniya və cərimələr;
  • Qeyri-kommersiya təşkilatlarının təbii fəlakətlər zamanı yardımı;
  • Loteriya və həvəskar oyunlardan  uduşlar.

 
Cari transfertlər ev təsərüfatları arasında yoxsulluğun azaldılması üçün də əsas alətlərdən biridir. Məsələn, Şimali Avropa ölkələri dünyada əhaliyə ən yüksək məbləğdə cari transfertlər təqdim edən dövlətlər hesab edilir və bu transfertlər sayəsində yoxsulluğun səviyyəsini orta hesabla 2-2.5 dəfə azaltmaq mümkün olur.
Azərbaycanda durum necədir – cari transfertlər ev təsərrüfatlarının büdcəsində əhəmiyyətli paya malikdirmi?
 
Ev təsərrüfatlarının büdcəsi: cari transfertlərin illər üzrə dinamikası  
  
Ev təsərrüfatları bir tərəfdən özü iqtisadiyyatdakı başqa institusional vahidlərə, məsələn, dövlət orqanlarına,  sığorta şirkətlərinə, başqa aiələlərə cari transfertlər ödəyir və bu onların  xərclərində əks olunur. Başqa tərəfdən isə özü ən müxtəlif institusional vahidlərdən cari transfertlər qəbul edir bu isə ev təsərrüfatlarının gəlirlərlərində nəzərə alınır. Rəsmi statistikanın analizi bu məsələ ilə bağlı maraqlı tendensiyaları aşkar etməyə imkan verir.
 
 
 

 
Statistikadan göründüyü kimi 2005-2017-ci illərdə Azərbaycanda əhalinin nominal gəlirlərinin  ümumi məbləği artım 6.1 dəfə artdığı halda, cari transfertlər formasında ev təsərrfatlarına çatan vəsaitlərin həcmi cəmi 2.9 dəfə genişlənib. Əgər 2005-ci ildə əhalinin nominal gəlirləri təxminən 8.1 mlrd. manat, cari transfertlər formasında gəlirlər 1.7 mlrd. manat olmuşdusa, 2017-ci ildə həmin göstəricilər müvafiq olaraq 49.2 və 4.9 mlrd. manat təşkil edib. Eyni zamanda, həmin dövrdə cari transfertləri  əhalinin gəlirlərində xüsusi çəkisi 2 dəfədən çox azalaraq 20.7%-dən 10%-ə enmişdi.


 
 

Göründüyü kimi, Azərbaycanda cari transfertlərin əhalinin ümumi gəlirlərinə nisbəti istər MDB-nin keçid ölkələri, istərsə də Almaniyanın timsalında inkişaf etmiş ölkləri ilə müqayisədə 2.5 dəfə aşağıdır.

Bundan əlavə, aparılan analiz göstərir ki, Azərbaycanda ev təsərrüfatlarının aldığı cari transfertlərin təxminən 65%-i pensiya və müxtəlif sosial müavinət, təqaüdlərdir. Yuxarıda sadalanan çoxsaylı cari transfertlər formasında qazanclar bütün transfertlərin 35%-nə yaxınını təşkiş edir. Nəzərə alsaq ki, həmin 35%-in də əsas hissəsi xaricdən ailələrə göndərilən pul baratlarından ibarətdir, əlum olur ki, maliyyə sektorundan sığorta ödnişləri, mükafat və lotereya uduşları, xeyriyyəçkilik kimi vəsaitlərin cari transfertlərdə payı nəzərəalınmayacaq dərəcədə kiçikdir. Məsələn, Mərkəzi Bankın tədiyyə balansı statistikasına görə, ailələrə xaricdən göndərilən pul baratlarının həcmi  öz dövrünün valyuta məzənnəsi ilə 2005-ci ildə 480 mln. manat (540 mln. dollar ), 2017-ci ildə isə 1.7 mlrd. manat (1 mlrd. dollar) manat olub.
 
     


 
Təqdim olunan statistik məlumatda 2 məqamı diqqəti çəkir: 2005-ci ilə nisəbətən 2017-ci ildə xaricdən gələn pul baratlarının əhalinin ümumi gəlirlərində payı 6%-dən 3.5%-ə ensə də, cari transfertlərdə xüsusi çəkisi 28.7%-dən 34.2%-ə yüksəlmişdi. 

 
Ev təsərrüfatlarının aldığı və ödədiyi cari transfertlərin nisbəti
 
Yuxarıda da qeyd edildiyi kimi, cari transfertlər əhalinin gəlir mənbəyi olduğu kimi, həmçinin xərc istiqamətlərindən biridir. Məsələn, bir ailədə 4 nəfər çalşır və dövlətə gəlir vergisi, sosial sığorta ödəyir, amma başqa ailədə 2 nəfər yalnız cari transfertlə (pensiya, sosial müavinət) yaşayır. Bu nümunədə cari transfert birinci ailə üçün xərc, ikinci ailə üçün isə gəlirdir.



Rəsmi məlumatlardan görünür ki, 2005-ci ildə ev təsərrüfatları aldıqları cari transfertlərin 58.2%-ni elə əhalinin özünün cari transfert formasında ödəmələri hesabına maliyyələşdirilirdi. Bu fakt ilk növbədə onu göstərir ki, 10-12 il əvvəl xüsusilə icmal büdəcəyə gəlir vergisi və sosial sığorta formasında əhalinin ödənişləri sosial transfertlər formasında büdcədən aldıqlarına nisbətən daha olub. Son 12 ildə əmək haqqı gəlirlərinin büdcədən ödənən sosial transfertlərə nisbətən daha sürətli artımı nəticəsində bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Artıq 2017-ci ildə əhalinin aldığı cari transfertlərin 84.2%-i elə ev təsərrüfatlarının tərəfindən ödənilən cari transfertlər hesabına təmin edilib.  
 


Statistikanın rəqəmlərindən göründüyü kimi, 2005-2017-ci illərdə əhali tərəfindən müxtəlif institusional vahidlərə ödənilən cari transfertlərin məbləği 4 dəfəyə yaxın artıb və əhalinin ümumi xərclərinə nisbəti isə 15%-dən 9.3%-ə enib.
 
Bir vacib məqama da diqqət yetirməkdə fayda var: Azərbaycanda ev təsərrüfatının ümumi gəlirlərində cari transfertlərin xüsusilə də inkişaf etmiş ölkələrlə müqayisədə kifayət qədər aşağı olmasının bir sıra mühüm səbəbləri var. Bunlara işsizlik sığortasının sosial müdafiə sistemində son dərəcə kiçik paya malik olması, tibbi sığorta sisteminin fəaliyyətsizliyi, könüllü və icbari sığorta ödənişlərinin ÜDM-ə nisbətinin əhəmiyyətli dərəcədə geri qalması, xeyriyyəçilik potensialının zəif olması, icmal büdcənin sosial müdafiə xərclərinin büdcədə payının inkişaf etmiş ölkələrə nisbətən 2.5-3 dəfə aşağı olması və s. kimi amillər daxildir. 
 
FED.az 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et